Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və istifadəsinin genişləndirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuş vəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33.449.000,0 (otuz üç milyon dörd yüz qırx doqquz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2025-ci il

Sərəncamlar