Münxendə verilən “siyasi diplomatiya” dərsi

post-img

Azərbaycan Prezidenti cənab İlham ƏIiyev Münxen Təhlükəsizlik Konfrasında dünyaya, o cümlədən, Ermənistana əsl siyasi diplomatiya dərsi verdi. Dövlətimizin başçısının konfrans çərçivəsində keçirilmiş panel iclasdakı çıxışı, ayrı-ayrı suallara cavabları, habelə, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin iştirakı ilə düzənlənmiş görüşünə dair açıqlaması ölkəmizin Qarabağ münaqişəsi müstəvisindəki ədalətli mövqeyinin həm təbliği, həm də prinsipiallığın və qətiyyətin təntənəsi kimi yadda qaldı.


Əvvəlcə, ümumi şəkildə onu bildirək ki, cənab İlham Əliyev beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma kompleks yanaşmasının vacibliyini vurğuladı, mövcud istiqamətdə hər hansı spekulyasiyalara meydan verilməyəcəyinin anonsunu dilə gətirdi, ikili standartların yolverilməzliyini əsaslandırdı. Dövlət başçımız habelə, Ermənistanın sülh gündəliyinə və normallaşma prosesinə münasibətindəki qeyri-məqbul yanaşmaları sadaladı, bu qeyri-məqbulluğa  qarşı beynəlxalq ictimai rəyin müqavimət göstərməsinə çağırış etdi, beynəlxalq hüquq prinsiplərinin bölgədəki münaqişəli duruma tətbiqində hər hansı kənar elementlərin əsas olaraq irəli sürülməsinin keçərsizliyini, həmin elementlərin uğur qazanmayacağını diqqətə çatdırdı. O, həmçinin Cənubi Qafqazdakı problemli vəziyyətin nizama salınmasına yönələn səylərin hansısa lokal maraq və mənafelərə qurban verilməyəcəyini bəyan etdi. Bütün bunların Ermənistana xəbərdarlıq mahiyyətinə kökləndiyi aşkardır. Bu, onu da göstərir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair müzakirələr İrəvan üçün şansdır. Durumu düzgün qiymətləndirmək, düz yola gəlmək şansı. 
Konkretliyə gəlincə, Prezidentin diqqət yetirdiyi ilk məqam Ukrayna münaqişəsinin ölkəmizə təsiri idi. Azərbaycan lideri Rusiya–Ukrayna müharibəsinin dünyada yaratdığı yeni geosiyasi vəziyyətə diqqət yönəltdi, bununla bağlı ölkəmizin üzləşdiyi məsələləri, riskləri, üstünlükləri, faydaları və zərərləri açıqladı. 

