Şəhidlərimizin ruhları əbədiyaşardır

post-img

Onlar “Azadlıq” sözünü qanları ilə yazdılar

Azərbaycanın müstəqilliyə gedən yolunda verdiyi ilk qurbanlar 20 Yanvar şəhidləridir. Dünyanın müxtəlig guşələrində yaşayan soydaşlarımız bu günlər həm onların, həm də sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla anır, ruhlarına dualar oxuyurlar. Haqq, azadlıq istəklərindən doğan səslərini bütün dünyanın gözü önündə qan içində boğsalar da, xalqımız yenilmədi, qəddini dik tutdu. Bu gün hamı, hər yerdə şəhidlərimizin qəhrəmanlığından danışır... 

Ankara 

Ankarada 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Azadlığa gedən yolda assimetrik savaş” adlı tədbir keçirilib. 

Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil edilən tədbir “Şuşa” konfrans mərkəzi”ndə baş tutub. Tədbirdə şəhidlərin xatirəsi yad edilib, Türkiyə Dəyanət işləri üzrə məsul şəxs Rasim Duran tərəfindən ruhlarına dua oxunub. Sonra Azərbaycan və Türkiyənin milli himnləri səsləndirilib. 20 Yanvar faciəsinə həsr olunmuş qısa filmin nümayişindən sonra TADİV rəhbəri, professor Aygün Attar çıxış edib. O bildirib ki, həmin gün vətənlərinin azadlığı yolunda küçələrə çıxan insanlar tanklara qarşı canlarını sipər etdilər: “20 Yanvar həm də Azərbaycanın qəhrəmanlıq tarixinin yazıldığı bir gündür”.

Azərbaycanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Əliyev bildirdi ki, şəhidlər ölümü gözə alıb vətən uğrunda mübarizəyə qalxmışdılar: “Haqq səsinin dünyaya eşitdirmək istəyən insanların səsini qan içində boğdular. Amma buna baxmayaraq xalq yenilmədi. Hazırda Qafqaz İslam Ordusunun qəhrəmanlarının Şəhidlər Xiyabanında şəhidlərimizlə eyni məkanda uyumalarının da başqa bir anlamı var”. 

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu isə 20 Yanvar hadisəsi barədə belə dedi: “20 Yanvarda dünyanın gözləri önündə böyük bir insanlıq dramı yaşandı. Biz bu günü unutmayacağıq”. 

Hacı Bayram Vəli Universitetinin müəllimi professor Zakir Avşar 20 Yanvar faciəsinin Azərbaycan üçün bir dönüş nöqtəsi olduğunu bildirdi: “Çünki həmin gün Azərbaycanın doğum günü, sovet imperiyasının isə məğlubiyyətə uğradığı gündür. Öləcəklərini bilə-bilə ölümün gözünün içinə baxdılar. İnsanlar vətən, namus, müstəqillik üçün həyatlarını qurban verdilər”. 

Azərbaycanın 20 Yanvar tarixini əsla unutmayacağını deyən Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Süver, 30 il işğaldan sonra Azərbaycan torpaqlarının azad edilməsi ilə şəhidlərin ruhunun şad olduğunu qeyd etdi. Tədbirin davamında “Qanlı Yanvar” adlı fotosərginin açılışı edilib. Anım tədbirində Beynəlxalq Türk Mədəniyyət Təşkilatı– TÜRKSOY-un, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikalarının Türkiyədəki səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Paris

Fransanın paytaxtı Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində diplomatik korpusun nümayəndələri, vəkillər, elm xadimləri, iş adamları, jurnalistlər iştirak ediblər. 

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva 20 Yanvar faciəsi haqqında məlumat verib, bu qanlı hadisənin ölkəmizin müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib. Diplomat Azərbaycanın bu gün tam müstəqil xarici siyasətə malik, torpaqlarını işğaldan azad edərək sərhədlərinin bərpasına nail olan, regionda sülhü qoruyan güclü dövlət olduğunu xüsusi vurğulayıb.

Anım tədbirində Azərbaycan və dünya bəstəkarlarının musiqilərini pianoda azərbaycanlı pianoçu Səidə Zülfüqarova, tarda Sahib Paşazadə, violonçeldə Guillaume Martigne ifa ediblər. Musiqiçiləri soprano Omo Bello müşayiət edib.

Mexiko

Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri düzənlənib. Səfirliyin yaydığı məlumata görə, tədbirdə “Gənc Diplomatlar Assosiasiyasının” rəhbəri Maurisio Tofoya, o cümlədən assosiasiyanın üzvləri, tələbələr, QHT təmsilçiləri, iş adamları və Azərbaycanın dostları iştirak ediblər. 

Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən səfir Məmməd Talıbov iştirakçıları 20 Yanvar faciəsi barədə məlumatlandırıb. O, həmin dövrün ictimai-siyasi vəziyyətindən, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov rejiminin Azərbaycanda törətdiyi qəddar və amansız addımlarından bəhs edərək, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mövzusunda mübarizənin əhəmiyyətini qeyd edib.

Xalqımıza qarşı törədilən bir sıra cinayətlərə, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan səfir Ulu öndərin 20 Yanvar tarixinin ölkəmizdə “Ümumxalq Hüzn Günü” elan etdiyini, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldığını diqqətə çatdırıb.

Faciənin müasir dövrdə xalqımızın müstəqillik mübarizəsinə təsirlərindən danışan səfir 20 Yanvar hadisələrinin müstəqil Azərbaycan dövlətinin qurulmasında və xalqın müstəqillik əzminin daha da güclənməsindəki mühüm rolunu vurğulayıb, Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu deyib. Tədbirdə, həmçinin Azərbaycanın müstəqillik illərində keçdiyi yolda əldə etdiyi nailiyyətlər qeyd olunub, müstəqil Azərbaycanın beynəlxalq və regional rolundan söz açılıb. Ölkəmizin ətraf mühit, iqlim dəyişikliyi, mədəniyyətlərarası dialoq və digər qlobal məsələlərdə müstəsna rolundan bəhs olunub. Mərasimdə 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş edilib.

Strasburq

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən Aİ yanında daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən bəhs edib, Qara Yanvar hadisəsinin xalqımız üçün qanlı faciə olmaqla yanaşı, millətimizin qəhrəmanlığının, yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, üstündən 35 il keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğının ağrı-acısının unudulmadığını, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını bildirib.

Daimi nümayəndə Azərbaycanın üzləşdiyi faciənin artıq ertəsi günü Ulu Öndər Heydər Əliyevin SSRİ-nin paytaxtı Moskvada ədalətin təmin edilməsi üçün Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını qeyd edib. F.İsmayılov ölkəmizə qarşı ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan, 20 Yanvar faciəsi və hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə sona çatdığını, xalqımız və ölkəmiz üçün artıq yeni bir tarixi dövrün başlandığını qeyd edib.

Kiyev

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı bəyanat yayıb. Nazir müavini bəyanatda sovet hakimiyyətinin Bakıda törətdiyi qırğın və onun nəticələrindən bəhs edib.

O, qeyd edib ki, bunlara baxmayaraq, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqilliyi uğrunda hərəkatına mane ola bilmədi. “Ukraynanın Azərbaycandakı keçmiş səfiri kimi sovet qoşunlarının Bakıda dinc etirazları necə yatırtmasının bəzi təfərrüatlarını bilirəm. 20 Yanvar faciəsində həlak olan azərbaycanlıları ehtiramla anır, bu matəm günündə biz də kədərlənirik", – nazir müavini O.Mişenko əlavə edib.

Riqa

“1990-cı ilin yanvarında Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator rolunu oynadı”. Bunu Latviya Seyminin deputatı Roman Naudinş bildirib. 

Onun sözlərinə görə, buna Sovet hökumətinin ittifaqa üzv ölkənin xalqlarına qarşı qeyri-insani rəftarı səbəb oldu: “Bakıdakı 20 Yanvar qırğını Sovet hökumətinin dinc əhalinin, o cümlədən qadın və uşaqların həyatına qəsd etməsinin ən bariz nümunəsi, Kremlin öz vətəndaşlarına münasibətinin tarixi sübutudur. Azərbaycan bu hadisələrə öz ədalətli qiymətini verdi və beynəlxalq ictimaiyyət də eyni qiyməti verməlidir. Azərbaycanlılar həmin dövrdə də, ondan sonra da suverenlik uğrunda əsl mübarizlik nümunəsi göstərdilər".

Latviya Seyminin deputatı “Sovet hökuməti isə növbəti dəfə əlini azərbaycanlıların qanına batırdı. Ona görə qara 20 Yanvar cinayətlərini ört-basdır etmək olmaz”– deyə əlavə edib.

Buxarest

Azərbaycanın Rumıniyadakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Əvvəlcə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar səfirliyin əməkdaşları Qanlı Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz rolu olan ulu öndər Heydər Əliyevin Buxarestin “Tey” parkında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Səfirlikdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tədbirdə Rumıniyada yaşayan, təhsil alan soydaşlarımız, o cümlədən Azərbaycan diasporunun nümayəndələri yaxından iştirak ediblər. Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar Şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri çıxış sözü ilə açan səfir Qüdsi Osmanov nitqində ötən əsrin 80-90-cı illərinin tarixi xronikasına nəzər salaraq Azərbaycan xalqının məruz qaldığı qərəzli, seçici münasibətə etiraz əlaməti olaraq iradəsini ortaya qoyması, törədilən bu qanlı cinayətlərə boyun əyməməsi və əsl birlik nümayiş etdirməsi nəticəsində suverenliyinə, müstəqilliyinə qovuşduğunu söyləyib.

