“Artsax”ın iflası qaçılmaz idi

post-img

Ermənistan baş naziri bu barədə yalnız indi açıq danışa bilir

Reallıqla barışmaq reallıq hissinin itirilməməsindən irəli gəlir və bu addımı atmaq üçün bir qədər cəsarət də tələb olunur. Deyəsən, Ermənistan baş naziri də reallığı dilə gətirməyə özündə siyasi iradə tapıb. 

“Qarabağ məsələsi bəzi qüv­vələr tərəfindən Ermənistanda nor­mal dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib. ““Artsax” respublikası”nın buraxılması 2016-cı ilin avqustunda aparılan danışıqlar prosesində baş vermiş köklü və məzmun dəyişiklikləri nəti­cəsində qaçılmaz idi. Bu barədə is­tintaq komissiyasında çıxışımda ilk dəfə çox ehtiyatla danışırdım. İkinci dəfə, vətəndaşlarımızın suallarına cavab verərkən fikrimi açıq çatdır­dım. Təəssüf ki, “Dağlıq Qarabağ­da” məlum hadisələrdən sonra bu barədə daha sərbəst danışa bilirəm” 

Bu sözləri Paşinyan “Mülki müqavilə” partiyası təşəbbüs qru­punun İcevanda təşkil etdiyi top­lantısında deyib. Aydın məsələdir ki, bu bəyanat, ilk növbədə, daxili “bazara”, sırf erməni auditoriyası­na ünvanlanıb. Onun ““Artsax” res­publikası”nı yada salması da eyni məqsədə xidmət edir. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü ta­nıdığını dəfələrlə bəyan etməsindən sonra yeni mövzunu dilinə gətirməsi bir qədər qəribə səslənsə də, hədə­fin əvvəlki hakimiyyət, məqsədin isə öz səhvlərini onların boynuna yıx­maq cəhdi olduğu şübhəsizdir. 

Onun ən böyük səhvi... 

Paşinyan başçılıq etdiyi iqtidar partiyasının ən böyük səhvini bu barədə xalqla yalnız 44 günlük mü­haribədən sonra danışmağa başla­maqda görür. Bu məsələni psixoloji və emosional sədlərə görə hətta özü ilə paylaşa bilmədiyini etiraf edən Hayastan rəhbəri deyir ki, əgər bu mövzu müzakirəyə çıxarılsaydı, o zaman xalqa deməliydilər ki, 30 il ər­zində ““Artsax””a milyonlar mənasız yerə xərclənib: “Çünki bu problemin həlledilməz olduğu lap əvvəlindən məlum idi. Bəs bu məsələnin həlli hansı səbəblərdən müşkülə dön­müşdü? BMT Təhlükəsizlik Şura­sının qətnamələri ucbatından. İndi bizi ittiham edirlər ki, lap əvvəldən “dqr”ın öz müqəddaratını təyin et­məsi ilə məşğul olacağımızı demi­şik, amma bunu etməmişik. Əslində, problem onda idi ki, biz öz müqəd­daratını təyinetmənin nə olduğunu anlamağa çalışırdıq. 1996-cı il de­kabrın 6-da Lissabon Sammitində bizə demişdirlər ki, “dqr”ın ən yük­sək statusu Azərbaycanın tərkibində muxtariyyat ola bilər”. Ermənistanın bu quruma milyonlar xərclədiyinə diqqəti yönəldən Paşinyan bunun yanlış addım olduğunu vurulayıb: “Biz sivil dövlət yaratmaq üçün xərc­ləməli olduğumuz bütün maliyyə re­surslarımızı həlli mümkün olmayan “dqr”in yaradılması probleminə qo­yurduq. On illər boyu bizə məsləhət verirdilər ki, yol, məktəb, xəstəxana tikməyin. Hətta bəziləri “Ordu nəyə lazımdır? Sizin arxanızda biz (Rusi­ya – red.) durmuşuq. Heç bir proble­miniz yoxdur”, – deyirdilər. Nəticədə Ermənistan öz resurslarını həll edil­məyən bir problemə xərclədi”. 

