Ukrayna portalı: Ermənistan beynəlxalq konvensiyaları pozaraq Azərbaycan ərazilərini minalayır

post-img

Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozaraq Azərbaycan ərazilərini minalayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın obozrevatel.com saytında dərc olunan məqalədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov yazıb.

Məqalədə qeyd olunub ki, minalardan istifadənin qarşısının alınması istiqamətində beynəlxalq səylərə baxmayaraq, dünyanın 70 ölkəsində, o cümlədən Azərbaycan və Ukraynada bir çox ərazilər minalanıb.

Vurğulanıb ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətini davam etdirir, nəinki qoşunlarını Azərbaycan ərazisindən tam çıxarmayıb, hətta təxribat törətməkdə davam edir. Azərbaycan ərazisində aşkar edilmiş külli miqdarda mina bu təxribatçı fəaliyyətə əyani sübutdur.

2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 288 azərbaycanlı mina partlayışlarının qurbanı olub, onlardan 50-si həyatını itirib. Ermənistanın mina terrorunun son qurbanları martın 16-da həlak olan iki dinc azərbaycanlıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Siyasət