Ürək yaman bəladır, daim qayğı və diqqət sevir

post-img

Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə “Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirildi. “Heydər Əliyev ili” çərçivəsində keçirilən mərasimdə Azərbaycan və Türkiyənin tanınmış elm xadimləri, Milli Məclisin deputatları, Tibb Universitetinin və digər səhiyyə müəssisələrinin nümayəndələri və ETKİ-nin “könüllüləri” iştirak edirdilər.

Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

ETKİ-nin direktoru Gülnaz Dadaşova çıxışında Ulu öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini vurğuladı və ölkə səhiyyəsində Heydər Əliyevin təşəbbüsü ilə görülən mühüm işlərdən danışdı. Direktor konqresin ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirdi. Qeyd etdi ki, tibb müəssisələrində icbari tibbi sığorta tətbiq edildikdən sonra invaziv prosedurlar, ürək əməliyyatları, müxtəlif ürək cihazlarının qoyulması böyük uğurla həyata keçirilir. Ürək transplantasiyası istisna olmaqla, elə bir ürək əməliyyatı yoxdur ki, Azərbaycanda həyata keçirilməsin və əhalinin bu tibbi xidmətlərə əlçatanlığı təmin olunmasın.  O, xüsusi olaraq vurğuladı ki, həm dövlət, həm də özəl sektorda göstərilən bu xidmətlərə ən ucqar bölgələrdə yaşayanların da əl çatanlığının təmin olunması Azərbaycan səhiyyəsinin uğurlarından biridir.   

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında vurğuladı ki, ürək cərrahiyyəsində çox böyük uğurlara imza atan Azərbaycan bu gün regional mərkəzə çevrilməkdədir. Hazırda erkən tibbi müayinə və hətta ana bətnində uşaqların müayinəsi, keçirilən əməliyyatlar nəticəsində ürək qüsurlarının çox hissəsi aradan qaldırılır: “Bu da öz növbəsində uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir göstərir. Lakin bununla yanaşı, bizi hələ də bir çox məsələlər narahat edir. Belə ki, dünyada ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar problemləri birinci sırada dayanır. Dünya üzrə ümumi ölüm hallarının, təxminən, 50 faizinin səbəbi bu xəstəlikdir. Ürək xəstəliklərinin cavanlaşması və hətta uşaqlar arasında da müşahidə olunması, əlbəttə ki, bizi düşündürməlidir”. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov ürək xəstələrinin sayının ildən-ilə artdığını dedi və qeyd etdi ki, dünyada hər il 500 milyondan artıq insan ürək-damar xəstəliklərinə məruz qalır. Onun sözlərinə görə, xəstə sayının artmasına baxmayaraq, standartlaşdırılmış statistikaya əsasən, hər yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır. Bu da yeni müalicə metodları və innovativ texnologiyaların hesabınadır. Çünki hazırda inkişaf etmiş Avropa ölkələrində istifadə edilən müayinə və müalicə üsulları Azərbaycanda da tətbiq edilir.

Üç yüzə yaxın həkimin iştirakı ilə keçirilən məclisdə kardiologiyanın yeni istiqamət olan aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənildi, mövzu ilə bağlı müzakirələr aparıldı və suallar cavablandırıldı.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Ergin Həbibullayev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi professor Kamran Musayev və başqaları Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı və konqresin təcrübə mübadiləsi baxımından əhəmiyyəti haqqında məlumat verdilər.

Tibb müəssisəsinin direktoru, professor Gülnaz Dadaşova jurnalistlərə açıqlamasında dedi: 

– Dekabrın 7-də baş verən zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb. Belə hadisələr zamanı qəfləti miokard infarktına, ürək damarlarında koronar spazmaya gətirib çıxaran stress hallarının, hipertonik krizlərin, fobiyaların kəskin artması müşahidə olunur.

Müraciət edənlərin yaş qrupları barəsində məlumat verən G.Dadaşova onların arasında tələbələrin də olduğunu dedi. Bildirdi ki, institut 18 yaşdan yuxarı vətəndaşlara tibbi xidmət göstərir. Zəlzələdən sonra müxtəlif yaş qruplarından çoxsaylı müraciətlər qeydə alındı. Onlar arasında tələbələr, yaşlı insanlar, ürək, beyin patologiyalarından, şəkərli diabetdən əziyyət çəkənlər var idi. İndiyə qədər təzyiqdən şikayət etməyənlərdə təzyiqin artması müşahidə olunmuşdu. Hətta şəkərli diabeti olmayanlarda həmin xəstəliyin yarandığı qeydə alınıb.

G.Dadaşova diqqətə çatdırdı ki, səhiyyədə bu qədər innovativ yeniliklər olmasına baxmayaraq, bütün dünyada ürək-damar xəstəlikləri həm ölüm, həm də əlilliyə gətirib çıxaran bir nömrəli qlobal patologiyadır. Hətta COVID- 19-un tüğyan elədiyi dövrlərdə də göstəricilər dəyişmədi. Bu da ürək-damar sistemi xəstəliklərinin nə qədər ciddi problem olduğunu göstərir. İnstitut direktoru fikirlərinə belə yekun vurdu:

 – Patologiyaların sayının artmasında bizdən asılı olmayan səbəblər də var. Ətraf mühit hadisələri, ekoloji amillər, stres faktorları, fors-major hallar, düzgün qidalanmamaq, zərərli vərdişlər, energetik içkilər burada vacib rol oynayır. Bizdən asılı olan səbəbləri aradan qaldırmaq üçün maarifləndirici tədbirlər keçirir, əhalini, xüsusilə də gəncləri zərərli vərdişlərdən, energetik içki qəbulundan çəkindirməyə çalışırıq.

Zərifə HÜSEYNOVA
XQ



Səhiyyə