Bu zaman Nikol Paşinyan ad çəkməsə də, Ermənistanın “arxa­sında duran” dövlət kimi Rusiyanı nəzərdə tutduğuna eyham vurub.

“Müharibə bizim cəzamız oldu”

Bu mövzü son üç ildə Ermənis­tan ictimai düşüncəsini məşğul edir. Guya, 2018-ci il hakimiyyət dəyişik­liyindən tam narazı qalan Moskva Ermənistanın yeni iqtidarını 2020-ci ilin 44 günlük müharibəsi ilə cəza­landırıb. Son vaxtlar bu tezis fəal şəkildə yenidən gündəmdə dövr et­məkdədir. 

“Mən Rusiyanı bu kontekstdə qınaq obyektinə çevirmək istəməz­dim, amma gəlin bu tezisi ciddi müzakirə edək”,– deyən Paşinyan bu tezisin mahiyyətinin Ermənista­nın tərəfdaşları üçün arzuolunmaz inqilab olduğunu etiraf edir. Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti Qərbyönümlü baxışların daşıyıcısıdır. Buna görə də onun cə­zası kimi müharibə baş verdi. “Belə olan halda 2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb?”. Bu açıqlamanı isə Paşinyan noyabrın 24-də canlı efirdə Ermənistan vətəndaşlarının, eləcə də xarici ölkələrdəki diaspor nümayəndələrinin suallarını cavab­landırarkən söyləyib. 

“Bəs 2013-cü il hadisələri niyə baş verdi? İrəvan Moskva ilə uzun sürən danışıqlarının ardından nə­dən bir gecədə MDB Gömrük İt­tifaqına üzv oldu? 2013–2014-cü illərdə baş verən hadisələrə necə münasibət bildirildi? Əslində, “Dağ­lıq Qarabağ” problemi ilə bağlı de­yilməli çox mətləblər var. 2018-ci ilin aprelində Serj Sərkisyanın bəyanatı nə idi? Bu, müharibə elanı idi?”. 

Paşinyan partiyadaşlarına və ictimaiyyətə bu ritorik sualları ün­vanlayarkən 2018-ci ildə baş verən inqilabdan sonra ölkədə çox şeyin dəyişdiyini dilə gətirib: “Ermənista­nın hələ də suveren dövlət olmaq şansı var. Əgər inqilab olmasaydı, bu şansımız sıfıra bərabər olardı. 2013-cü ildə baş verən hadisələr buna sübutdur. Əgər imzalaya bil­mirsənsə, niyə danışıqlar aparırdın? Bundan sonra 2016-cı ilin dörd gün­lük müharibə və danışıqlar paketini aldıq. “Dağlıq Qarabağ”ın dağılması prosesi 2018-ci ilin avqustunda baş verib”.

Amma bu məsələdə Paşinyan qeyri-dəqiqliyə yol verir. “Dağlıq Qarabağ”ı gözləyən aqibətin baş­lanğıcı onun dediyindən iki il əvvəl – 2016-ci ilin aprelindən qoyulmuşdu. 

Hər şey 2016-nın aprelindən başladı 

Bəli, 2016-cı ilin aprelində Azər­baycan Ordusu strateji yüksəkliklər daxil olmaqla 2 min hektar ərazimizi işğalçılardan azad edəndə Ermə­nistanın üçüncü prezidenti Serj Sar­kisyan və o zamankı müdafiə naziri Seyran Ohanyan bu məğlubiyyəti ört-basdır etməkdən ötrü dəridən–qabıqdan çıxırdılar. Onlar hakimiyəti itirməyin qorxusunu elə onda duy­muşdular. 

