Almaniyanın Münster şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

post-img

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Almaniyanın Münster şəhərində anım tədbiri keçirilib. Almaniya Azərbaycanlıları Alyansının dəstəyi, Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək, faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və sülhə, ədalətə çağırış etmək olub.

AZƏRTAC xəbər verir ki, anım tədbirində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev tədbirdə çıxış edərək Xocalı faciəsinin yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini qeyd edən Z.Əliyev xaricdə yaşayan soydaşlarımızın bu baxımdan xüsusi fəallıq göstərdiklərini bildirib.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli Xocalı faciəsinin Azərbaycan tarixində dərin yara olduğunu bildirib. O, beynəlxalq ictimaiyyətin bu faciəyə hələ də tam hüquqi və siyasi qiymət vermədiyini diqqətə çatdıraraq, Azərbaycan diasporunun bu istiqamətdə apardığı mübarizənin əhəmiyyətindən danışıb.

Soydaşlarımız Eldar Güneyli, Elgiz Haqverdiyev, Zaur Quliyev və Cavid Əlizadə alman dilində çıxış edərək Xocalı faciəsi barədə məlumat veriblər.

Tədbirdə iştirak edən 100-dən çox soydaşımıza və digər xalqların nümayəndələrinə Xocalı soyqımını əks etdirən kitab və broşürlər paylanıb.

Sonra alman dilində təqdimatlar olub, faciəni əks etdirən sənədli filmlər nümayiş etdirilib, faciə şahidləri xatirələrini bölüşüblər.



















Qan yaddaşı