COP29 sessiyası çərçivəsində keçirilən Azərbaycan və Gürcüstanın səhiyyə nazirlərinin görüşündə nazir Teymur Musayev hər iki ölkənin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanların mövcud olduğunu bildirib.
29-cu iqlim konfransında müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayan T.Musayev səhiyyənin iqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rolunu diqqətə çatdıraraq ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze isə dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. M.Sarcveladze COP29-un yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq, iqlim konfransı gündəliyinin formalaşmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.
Görüşdə Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq qeyd olunub və səhiyyə sahəsində ixtisaslı kadrların hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Z.BAYRAM
XQ