Ən əsası isə dövlətimizin başçısı müharibə reallığına, onun acı nəticələrinə, insanlıq üçün qorxunc motivinə diqqət çəkərək, 44 günlük müharibənin üzərinə gəldi: “Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz, təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Mənim cavabım belədir”.
Azərbaycan Prezidenti böyük ustalıqla ölkəmizin və Ermənistanın müharibə reallıqlarına yanaşmada ortaq mövqe ortaya qoymasının zəruriliyini vurğulayır, toqquşmalara və ədavətə qarşı sülh alternativini önə çəkir. Dövlətimizin başçısının sülh təklifi kimi səslənmiş bu fikri, həmçinin xoş niyyətin ifadəsi, dünyanın diqqət mərkəzində olduğu Cənubi Qafqazı müharibədən qorumaq çağırışıdır. 
Əslində, regionu yeni müharibədən qorumaq çağırışı prinsipial əhəmiyyət daşımaqdadır. Qırx dörd günlük müharibədən sonrakı durum bu barədə düşünməyə əsas verir. Cənab İlham Əliyev çıxışında məsələyə toxunur və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla yanaşı, normallaşmanın Avropa İttifaqı seqmentinə diqqət yönəldir. Əslində, cənab İlham Əliyev Avropanın, ümumilikdə, Qərbin prosesə töhfəsini yüksək qiymətləndirdiyini vurğulayır. Gəlin, bu vurğulanmanın xarakterik cəhətinə də diqqət yetirək. 
Məlumdur ki, Qarabağdakı separatçı rejimin bir qanadını Ruben Vardanyan adlı şəxsin davranışları təşkil edir. O şəxsin ki, fəaliyyətinin Rusiya tərəfindən idarə olunduğu birmənalıdır. Azərbaycan Prezidenti nə onun, nə də digərinin Azərbaycan üçün məqbulluğunu bildirir, bölgədən doğulub, yaşamış birinin texniki əhəmiyyət daşıyan danışıqlar aparan qismində qəbul ediləcəyini önə çəkir. Bu, o deməkdir ki, Vardanyan, Arutyunyan, yaxud qeyrisi Qarabağ ermənilərinin təmsilçisi rolunda çıxış edə bilməz. 
Üstəlik, nəzərə alaq ki, heç bir etnik icmanın Azərbaycan dövləti ilə apardığı danışıqların separatçılığa əsaslanması mümkün deyil. Prezident
mövqeyində konkretdir: “Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir”. 
Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxsin – Vardanyanın Azərbaycan ərazilərini tamamilə tərk etməsinin vacibliyindən söz açan cənab İlham Əliyev, həmçinin bildirir: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”. 
Deməli, Azərbaycan Prezidentinin
söylədikləri həm də Aİ-nin, ümumi- likdə, Qərbin yalnız separatçılıqdan uzaq davranışı ilə Azərbaycan–Ermənistan normallaşmasına yanaş-
masının Bakı tərəfindən məqbul-
luğunun təsdiqlənməsidir. Yəni, Qərb dünyası prosesə töhfə vermək istəyirsə, məhz, mövcud xüsusu nəzərə almalıdır. 
Töhfədən söz düşmüşkən, Qərb Aİ Şurasının rəhbəri Şarl Mişelin şəxsində bunu həyata keçirməyə cəhd göstərdi. Ancaq sonra baş verənlər Şarl Mişelin missiyasının sıradan çıxdığını göstərdi. Aİ Fransanın ermənipərəst mövqetinin təsirinə uğradı və yekunda normallaşmadakı müsbət nəticələr, bir növ, iflas oldu. Bununla belə dövlətimizin başçısı vurğulayır: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik”. 
Sadiqlik isə prinsipiallıqdır, ardıcıllıqdır və qətiyyətdir. Azərbaycan Prezidenti xarakterinə xas bu keyfiyyətləri əməli iş platformasına gətirərək, ölkəsinin Ermənistan ilə sülh danışıqları prizmasından iki məqama diqqət çəkir. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. İkinci məqam barədə söz açdıq. 
Birinci ilə bağlı Qərbin, ümumilikdə, dünyanın qəbul etməli olduğu vacib amplituda diqqətdən yayınmır. Bu isə əraziləri beynəlxalq miqyasda tanınmış Azərbaycanın konstitusiyon quruluşuna hörmətdir. Bu hörmət Azərbaycan–Ermənistan normallaşmasında keçmişin “Dağlıq Qarabağ” ritorikasını heçə endirmək anlamına söykənir. Yəni, dünya erməni təbliğat maşınının, eləcə də keçmiş SSRİ-nin siyasi qavramındakı stereotiplərdən uzaq dayanmağa əsaslanır. Başqa sözlə desək, dünya ədalətli yanaşma istəyirsə, mütləq qaydada Azərbaycan qanunlarını nəzərə alaraq davranmalıdır. Dövlətimizin başçısı heç də əbəs yerə bildirmir ki, yuxarıda göstərilən iki seqment Bakı–İrəvan danışıqlarını Qarabağdakı ermənilər ilə əlaqələr kimi daxili məsələdən ayırır.
Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri onu göstərir ki, ölkəmiz Ermənistan ilə normallaşma prosesindəki, Qarabağ məsələsindəki mövqeyində ardıcıldır və bu mövqe heç bir siyasi spekulyasiyalar üçün meydan tanımır. Ona görə ki, ölkəmiz 30 ilə yaxın müddətdə sülh axtarışları üçün cəhdlər göstərib, 44 günlük müharibədə özünün haqlı mövqeyinin qorunması, torpaqlarının azadlığa qovuşması naminə şəhidlər verib. Bütün bunlardan sonra heç bir qüvvənin Bakıdan Ermənistan üçün nə isə tələb etmək haqqı yoxdur. İrəvan isə şansını onsuz da itirmiş durumdadır. Onun qarşısında olan yegənə yol Azərbaycan ilə razılaşmaqdır.  
Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Ermənistanın dövlət siyasətinin bütün təbliğat istiqamətlərinə qarşı cəbhə açdı. Bu, həm də psixoloji məqamdır. Dünya isə ümumən, ermənipərəstlik mərəzindən daşınmaq fikrində deyil. Haqqında söz açdığımız panel iclasda Ermənistanın Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara köməyinin xüsusi vurğulanması, mövcud aspektdə İrəvanın müsbət imicinin formalaşdırılması cəhdi də bundan xəbər verir. 
Əlbəttə, zəlzələ hər bir ölkədə baş verə bilər. Məsələ təbii fəlakətin doğurduğu acı durumu siyasətə gətirməkdir. Görünür, Ermənistanın buna yönələn cəhdi dünya birliyi tərəfindən İrəvanı müdafiə, ona müsbət imic formalaşdırmaq arqumenti kimi dövriyyəyə buraxılmaqdadır. Panel iclasın gedişindən məlum oldu ki, bu arqument Laçın–Xankəndi yolundakı vəziyyətin Ermənistan tərəfindən irəli sürülmüş humanitar fəlakət durumuna interpretasiya etmək naminə imiş. Təbii ki, Azərbaycan Prezidenti belə təqdimatlara reaksiyasız qala bilməzdi. 
Dövlətimizin başçısının əks-arqumenti kifayət qədər sərrastdır. Yəni, əgər Qarabağda humanitar fəlakət varsa, o zaman, cənab İlham
Əliyevin sözləri ilə desək, necə olur ki, indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan, demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. 

 

Ə.CAHANGİROĞLU,
 “Xalq qəzeti”

 



Siyasət