Məhz 2016-cı ilin aprelində Er­mənistan ordusunun “məğlubedil­məzliyi” mifi darmadağın edildi. Bu isə 2018-ci ildə Hayastanda haki­miyyət dəyişikliyinə aparan proses­lərin katalizatoru oldu. Amma son­ra aydın oldu ki, bu, İrəvanın silahlı birləşmələrini dinc yolla torpaqları­mızdan çıxarması üçün yetərli de­yilmiş. Yeni hakimiyyət rəsmilərinin dilindən Bakının ünvanına açıq təx­ribatçı, avantürist bəyanatlar eşidil­məyə başlandı. Misal üçün, 2019-cu ilin martında Ermənistanın o vaxt­kı müdafiə naziri David Tonoyan ABŞ-a səfəri əsnasında Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşündə bunları demişdi: “Mən müdafiə naziri kimi sizə deyirəm ki, “ərazilərin əvəzinə sülh” formulunu “yeni müharibə–yeni ərazilər” prinsi­pi ilə əvəzləyirəm”. 

Bəs bu bəyanatların son aqibəti necə oldu? Cəmi 44 günlük Vətən müharibəsi, həmin dikbaş Tonoya­nın 11 minlik fərari ordusu və Er­mənistanın biabırçı kapitulyasiyası. O vaxtdan biz Nikol Vovayeçin di­lindən dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən bəyanatlarını eşdiirik. Bəli, Qara­bağdakı xunta rejiminin də iflası qa­çılmaz fakt, qanunauyğunluq oldu. 

Sabiqlərin qayıdışı mümkünsüzdür

Ermənistan hakimiyyətinin üz­ləşdiyi ciddi problem “beşinci ko­lonun” Paşinyanın əvəzinə kimi dəstəkləməsi məsələsidir. Bu kon­tekstdə ona bir vaxtlar “strateji tərəf­daş” saydığı Şimal qonşusunun hansı sürprizləri hazırladığını yalnız təsəvvür etmək mümkündür. Hələlik yollarda, ticarətdə qadağalar müşa­hidə olunmaqdadır. Amma gerçəklik ondan ibarətdir ki, nə Paşinyanda, nə də erməni cəmiyyətində yenidən Rusiyanı sevmək üçün ciddi səbəb­lərin yaranması ağlabatan görün­mür. Hətta Moskvanın qulbeçəsi və fanatı Köçəryan kimiləri belə hazır­da bu barədə çox danışmağa ça­lışmırlar. Deyəsən, deməyə sözləri qurtarıb. Bəzi qüvvələrin israrla gün­dəmə gətirməyə çalışdıqları “Paşin­yan, yoxsa Köçəryan?” dilemması həm Ermənistanın özü, həm də Rusiya üçün ciddi problemə çevrilə bilər. 2021-ci il seçkiəri onu göstərdi ki, Köçəryana “stavka etmək” yan­lış taktika imiş. Elektorat sabiqlərin, konkret olaraq, “Qarabağ klanı”nın hakimiyyətə qayıdışının qarşısını almaqdan ötrü Paşinyana səs verdi. Axı, onun alternativi də yox idi.

Hazırda qarşımızda Ermənis­tan–Azərbaycan münasibətlərinin yeni, tamamilə fərqli mənzərəsi can­lanmaqdadır. Azərbaycan Preziden­ti Administrasiyası və Ermənistan baş naziri aparatının birgə bəyanatı­nı iki ölkə arasında böyük sülh sazi­şinə aparan həqiqi sıçrayış saymaq olar. Hərbi əsirlərin qarşılıqlı azad edilməsindən savayı, İrəvan birgə bəyannamədə BMT-nin İqlim Dəyi­şikliyi üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizəd­liyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyini bildirib. 

Tərəflərin qarşılıqlı xoş məramı və diplomatik jestləri göz qabağın­dadır. Ümid etməyə dəyər ki, iki ölkə arasında sülh müqaviləsi COP20-da iştirakçı dövlətin başçısı kimi Nikol Paşinyanın Bakıya ehtimal olunan səfəri zamanı imzalanacaq. Bu eh­timalın gerçəkləşməsini həm də re­allıq tələb edir. 

