“Təbriz buna inanmaz! İnansa, Təbriz deyil!”

post-img

İranın Azərbaycana qarşı təxribatları davam edir. İrticaçı molla rejimi bu dəfə Cənubi Azərbaycan amilindən istifadə etməyə girişib. Amma onun bu cəhdi özünün mahiyyəti kimi saxta alınıb.  Məsələ burasındadır ki, bir qrup şəxs Təbrizdə Azərbaycan əleyhinə aksiya keçirib. Onlar ölkəmizə qarşı şüarlar səsləndiriblər. Həmin aksiyada “Xalq qəzeti” də əllərdə olub və nəşrin anti-İran təbliğatının dayandırılmasını tələb edən çağırışlar dilə gətirilib.

Əlbəttə, bizə qəzetimizin Təbrizdə oxunması barədə məlumatlar daxil olur. Onu da bilirik ki, nəşrimiz bu qədim Azərbaycan yurdunda populyarlığa malikdir. Çünki yalnız fars molla rejiminin ifşası deyil, ümumən, Cənubi Azərbaycan türklərinin mədəni həyatı, məişəti, elmi, İrandakı mövqeyi ilə bağlı materiallarımız oradakı sadiq oxucularımızın – soydaşlarımızın böyük marağına səbəb olur. Necə də marağında olmasın, axı mollalar türk dilini yasaqlayırlar, imkan vermirlər ki, insanlar özlərinin adət-ənənələrini, tarixlərini bilsinlər, soyköklərinə bələdçilik etsinlər. “Xalq qəzeti” başda olmaqla, ümumən, Azərbaycan mediası isə mövcud istiqamətdə durmadan təbliğat aparır və bundan belə də aparacaq.

Nəzərə alaq ki, bu təbliğat, eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cənublu soydaşlarımızın hüquqlarının qorunmasına dair fikirlərindən nəşət alır, qidalanır. Məlum olduğu kimi, cənab İlham Əliyev İrandakı soydaşlarımızın ana dili müstəvisindəki hüquqlarının pozulduğunu bildirib. Bəli, millətə təcavüz onun dilinə təcavüzdən başlayır. İranın irticaçı molla rejimi də məhz bunu gerçəkləşdirməkdədir. Azərbaycan dövləti isə buna seyrçi qala bilməz. 

Əlqərəz, rejimin haqqında söz açdığımız Təbriz aksiyasının başlaması ilə bitməsi bir olub. Niyə? Ona görə ki, mollaların aksiyaya yığdıqları, təqribən, 300-dək şəxs, əsasən də hicablı qadınlar olub. Axı, səhər yuxudan oyanandan sonra, günün günorta çağı Təbrizdə Azərbaycan əleyhinə aksiya nədi, kiçik bir toplantı keçirmək, qətiyyən mümkün deyil. Soydaşlarımızın belə bir anti-Azərbaycan niyyətinin gerçəkləşməsinə maneçilik törədəcəyi aşkardır. Ona görə də aksiya səhər tezdən gerçəkləşdirilib. Məqsəd bu olub ki, əhali yuxudan ayılıb işinə-gücünə getmək üçün küçələrə çıxanadək, tələm-tələsik şəkil çəkdirilsin, çəkiliş aparılsın. Elə çəkilişlər ki, orada aksiya böyük izdiham olaraq göstərilsin. 

Ancaq qeyd etdiyimiz kimi, iştirakçıların vaxtında toplaşmaması, səhər havanın işıqlanması anı ilə insanların küçəyə çıxdığı zaman arasındakı məsafənin azlığı aksiyanın davamlılığını pozub. Təbriz əhalisi küçəyə çıxar-çıxmaz aksiyaçılar da qaçıb aradan çıxıblar. Bir sözlə, qorxublar. Nəinki qorxublar, lap belə üyüdüblər.

Əldə etdiyimiz məlumatlara görə, aksiya Təbrizin ictimai rəyində böyük etiraz doğurub. Bu, müəyyən mənada, yatmış vulkanın ayılması eekti verir. Yəni, əslində, molla rejiminin əleyhinə işləyir. İnsanlar belə bir saxtakarlıqdan hiddətlənirlər. 

Onu da vurğulayaq ki, aylardan bəridir, İranda dinc əhalinin hökumət əleyhinə etiraz nümayişləri keçirilir. Rejim bu tədbirlərə münasibətdə olduqca sərt və qəddar davranır. Axı, insanların küçəyə çıxıb nə isə səsləndirməsi rejimin mahiyyətinə tam kənar haldır. Axı, insan amilindən qorxur. Belə olan halda kim inana bilər ki, İranda, özü də Təbrizdə Azərbaycan dövlətinə münasibətdə hədyan fikirlər səsləndirənlər küçəyə öz təşəbbüsləri ilə çıxıblar. Bunu edəcək hansısa səmimi qruplaşmanın mövcudluğu mümkün deyil. Özbaşına da kimlərinsə küçəyə çıxması mümkünsüzdür. Deməli, aksiya rejim tərəfindən tam şəkildə planlaşdırılıb.

Aksiyanın planlaşdırılmış mahiyyətini təsdiqləyən daha bir cəhət isə budur ki, İranın fars molla rejimi hökumət əleyhinə davamlı siyasi nümayiş ovqatının mövcudluğundan xəbərdardır. Buna görə, hətta, nəzəri baxımdan kimlərsə Azərbaycan dövlətinə etiraz fonunda hansısa fikirlər səsləndirmək istəsələr belə, bu təşəbbüsün sonradan yönünü dəyişməsi riski də var. Yəni, bu baxımdan da mollalar “kontrol”suz davranmaya bilməzdilər. Ancaq dediyimiz kimi, İran hakimiyyətinin Azərbaycana qarşı bütün demarşları nəticəsiz qaldığı kimi, bu saxta aksiya niyyəti də iflasa uğrayıb. Obrazlı desək, havanın tam açılması, Günəşin doğması ilə saxtakarlıq niyyətinin üzərinə də işıq saçılıb. Bəli, gün gələcək o Günəş bətnində daşıdığı Cənubi Azərbaycan işığını doğacaq. O gün isə uzaqda deyil. Bu yerdə “inşallah” deyib sözümüzə Xalq şairimiz Sabir Rüstəmxanlının məşhur “İnansa, Təbriz deyil” şeirindən bir neçə misra ilə yekun vuraq:

Din adına irtica! Bu ki yalan söz deyil,
Təbriz buna inanmaz! İnansa, Təbriz deyil!
Bu yurd Türkün torpağı! İzləri itmir hələ
Əkdiyin şər toxumu göyərib bitmir hələ
Fikrin Sasanilikdən bəriyə ötmür hələ -
Anlamırsan millətlər önündə kəniz deyil!
Təbriz sana inanmaz, inansa, Təbriz deyil!

AMİN

Siyasət