Qu quşunun “son nəğməsi”

post-img

Sabiq erməni nazirin “nağıllar aləminə səyahəti” 

Sülh sazişinin mətnində “Dağlıq Qara­bağ” məsələsi olmadığına görə baş nazir Nikol Paşinyanı “yaylım tənqid atəşinə tutan” eks-xarici işlər naziri Vardan Oskanyan re­allığın dəyişəcəyinə özü də inanmadığı hal­da boyat “nağıl”larını ictimai rəyə sırımağa çalışır. 

Hələbdə dünyaya gəlmiş 70 yaşlı Os­kanyan bu günlərdə “Facebook” sosial şə­bəkədə erməni xalqına müraciət edib. Ha­yastanın əski xarici işlər naziri Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişinin mətnində “vacib bir bəndin” çatma­dığını deyir. O, ““Artsax” xalqının hüquqları və müstəqilliyi barədə” bəndin müqavilə­nin mətnindən çıxarıldığını iddia edir. On il (1998–2008) Hayastanın baş diplomatı pos­tunda çalışmış Oskanyan düşünür ki, əgər sülh sazişi bu məzmunda imzalanarsa, onda biz ““Artsax” səhifəsini birdəfəlik bağlamış oluruq”. Bunun ardınca suriyalı hayın yad­daşında “qısa qapanma” baş verir və onun özünün uydurduğu psevdo-tarixlərinə “xəyali səyahəti” başlayır: 

“Azərbaycan Prezidentinin bu yaxınlar­da ermənilərin “Artsax”ı unutmalı olduqlarını bəyan etməsi heç də təsadüfi deyil. Düşü­nürəm ki, bu, yerinə yetirilməsi mümkün ol­mayan tələbdir. Çünki erməni xalqı “Artsax”ı heç vaxt unutmayacaq. “Artsax”ı unutmaq – keçmişimizi, tariximizi, bizim mədəni irsi­mizi unutmaq deməkdir. Biz bunları unuda bilmərik, ona görə ki, “Artsax” erməni torpa­ğıdır. Bu torpaq heç vaxt müstəqil Azərbay­canın tərkib hissəsi olmayıb. Sovet dövrün­də muxtariyyat statusuna malik olub, son 30 ildə isə de-fakto Ermənistanın siyasi inzibati vahidinə çevrilib. Erməni xalqından “Artsax”ı unutmağı tələb etmək sadəcə mümkünsüz­dür”. 

* * * 

Reallıq hissi ilə yanaşı, diplomatik düşün­cəsini də itirdiyi aydın görünən Oskanyan əsas problemin Ermənistan hakimiyyətinin bu razılaşmaya getməsində olduğunu deyir. Guya, belə məzmunda sülh sazişini imzala­maqda İrəvanın məqsədi ““Artsax”ı birdəfəlik unutdurmağa” çalışmaqdır. 

Hayların ikinci prezidenti Robert Koçar­yanın Amerikadan İrəvana çağırıb xarici iş­lər naziri postunu həvalə etdiyi Oskanyan, hətta, bizə “dəyərli məsləhətlər verməyə” də girişir: “Azərbaycan başa düşməlidir ki, o, bu müqaviləni Ermənistanla, erməni xalqı ilə deyil, Nikol Paşinyan və onun başçılıq etdiyi hökumətlə imzalayır. Erməni xalqı “Artsax”ı yaddaşından silə bilməz”. 

Oskanyanın dediyi həmin otuz il ərzin­də sivil üsulla, danışıqlar masası arxasında sözlə anlada bilmədiyi Ermənistanı hərbi yolla başa salan Azərbaycan indiki durumda İrəvanı yenə qonşuluq münasibətləri qurma­ğa, sülhə gəlməklə öz ölkəsinin tərəqqisinə nail olmağa çağırır. Fəqət yenə də Qərbdən Ermənistan hakimiyyətinə ötürülən siyasi siqnallar və edilən təzyiqlər səbəbindən re­gional sülhün əldə olunması, trans-regional əməkdaşlığın bərpa edilməsi və genişlənmə­si, fasiləsiz enerji və ərzaq təchizatı kimi zə­manətlər təhlükə altındadır. İndi boyat nağılla­ra aludə olmuş, ingilis, fransız, rus və ərəbcə danışan Vardanı hansı dildə başa salaq ki, ar­tıq keçmişə qayıdış mümkün deyil. Ermənis­tanın Azərbaycanla sülh sazişini imzalaması Cənubi Qafqazda rifahın və əmin-amanlığın stimulu rolunu oynayacaq və bundan ən çox qazanan məhz İrəvan olacaq. 

* * * 

O ki qaldı, ““Artsax”ın qədim erməni tor­pağı” olması barədə oxunan nağıla, Qara­bağın erməni sakinləri babalarının iki yüz əvvəl İrandan, Suriyadan, Rusiyadan, digər ölkələrdən bura köçürüldüyünü özləri eti­raf edirlər. Məgər Oskanyan bu çılpaq tarixi həqiqəti bilmir? Yaxşı bilir! Sadəcə, görü­nür, onun öz babası naməlum səbəbdən o zaman “Qarabağa kütləvi köç”dən kənarda qalıb.

Deylənlərə görə, qu quşu son dəqiqələrini yaşadığını duyanda özünün bu dünya ilə vida nəğməsini oxuyur. Təbii ki, bu nəğmə çox təsirli və qəmgin olur. İndi Oskanyanın Azər­baycanın tarixin arxivinə göndərdiyi ““Artsax” xalqının müstəqilliyi barədə oratoriyası” qu quşunun axırıncı nəfəsində ifa etdiyi nəğmə­sinə bənzəyir. Amma həmin musiqi parçası nə qədər monumental səslənsə də, fors-major sonluğu dəyişmək iqtidarında olmur... 

İ.HƏSƏNQALA
XQ

Siyasət