Bölgələrdə 20 Yanvar hadisələrinin 35 illiyi münasibətilə anım mərasimləri keçirilib. SSRİ-nin tam dağılmamışdan əvvəlki son sarsıntılarında parçalanmaqda olan imperiyanı süngülərlə xilas etmək cəhdinin hədər getdiyi, milli azadlığına qovuşmaq istəyən Azərbaycan xalqının əyilməz, sınmaz iradə və fədakarlıq göstərdiyi xüsusi vurğulanıb. Bildirilib ki, 20 Yanvar faciəsi ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü naminə dəmir yumruq kimi birləşən yenilməz xalqımızın qəhrəmanlıq salnaməsidir.
Naxçıvan
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 35-ci ildönümü şəhid ruhlarına böyük ehtiramla qeyd edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları, Naxçıvan Qarnizonu qoşunlarının heyətləri, “Naxçıvan Qaziləri” və “Naxçıvan Şəhid Ailələri” ictimai birliklərinin üzvləri və yüzlərlə sakin şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, hər birinin üzərinə tər qərənfillər düzüblər.
Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşüb, ehtiramını ifadə edib.
1918–1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə və xiyabandakı Ana abidəsi də ziyarət olunub, önünə güllər düzülüb.
Gəncə
Nizami yurdunun Şəhidlər xiyabanında 20 Yanvar hadisələri qurbanlarının ölməz xatirəsinə elliklə anılıb.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidə ziyarət edilib, gül dəstələri düzülüb. Daha sonra “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib. Daha sonra din xadimi şəhidlərin ruhuna dualar oxuyub. Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasında 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.
Xatırladılıb ki, tarixə Qanlı Yanvar kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. 20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazılıb.
Sumqayıt
Ötən əsrin ən dəhşətli hadisələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə gənclik şəhərində anım mərasimləri böyük izdihamla keçib.
Saat 12:00-da şəhərdə bir dəqiqəlik sükut olub və şəhidlərin ruhu ehtiramla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında ucaldılmış “Qalib əsgər” abidəsini və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər. Sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.
1990-cı ilin Yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib. Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlər işə gedən zaman onların olduğu avtomobili əzərək, üstündən keçib. Hadisə nəticəsində hər 3 alim amansızcasına qətlə yetirilib.
Şəhərdə 20 Yanvar şəhidlərinin ruhuna ehtiram əlaməıti olaraq, ehsan süfrələri də açılıb.
Mingəçevir
“Nur şəhəri” Mingəçevirdə izdihamlı anım mərasimi keçirilib.
Şəhidlər xiyabanında şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə “20 Yanvar” abidə kompleksinin önünə əklil qoyaraq 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə azğınlaşmış imperiya ordusunun azadlıq və suverenlik mübarizəsinə qalxan əliyalın insanlara qarşı silahlı hücumları zamanı həlak olan Vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə ediblər.
İcra başçısı aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, hərbçilər, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, təhsil, idman, səhiyyə və mədəniyyət sektorlarının təmsilçiləri, qazilər, müharibə və əmək veteranları abidə kompleksinin önünə qərənfillər düzüblər. Sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın azad edilməsi, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, suverenliyinin bərpa olunması uğrunda həlak olan şəhidlərin məzarlarını ziyarət edərək onlara Allahdan rəhmət diləyiblər. Din xadimləri onların ruhuna dualar oxuyublar.
Hüzn əlaməti olaraq şəhərdə Azərbaycanın dövlət bayrağı endirilib. Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsi ilə səs siqnalları verilib. Günorta saatlarında Mingəçevir Dövlət Dram Teatrında Qanlı Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmmuş “Vətən” kompozisiyası nümayiş etdirilib. Tədbirlər planına müvafiq olaraq, şəhərin bütün idarə və müəssisələrində, təhsil-tərbiyə ocaqlarında, mədəniyyət, səhiyyə və idman müəssisələrində sislsilə tədbirlər təşkil olunub.
Şuşa
20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa şəhərində də ehtiramla yad edilib.
Saat 12:00-da Şuşa şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə avtomobillərin hərəkəti dayandırılıb, siqnallar verilib. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhər sakinləri şəhidlərin xatirəsini qürur və ehtiramla anıblar.
Ağdam
20 Yanvar faciəsinin 35-ci ildönümü Ağdam rayonunda da böyük ehtiramla yad edilib.
Rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri “Şəhidlər” abidə kompleksinin önünə tər qərənfillər düzüblər. Qəhrəman Vətən övladlarının ruhuna dualar oxunub.
Ümumrayon anım mərasimində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, faciəyə yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından, 20 Yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından bəhs ediblər.
Lənkəran
20 Yanvar faciəsinin 35-ci ildönümü Lənkəranda da dərin hüznlə yad edilib. Səhər saatlarından başlayaraq rayon sakinləri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gəlib, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai birliklərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri Şəhidlər abidə kompleksini ziyarət edib, abidə önünə və şəhid məzarlarının üzərinə tər güllər düzüblər.
Tədbir iştirakçıları Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan bədii-kompozisiyaya tamaşa ediblər. Qeyd edək ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon ərazisində mədəniyyət, təhsil, səhiyyə və digər qurumlarda silsilə tədbirlər, kitab və rəsm sərgiləri keçirilib, 20 Yanvar şəhidlərinin qəhrəmanlıqları səhnələşdirilərək tamaşalar nümayiş etdirilib. Şəhidlər abidə kompleksi gün ərzində ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.
Şirvan
Ümumxalq Hüzn Günü Şirvan şəhərində böyük izdihamla qeyd olunub.
Anım mərasiminin iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, “Əbədi məşəl” abidəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.
Şirvan şəhər Şəhidlər xiyabanında keçirilən anım tədbirində şəhid analarının şərəfinə ucaldılan “Şəhid anası” memorial abidə kompleksinin qarşısına əklil qoyulub. Kompleksinin qarşısında davam edən tədbirdə natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən danışıblar. Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi bir daha diqqətə çatdırılıb.
Tədbirdə şagirdlər 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Göyçay
Rayon mərkəzindəki Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra hakimiyyətinin başçısı Natiq Ağayev Şəhidlər Xiyabanındaki şəhidlərin abidə kompleksinə gül-çiçək dəstələri düzüb, 20 yanvar şəhidləri Rauf İsayev və Mehman Muradovun məzarları önünə əklik qoyub. Sonra tədbir iştirakçıları tərəfindən vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi anılıb.
Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.
Hazırladılar:
Əli NƏCƏFXANLI,
Hamlet Qasımov,
İlqar HƏSƏNOV
XQ