Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 140-dan 165-ə qədər artırılıb. Bu barədə Agentliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var.
Həmin tibb müəssisələrinin 79 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 21%-i isə regionların payına düşür.
Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlara müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 71 min 476 tibbi xidmət göstərilib (1 043 xidmətdən uşaqlar, 70 min 433 xidmətdən böyüklər yararlanıb). Bu xidmətlər əsasən invaziv radioloji, ürək-damar, oftalmoloji, otorinolarinqoloji (LOR), neyrocərrahi ixtisasları əhatə edib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3 min 315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.
Tibbi xidmətlər gözləmə müddəti ərzində həyata keçirilir. İxtisaslı ambulator xidmət və instrumental diaqnostik müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gün, planlı stasionar tibbi yardım üçün 20 gündən gec olmayaraq göstərilir.
Vətəndaş göndəriş vərəqəsi olmadan müqaviləli tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (https://its.gov.az/page) yerləşdirilib. Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.