Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandan gələn qonaqlar, diaspor fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Mərasimin əvvəlində iştirakçılar Xocalı faciəsini özündə əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.
Daha sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə haqqında sənədli film nümayiş olunub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında faciə qurbanları ilə bağlı konkret faktları göstərib, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu xatırladıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin səriştəsi, uzaqgörən siyasəti sayəsində torpaqlarımız işğaldan azad edildiyini, işğalçıların layiqli cəzalarını aldıqlarını söyləyib. Eyni zamanda 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniyanın keçirildiyi bildirib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləyib, qardaş Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının hamısının məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adxambek Alimbekov, şair və tərcüməçi Şəhla Qasımova, özbək şairi Kərim Bəhriyev və başqaları öz növbələrində çıxış edərək həmin dəhşətli gecədə azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insanın xüsusi qəddarlıqla qətlə yetirildiyini, minlərlə insan yaralandığını, əsir götürüldüyünü və ya itkin düşdüyünü deyiblər.
Sonra şair İradə Əlilinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunan “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib. İradə Əlili Xocalı soyqırımını əsrin ən böyük soyqırımlarından biri kimi xarakterizə edib, kitabın yaranması zəruriliyindən danışıb.