Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı qlobal gücə çevrilib

post-img

Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatıdır. Azərbaycanın bu quruma qoşulma səbəblərindən biri də təşkilata üzv ölkələrin sayının çoxluğundan və təsirindən istifadə edərək ermənipərəst dövlətlərin beynəlxalq təşkilatlarda ölkəmizə qarşı çıxara biləcək haqsız qərarlarının qarşısını almaq, həmçinin qlobal məsələlərin müzakirəsi üçün geniş bir platformadan uğurla istifadə etmək idi.

Azərbaycan 2011-ci ildən təşkilata üzv olsa da, qısa müddətdən sonra sədrlik etməyə başladı. Həmin dövrdən sonra təşkilatın yekun sənədlərində Ermənistanın işğalçılıq siyasəti pislənildi, münaqişənin məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həll edilməsinin vacibliyi qeyd edildi.

Ölkəmiz 2019-cu ildən Hərəkata rəhbərlik edir və təşkilat Azərbaycanın rəhbərliyi ilə yarandığı tarixdən ən məhsuldar dövrünü yaşayır. Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının yayılmasına və onunla mübarizəyə təsadüf etsə də, bu müddətdə irəli sürdüyü təşəbbüslər yekdilliklə dəstəkləndi və beynəlxalq əməkdaşlıq imkanları yaratdı. COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması, 2020-ci il mayın 4-də sammit səviyyəli görüşün keçirilməsi, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi, BMT-nin İnsan Hüquqları Şurasında, Baş Assambleyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addımlar təşkilatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib.

Bu fikirləri Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə AZƏRTAC-a açıqlamasında söyləyib.

O qeyd edib ki, rəhbərliyi müddətində Azərbaycan Hərəkatın təsisatlanması istiqamətində də mühüm addımlar atıb. Təşkilatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz dövlətimizin başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci il oktyabrın 4-5-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin, 2021-ci il noyabrın 28-də isə Parlament Şəbəkəsinin əsası qoyulub: “Azərbaycan rəhbərliyi müddətində 2021-ci ilin oktyabrın 11-12-də Serbiyanın Belqrad şəhərində Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri, Bakı şəhərində “QH-nin təkamülündə Afrika irsi” mövzusunda konfrans, eyni zamanda, qurumun tarixində ilk dəfə üzv ölkələrin gənclərinin iştirakı ilə Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimləri təşkil edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə təşkilata daxil olan ölkələrin onlarla gəncinə hər il Azərbaycanda təqaüdlə təhsil almaq imkanları da yaradılıb.

Bütün bunlar Azərbaycanın liderlik qabiliyyətinin, təşkilat daxilində inteqrasiyanın, əməkdaşlığın inkişafında, dünyada qlobal problemlərin həllində oynadığı rolun göstəricidir. Elə buna görə də Hərəkata rəhbərliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, üzv ölkələrin qərarı ilə Azərbaycanın sədrliyi 2023-cü ilin sonuna qədər artırılmışdı”.

Politoloq bildirib ki, Hərəkatın 2021-ci ildə Serbiyanın Belqrad şəhərində keçirilən 60-cı ildönümündə Prezident İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə təşkilat ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Elə ona görə də martın 2-də ölkəmizdə QH-nin sammit səviyyəli görüşü baş tutdu. Bu görüşün Bakıda keçirilməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Sammitdə Prezident İlham Əliyev konseptual xarakterli çıxış edərək həm Hərəkatın gələcək siyasi xəttini müəyyən etdi, həm də yeni dünya düzəni, dünyanın müasir təhlükəsizlik arxitekturası barədə fikirlərini səsləndirdi. Eyni zamanda, təşkilatın sədri Prezident İlham Əliyev özünü dünyaya demokratiyanın, insan hüquqlarının qoruyucusu kimi göstərməyə çalışan Fransanın müstəmləkə siyasətini davam etdirməsini pisləyərək, onu qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

“Yeni dünya düzəninin tələblərinə cavab verməyən, yaradılma məqsədi dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi olan BMT-nin tənqid edilməsi, haqsızlığa və ayrı-seçkiliyə məruz qalan onlarla dövlətin, milyardlarla insanın haqq səsi idi. Artıq heç kimə sirr deyil ki, dünyadakı münaqişələrin arxasında BMT Təhlükəsizlik Şurasına daxil olan bəzi ölkələr dayanır. Həmin ölkələr bu gün bir-biri ilə müharibə vəziyyətindədirlər. Yəni, bu qurum dünyada sülhə qarant yox, təhlükədir. Ona görə BMT dünyada sülhün təmin edilməsi sahəsində öz legitimliyini itirib. BMT-nin bir çox strukturu, əsasən də Təhlükəsizlik Şurasının tərkibi dəyişməli, çoxüzlü siyasətdən əl çəkilməli, dünyada və regionunda sülhün təmin olunmasında aktiv iştirakçı olan Türkiyə kimi ölkələr, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar həmin qurumlarda təmsil olunmalıdırlar. Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı qlobal gücə çevrilərək, dünyada sülhə, insan hüquqlarının inkişafına, ədalətin bərqərar olunmasına böyük töhfələr verərək, təşkilatın gələcək inkişafının da təməlini qoymuş olur”, - deyə Y.Hacızadə vurğulayıb.

Siyasət