İlk ayda qeyri-neft ixracı 245,8 milyon dollara yüksəlib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına əsasən, cari ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 245,8 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 19,7 faiz çoxalaraq 84,2 milyon dollara çatıb. İxrac olunan məhsullar arasında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, üzvi kimyəvi birləşmələr 52,4 faiz artıb.

Hesabat ayında aqrar məhsulların ixracı 10,4 faiz artaraq 64,8 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 44,3 faiz artaraq 22,2 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5 faiz artaraq 87,1 milyon dollara yüksəlib.

Bu dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21,1 milyon dollar) birinci, karbamid (21 milyon dollar) ikinci, xurma (19,3 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Qeyd olunan müddətdə Rusiya Federasiyasına 81,1 milyon dollar, Türkiyəyə 37,1 milyon dollar, Gürcüstana 26,5 milyon dollar, İsveçrəyə 22,2 milyon dollar, Ukraynaya isə 21,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin yanvar ayında hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin respublikamızdakı Nümayəndəliyi, “LEPIN LM”, “MKT İstehsalat Kommersiya”, “6LSYSTEMS”, “EXPORT STREAM”, “Uytrop”, “AGRARCO”, “MİLK PRODUCTS” , “KHAN-EL” məhdud məsuliyyətli cəmiyyətləri və “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyəti təmsil olunublar.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk yerdə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qərarlaşıb. Daha sonra bu siyahıda “SOCAR Polymer”, “AzerGold”, “Azəralüminium”, “Azərpambıq Aqrar Sənaye Kompleksi”, “Azərbaycan Hava Yolları”, “Azərenerji”, “Avia-Aqreqat Zavodu”, “Qaradağ Şüşə Zavodu” və Naxçıvan MR Dövlət Energetika Xidməti qurumları təmsil olunublar.

2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 36 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69 faizini təşkil edib.

Qeyd olunan dövrdə 36 ölkədən 88-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Lüksemburq, Birləşmiş Krallıq, Misir, Türkiyə, Rusiya, Tanzaniya və CAR böyük paya sahibdir.

İxrac əməliyyatlarında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir. Məsələn, respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.

Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

Bütün bunlarla bərabər, respublikamızda prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda qeyri-neft-qaz sənayesində artım neft-qaz sektorundakı artımı üstələyir.

Mövcud sahədə əlavə dəyərin 7 faizə yaxın artması, ümumi halda isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunması, həmçinin 2003-cü ildən başlayaraq, ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərcinin, təqribən, 4 dəfə, ixracın 15,6 dəfə yüksəlməsi, iqtisadiyyatın orta artım tempinin dünya üzrə orta səviyyədən 4 faiz çox olması bunun parlaq ifadəsidir.

Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə güclənməsi də xarici ticarət dövriyyəsinin əhatə dairəsinin böyüməsinə təkan verib. Məhz bunun nəticəsidir ki, ölkəmizin xarici ticarət əlaqələrinin coğrafiyası ildən-ilə genişlənib.

Bütün bunlar hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşdığını deməyə əsas verir. Bu istiqamətlər isə idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılmasına xidmət edir. Özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı” səviyyəsinin minimuma endirilməsi də bu sıraya daxildir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.

 

 



İqtisadiyyat