“Böyük idman sonsuz zəhmət tələb edir”

post-img

Rəfiqə Şabanova-80

Yubiley yaşı ərəfəsində onunla zəngləşib, görüşmək istədiyimizi bildirdim. “Zaldayam, gəlin”, – dedi. 

Azərbaycanın həndbol üzrə milli ko­mandaları və klubları üçün nəzərdə tutu­lan “ABU Arena” idman kompleksinin za­lına daxil olarkən onun ayaqüstə məşqləri izlədiyini müşahidə edirəm. Həmişəki kimi, yenə də məşqlər başa çatdıqdan sonra həndbolçu qızlar onu dövrəyə al­dılar. Budəfəki mövzu isə komandanın məşqinə aid deyildi. Yığma üzvləri Rəfiqə xanım Şabanovanı yubileyi münasibətilə təbrik edir, arzularını dilə gətirirdilər. Rə­fiqə xanım isə hamıya özünəməxsus tərz­də sağlam idmançı həyatı arzuladı. 

Müsahibəyə uşaqlıq illərini xatırlama­sı ilə başladı: “1943-cü ildə Bakıda ana­dan olmuşam. Uşaqlığım müharibənin ən ağır illərinə təsadüf edib. Müharibə­dən sonrakı dövr ondan da məşəqqətli olub. Ailədə 9 uşaq olmuşuq. Atam on­dan asılı olmayan bir məsələ ilə bağlı dostuna görə həbs ediləndən, bir qə­dər sonra isə rəhmətə gedəndən sonra ailəmizdə vəziyyət daha da pisləşib. Bir qardaşım müharibədə itkin düşüb. Digər bacı-qardaşlarımı da sonradan itirdim. Mübarizə aparmaq alnıma yazılıb. Bəlkə də idman məni yetişdirdi, döyüşkən etdi. Enişli-yoxuşlu yollarla irəlilədim. Bir an dayanmadım. İndi nəfəsimi dərmək istə­yirəm. Dayanıb, dincəlmək istəyirəm. Amma ürəyimin dərinliyində bir səs mənə deyir ki, “Dayanma, irəlilə!” 

“Gedə bilirsinizmi”, – sualına “Hə­yat tərzim tələb edir ki, hərəkətdə olum. Yuxudan səhər tezdən qalxıram. Buna vərdiş etmişəm. Adətən, biz yaşda in­sanlar tezdən durub piyada xeyli gə­zirlər. Amma mən mütləq işimlə bağ­lı məsələlərlə məşğul oluram. Zalda məşqləri izləyirəm. Zaldan çıxdıqdan sonra bəzən qızım, nəvələrimlə vaxt ke­çirirəm. Axşamçağı yuxuya qədər vaxtı isə özümə sərf edirəm. Bir neçə saat gə­zirəm. İdman edirəm. 

Ən çox diqqətimi cəlb edən isə insan­ların idman etmələri üçün yaradılan şəra­itdir. Demək olar ki, hər addımda uşaq və gənclərin idmanla məşğul olması üçün imkan var. Məhəllələrdə idman infrast­rukturu xüsusilə maraqlıdır. Öz dövrümü­zü xatırlayıram. O zaman uşaqlar məhəl­lədə harada yer tapırdılarsa, orada top qovurdular. Digər idman növü ilə məşğul olmaq çətin idi. Qızlar o zaman idmanla, demək olar ki, məşğul olmaq istəmirdilər. Məhəllədə bir qız mən idim ki, idmana həvəs göstərirdim. Axşamadək oğlanlar­la futbol oynayırdım. Sabunçuda yaşa­yırdıq. Bakıxanov qəsəbəsində yerləşən stadiona getmək üçün kilometrlərlə yol gedirdik. Bəzən heç anamdan icazə belə almırdım. Ailədə maddi vəziyyət yax­şı olmadığından böyüdükcə anama da kömək etməli olurdum. Amma idmanı da atmaq istəmirdim. 

Rəfiqə xanım uşaqlıqda tennis, atle­tika ilə məşğul olsa da, ən böyük uğur­larını həndbolda qazanıb: “Atletika üzrə respublika çempionatının mükafatçısı ol­muşam. Atletikanı, həmçinin tennisi çox sevirdim. Həndbola gəlişim təsadüfi olsa da, bu idman növündə özümü tapdım. Elə ilk məşqlərdən sonra başa düşdüm ki, həndbol məhz axtardığım idmandır. Düzdür, nailiyyətlər heç vaxt asan qaza­nılmır. Çünki böyük idman sonsuz zəh­mət tələb edir. Özünü idmana həsr etmə­lisən. Bunu isə əsl idmançı edə bilər”. 

Bəs, bu gün Olimpiya çempionu nə arzulayır? 

Cavabı çox sadə oldu: “Bir ana, nənə kimi hər yerdə uşaqların gülüş səslərini eşitmək istəyirəm. Arzulayıram ki, həm qızlar, həm oğlanlar kiçik yaşlarından ko­manda idman növləri ilə məşğul olsunlar. Onlar komanda şəklində hər bir işin öh­dəsindən gəlməyin necə rahat olduğunu başa düşəcəklər. Artıq qızların da oğlan­lar kimi, bütün idman növlərinə maraq göstərməsi yaxşı haldır. Bəzi komanda idman növlərində isə qızlarımız çox fəal­lıq nümayiş etdirirlər. İndi həyat çox də­yişib. Bunları görməmək mümkün deyil”. 

XXI Olimpiya oyunlarının (1976, Mon­real) çempionu, SSRİ çempionatının gü­müş (1970–74, 1976–77), bürünc (1965, 1978, 1980, 1982-1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bü­rünc mükafatçısı (1975-1979) Rəfiqə Şabanova idmançı karyerasını başa vur­duqdan sonra məşqçiliklə məşğul olub, həmçinin Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi vəzifəsində çalışıb. Hazırda fəaliyyətini Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti kimi davam etdirir. 

Leyla QURBANOVA
XQ

İdman