Ekspert: Azərbaycanla Özbəkistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir

post-img

Azərbaycanla Özbəkistan arasında iqtisadi ticarət əlaqələri mövcuddur. Ölkəmiz həmçinin Özbəkistan ilə bir sıra beynəlxalq təşkilatlarda və beynəlxalq siyasətdə əməkdaşlıq edir. Son dövrlər ticarət dövriyyəsində də artım qeydə alınıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

Onun sözlərinə görə, ötən il ölkələrimiz arasında təxminən 135 milyon dollarlıq ticarət dövriyyəsi olub: “Qeyri-neft ixracının təxminən 1,5 faizi Özbəkistana yönəlib, idxalımızın isə 0,9 faizi Özbəkistandan olub. Həmçinin yükdaşımalarda da artım qeydə alınıb. Əlaqələrin potensialı böyük olsa da, bu əlaqələrin genişlənməsi üçün çoxlu rezervlər var. Qeyd olunan rəqəmlər onu göstərir ki, ticari-iqtisadi əlaqələrimizin potensialından tam istifadə edilməyib. Bununla bağlı mütəmadi görüşlər olur, müzakirələr edilir və istiqamətlər müəyyənləşdirilir”.

Ekspert bildirib ki, burada iki istiqamət var. Birincisi, korporasiya əlaqələri ön plana çıxır, buna Özbəkistanla Azərbaycanın birgə müəssisələrinin yaradılması aiddir. Burada müxtəlif istiqamətlər var. Hacıqabulda avtomobilqayırma sahəsinə Özbəkistanla Azərbaycanın birgə fəaliyyəti ilə investisiya qoyulub. Həmçinin sənaye kooperasiyası, kənd təsərrüfatı, şəhərsalma, ipəkçilik, parçaçılıq və daha bir çox sahədə əməkdaşlıq mövcuddur. Qeyri-neft sektorunda müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün ölkə rəhbərləri ötən il investisiya fondunun yaradılması haqqında da qərar qəbul edib. Bu fond birgə layihələrin maliyyələşdirilməsində yaxından iştirak edəcək. Digər əsas istiqamət isə hər iki ölkənin mühüm rol oynadığı Orta Dəhlizdir. Daşımaların daha rahat, əlverişli və sürətli şəkildə çatdırılması üçün hər iki ölkə əməkdaşlıq edir.

“Azərbaycan və Özbəkistanın mədəni və beynəlxalq siyasətdə, Türk Dövlətləri Təşkilatında, iqtisadi əməkdaşlıq təşkilatında və digər təşkilatlarda əlaqələri və birgə əməkdaşlıqları mövcuddur. Həmçinin ölkələrimiz bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir”,- deyə Xalid Kərimli vurğulayıb.

İqtisadiyyat