Şavkat Mirziyoyev: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb

post-img

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev xüsusi qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmrəylik və sıx birlik daha da möhkəmlənib. Təşkilatın tarixində ilk dəfə onun parlament və gənclər şəbəkələri yaradılıb. Bütün bu nailiyyətlər mənim hörmətli həmkarım İlham Heydər oğlunun böyük səyləri və təşəbbüsləri, üzv dövlətlərin maraqları naminə onun praktiki fəaliyyəti sayəsində mümkün olub.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu fikirləri Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammitində söyləyib.

Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentinin ölkə regionlarının bərpasına yönəlmiş effektiv səylərinə də diqqəti cəlb edərək vurğulayıb ki, burada tarixi ədalət, sosial-iqtisadi infrastruktur bərpa olunub, yeni obyektlər ucaldılıb, əhali üçün əlverişli şərait formalaşıb.

Ş.Mirziyoyev bir sıra təşəbbüslər irəli sürüb, o cümlədən 2030-cu ilə qədər olan dövrdə Senday çərçivə proqramının əsas hədəflərinə nail olmaq üzrə Qlobal Platforma bazasında fəaliyyətin daha da gücləndirilməsini, həmçinin Qoşulmama Hərəkatının monitorinq və elmi tədqiqatlar üzrə xüsusi şəbəkə yaradılmasını da təklif edib. Bu qurum Özbəkistanda yerləşə bilər və Qoşulmama Hərəkatının sammitləri ərəfəsində orada Təşkilatın iqtisadi forumlarını keçirmək olar.

Özbəkistan Prezidenti BMT-də islahatlar məsələsinə toxunaraq deyib ki, Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvlərinin daimi yeri olmalıdır.

Siyasət