LPO “Muğan Bank” ASC-nin kreditorları onlayn qaydada qeydiyyatdan keçə biləcəklər!

post-img

Əmanətlərin Sığortalanması Fondu bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə daha öncə Kreditorların Elektron Portalını ərsəyə gətirmiş və ictimaiyyətə təqdim etmişdi. 

Bildiyiniz kimi, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunmuşdur. Qeyd edək ki, 27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılmışdır. 

Məlumat üçün bildiririk ki, məhz ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorları artıq Kreditorların Elektron Portalı vasitəsilə tələblərini onlayn qaydada qeydiyyatdan keçirə biləcəklər. Belə ki, ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorları axtarış sistemində public.adif.az yazaraq portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi ləğv prosesində olan “Muğan Bank” ASC-nin “Kreditor qeydiyyatı” bölməsinə daxil olub əlavə olunacaq sənəd və məlumat xanalarını düzgün şəkildə doldurduqdan sonra tələbinin qeydiyyatını tamamlaya bilər. Tələbin qeydiyyatı ta­mamlandıqdan sonra tələbini qeydiyyatdan keçirən şəxsin mobil te­lefon nömrəsinə tələbin qeydiyyatının statusu haqqında məlumatı əks etdirən sms daxil olacaq. Habelə tələbin qeydiyyatının statusu barədə məlumat portalın “Sorğularım” bölməsinə daxil olmaqla da əldə edilə bilər. Kreditorlar həftənin 7 günü, günün 24 saatı, heç yerə getmədən, vaxtlarına qənaət edərək onlayn qaydada portala daxil olub ləğv pro­sesində olan banka qarşı tələblərini qeydiyyatdan keçirə bilərlər. 

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olun­masına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alın­malıdır. 

Ləğv prosesində olan “Muğan Bank” ASC–nin kreditorlarından 25 dekabr 2023-cü il tarixədək tələblərini Kreditorların Elektron Porta­lından istifadə etməklə və ya bankın aşağıda qeyd edilmiş ünvanda yerləşən Baş ofisinə yaxınlaşmaqla qeydiyyatdan keçirmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.

Əlaqə: (+994) 941.

Reklam və elan