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışan diplomat 44 günlük Vətən müharibəsində xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbənin, məhz əsası tariximizin qanlı səhifələrinin qazandırdığı qırılmaz iradəmizin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırladığı “Qanlı Yanvar – şahid sənədlər” adlı sənədli film nümayiş olunub. Həmçinin səfirlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi, qonaqlar üçün ehsan süfrəsi təşkil edilib.

Kişineu

Moldova paytaxtında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Tədbirdə Moldova Xarici İşlər Nazirliyinin dövlət katibi Serju Mixov, Azərbaycanın Moldovadakı səfirliyinin diplomatları, diaspor fəalları, bu ölkədə yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər.

 Əvvəlcə Qanlı Yanvar hadisələrinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxışında bildirib ki, hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar hadisəsini Azərbaycan xalqının müstəqillik mübarizəsi adlandıran Moldova–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot qeyd edib ki, Moldova xalqı həmişə Qanlı Yanvar qurbanlarının xatirəsini yad edir, onlara ehtiramını göstərir: “Moldova xalqı adından sizi əmin etmək istəyirəm ki, bu gün biz sizinlə birlikdə kədərlənirik və Azərbaycan xalqına, onun mərdliyinə və mətanətinə dərin hörmətimizi bildiririk. Qoy bu faciə qurbanlarının xatirəsi əbədi olsun, həmrəyliyimiz, dostluğumuz möhkəm və sarsılmaz olsun”.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov çıxışında vurğulayıb ki, bu faciə Azərbaycanı birləşdirdi, ayağa qaldırdı: “Xalqımız qorxmadı, meydanlara, küçələrə çıxıb gücünü göstərdi. Bu gün isə haqq-ədalət bərpa olunub – ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı düşmən işğalından azad edib. 35 il əvvəl azadlıq uğrunda canlarını fəda edənlər, doğma vətənlərini müstəqil görmək şansı olmayanlar üçün Azərbaycan yenidən doğulub, daha da güclənib”.

Astana

Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyində anım tədbiri keçirilib. Mərasimdə Qazaxıstanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər. Əvvəl ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstələri qoyulub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxışında deyib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində faciə olmaqla yanaşı, həm də qəhrəmanlıq və rəşadət rəmzi kimi anılır. Səfir nəzərə çatdırıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi məsələsi Heydər Əliyevin sayəsində mümkün olub. H.Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanıb, şəhidlərin xatirəsi əbədiləşdirilib, şəhid ailələrinin sosial müdafiəsi gücləndirilib. Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qalxdığını qeyd edən səfir Qazaxıstanın inkişafına soydaşlarımızın öz töhfələrini verdiklərini, onların ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərdiklərini vurğulayıb. Diplomat 2024-cü il dekabrın 25-də AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradıqdan dərhal sonra Qazaxıstanın aidiyyəti qurumlarının, eləcə də sadə vətəndaşların köməyə gəlməsinin xalqlarımız arasında qardaşlıq bağlarının sözdə deyil, əməldə də öz təsdiqini tapdığını vurğulayıb. Bu ölkədəki diasporumuzun nümayəndələri Mahir Rzayev və Səyyaf İsmayılov çıxışlarında 20 Yanvar faciəsinin günahkarlarını ittiham ediblər.                                                                      

Tədbir çərçivəsində iştirakçılar “Qara Yanvar”ı əks etdirən sərgi ilə tanış olublar. 

Düşənbə

Azərbaycanın Tacikistandakı ­səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin  ­35-ci ildönümünə həsr olunan tədbir və mətbuat konfransı keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun Bakı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdiyini, amma bu qanlı cinayətin insanların azadlıq eşqini sındıra bilmədiyini deyib. Səfir bildirib ki, Bakıda bu qanlı aksiyanın müəllifi SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov və onun ətrafındakı ermənipərəst qüvvələr olub. 

Mətbuat konfransı zamanı jurnalistlərin 20 Yanvar faciəsi, Qazaxıstanda baş vermiş təyyarə qəzası, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdışı, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər, Tacikistan–Azərbaycan əlaqələrinə dair suallarına cavab verilib. Tədbir çərçivəsində səfirlikdə “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb və faciə ilə bağlı videoçarx nümayiş etdirilib. 

Səhifəni hazırladılar: 
İmran BƏDİRXANLI,
  Qulu KƏNGƏRLİ 
XQ

 







Qan yaddaşı