Fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr şöbəsinin konfrans zalında Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüskarı olduğu tədbir Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə keçiriləcək.
Tədbir iştirakçılarına ünvanlanan dəvətdə vurğulanır ki, qanlı cinayətin 33-cü ildönümündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi soyqırımının təkrarlanmasının qarşısının alınması baxımından Xocalıda törədilən dəhşətli cinayətdə əli olan bütün şəxslər barəsində tarixi ədalətə nail olunması və onların məsuliyyətə cəlb edilməsi vacibdir.
Anım mərasimində rəsmi şəxslərin, o cümlədən Türkiyə və Azərbaycanın insan hüquqları üzrə müvəkkillərinin (ombudsmanlarının) çıxışları da nəzərdə tutulub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara