İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə Pakistan və Türkiyədən olan təşkilat nümayəndələri arasında görüş keçirilib. Pakistanda yerləşən Azərbaycan Ticarət Evinin rəhbəri Adeel Butt, biznes hüququ üzrə beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid və Türk Dünyası Vasitəçilik Assosiasiyasının Azərbaycan komissiyasının koordinatoru Aygün Əliyevanın iştirak etdikləri görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində rəqəmsal həllərə dair geniş təqdimat edib.
A.Qədəşov portalın rəqəmsal sərgi zalında pilot olaraq Azərbaycanın 10 şirkəti üçün qurulan rəqəmsal stendlərin Türk dövlətlərindən olan 100 şirkət üçün də reallaşdırılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. O, “Azexport” portalının beynəlxalq platformalarla iş prinsipi barədə də iştirakçılara məlumat verib.
Pakistanda Azərbaycan Ticarət Evinin rəhbəri Adeel Butt portal tərəfindən təqdim edilən rəqəmsal sərgi zalının innovativ və müasir həll yolu olduğunu bildirib. O, bu layihədə Türk dövlətləri ilə yanaşı, Pakistanın da təmsil olunmasını, rəqəmsal stendlərlə bağlı imkanların Pakistan şirkətlərinə təqdimatı istiqamətində birgə fəaliyyətin planlaşdırılmasını təklif edib.
Görüşdə iştirak edən beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid bildirib ki, “Azexport” portalının yerli sahibkarlara beynəlxalq platformalar vasitəsilə xarici bazarlara çıxışda göstərdiyi dəstək mexanizmi uğurlu və səmərəli vasitədir. Belə ki, Pakistan şirkətləri beynəlxalq sərgilərdə iştirak üçün ciddi yatırımlar, zaman və digər resurslar sərf edirlər. Beynəlxalq platformalarda vahid ad altında rəqəmsal formada təmsilçilik müasir və iqtisadi cəhətdən səmərəli seçim ola bilər. O, “Azexport” təcrübəsinin Pakistanda təqdim olunması və tətbiqi üçün portal nümayəndələrini Pakistana səfərə dəvət edib.