Fikrət SADIXOV, 
politoloq:

Birincisi, bu, Paşinyanın çox gecikmiş etirafıdır. Onun sözlərinə də çox şübhə ilə yanaşıram. Çünki onun sə­miiyyətinə inanmaq çətin­dir. Paşinyan bir-birinə zidd o qədər bəyanatlar verib ki, onun konkret mövqeyini hələ də başa düşmək olmur. Vax­tilə “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini məhz Pa­şinyanın dilindən eşitmişik. Bəs, bu, necə oldu? Təbii ki, indi bunu ört-basdır etməyə, üstündən xətt çəkməyə çalı­şır. Bunu edirsə lap yaxşı, bi­zim maraqlarımıza cavab ve­rir. Amma bu, onun növbəti oyunudursa, onda biz buna diqqətlə və ehtiyatla yanaş­malıyıq. 

Əslində, Paşinyanın söz­lərində yeni heç nə yoxdur. Onlara çoxdan deyirdik ki, Qarabağdan əl çəkin. Məhz İrəvanın yersiz və faydasız himayəsi bölgədə çoxsaylı qurbanlara gətirib çıxardı. Həm Azərbaycan, həm də Er­mənistan tərəfindən bu qə­dər itkilərin verilməsini Pa­şinyan indi görüb ayıldı? Çox qəribə və maraqlı mövqedən çıxış edir. Əlbəttə ki, onun indiki mövqeyi düşdüyü və­ziyyətdən çıxmaq cəhdindən başqa bir şey deyil. Bu, onun tərəfindən məcburi etirafdır. Çünki yaxşı bilir ki, Bakının güc nümayişi nəticəsində müharibəni uduzub və ermə­nilərin Qarabağdan köçmə­sindən sonra sadəcə çıxış yolu qalmayıb. Paşinyan an­layır ki, Fransa, digər ölkələr müxtəlif bəyanatlarla çıxış etsələr də, Cənubi Qafqazda Türkiyə, Azərbaycan və Ru­siya kimi üç real güc var. Bu reallığı nəzərə aldığına görə belə etiraf-bəyanatlar verir. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi: 

İkinci Qarabağ müharibə­sində ağır məğlubiyyətdən sonra Ermənistan elektoratı ikinci dəfə Paşinyana öna görə səs verdi ki, cəmiyyətin böyük əksəriyəti müharibə istəmir. O mandatı da ona Azərbaycan və Türkiyə ilə məsələləri həll etməsindən ötrü etibar elədi. Paşinyan artıq reallığı anlayır və bilir ki, Bakı ilə sülhə gəlməzə bölgədə gərginlikdən qurtul­ması mümkün olmayacaq. Yəni, növbəti gərginlik Er­mənistana daha baha başa gələ bilər. Prosesi müəyyən qədər ləngirsə də, məntiqlə onun özü də sülh sazişinin imzalanmasında maraqlı ol­malıdır. Artıq birbaşa dialoq baş verir, əsirlər dəyişdirilir, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində addımlar atılır. Bütün bunlar sülh sazişinin imzalanmasını sürətləndirə bilər. 

Düzdür, erməni daşnak radikallar baş nazirin əley­hinə aşıqlamalar verirlər. Paşinyan bunları nəzərə almaya da bilər, çünki Qa­rabağ klanı deyilən keçmiş hakimiyyət təmsilçilərinin cəmiyyətdə heç bir nüfuzu qalmayıb. Bu səbəbdən də meydana kifayət qədər adam çıxara bilmirlər. Qarabağ yü­kündən azad olan Paşinya­nın rahat manevr imkanları yaranıb. Bakının ondan əsas gözləntisi sülh sazişinin tez­liklə imzalanmasıdır. O, haqlı olaraq deyir ki, 30 il hədər yerə separatçı rejimə maliy­yə xərclənib. Həmin separa­tizm olmasaydı, torpaq işğalı və insan itikisi yaşanmaya­caqdı. Qarabağ ermənilərini fəlakətə onlar sürüklədilər. Amma sonda biz öz istəyi­mizə nail olduq. Paşinyan cəmiyyətə bunu anlatmağa çalışır. Burada özünütənqid çaları da var. Güman edirik ki, bu il olmasa da, gələn ilin ortalarına kimi sülh sazişinin imzalanması perspektivi re­aldır. 

İmran BƏDİRXANLI
XQ





Siyasət