Fevral ayında doğulmuşam, anam da fevralda dünyaya gəlmişdi. Amma indi fevral mənim üçün təqvimin ən qara ayıdır. Aradan illər keçməsinə baxmayaraq, fevral gecəsinin sazağını, şaxtasını indi də canımda hiss edirəm, – deyə Xocalı soyqırımının şahidi, həmin hadisələrdən bəhs edən 21 kitabın və 7 sənədli filmin müəllifi Səriyyə Müslümqızı söhbət açır.
– Bir gecənin içində uşaqlığımı, gəncliyimi keçirdiyim doğma yurdum, mənə dünya qədər əziz olan ata ocağımız məhv oldu. Təsəvvür etmək çətindir ki, Xocalıda keçirdiyim günlərin yadigarı olan bircə şəklim də qalmayıb. Ən dəhşətlisi isə odur ki, həmin gecədə anamı, üç əmim oğlunu itirdim. Xocalıda ən böyük itkini verən bizim nəsil olub, nəslimizdən 49 nəfər həmin gecə qətlə yetirilib. Xocalıda həlak olan 63 uşaqdan 19-u, 70 qocadan 20-si mənim ən yaxın qohumum idi…
O, Xankəndi Pedaqoji Universitetini bitirib, orta məktəbdə müəllim işləyib. Ötən əsrin 90-cı illərindən sonra müxbirlik fəaliyyəti ilə məşğul olub. “Xocalının səsi”, “Səhər” və digər mətbuat orqanlarında çalışıb. 15 ilə yaxındır ki, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədridir. Türkiyədə, Almaniyada Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə əlaqədar müxtəlif tədbirlərin təşkilatçısı olub. Macarıstanda kütləvi qırğınların qarşısının alınması mövzusunda beynəlxalq tədbirin, Qarabağın işğalına qarşı Avstriyada və Bosniya-Herseqovinada keçirilən beynəlxalq konfransların iştirakçısıdır. “Faciəyə gedən yol”, “Xocalı yaşayır”, “Onlar heç vaxt böyüməyəcəklər”, “Xocalı ölməyib”, “Xocalıdan gələn var”, “Ölümdən o yandakı Xocalı”, “Xocalı uşaqları, qan içində qar çiçəyi”, “Dünya susmasın gərək”, “Sonda ümid ölür”, “Kəfəndən biçilən gəlinlik paltarı” kitablarının müəllifidir. Həmin kitabların çoxu bir neçə dildə çap edilib, “Onlar heç vaxt böyüməyəcəklər” kitabı isə türk, rus, ingilis, alman, ərəb, macar və malay dillərinə tərcümə olunub.
– Məni ən çox göynədən odur ki, soyqırımı baş verən gecə anamın qətlə yetirildiyi Qaraqaya ilə aramızdakı məsafə çox az olub. Amma mən nə onun harayına yetə bilmişəm, nə ona əlim çatmayıb, nə də bundan xəbərim olub, - deyə Səriyyə xanım ürək ağrısı ilə xatırlayır.
– Faciə gecəsi qətlə yetirilənlərin meyitləri Ağdam məscidində yuyata gətirilirdi. Onların çoxu yandırılaraq tanınmaz hala salınmış, gözləri çıxarılmış, başlarının dərisi soyulmuşdu. Anamın meyitini 23 gün sonra tapa bildim. Güllə kürəyindən dəyib ürəyindən çıxmışdı. Onun əyninə geyindiyi paltarı indi də son yadigar kimi saxlayırıq...
Bu yaxınlarda Xocalıda kütləvi məzarlığın aşkar edilməsi barədə danışan Səriyyə Müslümqızı deyib: “Qaniçən erməni quldurlarının Xocalıda kütləvi məzarlıqlar salması barədə çoxdan deyilirdi. Heç şübhəsiz ki, orada başqa məzarlıqlar da var. Neçə illərdən bəri apardığım şəxsi araşdırmalara görə, Qarqarçayın sahilində Xocalı sakini Cəlil kişinin ailə üzvlərinin də qəbirləri olmalıdır. Ermənilər faciə gecəsi zirzəmidə gizlənən ailə üzvlərini hamılıqla qətlə yetiriblər və ailə başçısının özünə həyat yoldaşı, oğlu, gəlini, qızı və nəvəsinin qəbrini qazdırıblar. Tam əminliklə deyirəm ki, Xocalının içində, hətta ətraf meşələrdə də başqa kütləvi məzarlıqların olması istisna edilmir”.
– Qarlı-çovğunlu gecədə ata ocağından ayrılanda dönüb doğma yerlərə baxdım və ürəyimdə tezliklə geri dönəcəyimə söz verdim. Lakin aradan çox uzun illər keçdi, bu illər ərzində mən demək olar ki, öz yurdumdan ayrılmadım, gündüz Xocalının xəyalları ilə yaşadım, gecələr onu yuxularımda gördüm, bu illər ərzində onun nisgili ilə yaşadım. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid əsgər və cəsur zabitlərin canı-qanı bahasına 32 ildən sonra yenidən əzizlərimizin ruhu dolaşan o yerlərə dönəcəyik. Açığını deyəcəyəm, Xocalıya dönmək mənim üçün heç də asan deyil. Bu illər ərzində gecə-gündüz məni bir an da olsun tərk etməyən xatirələrlə yenidən qol-boyun olmalı, ata ocağımızda çıraq yandırmalıyam. Axı bir vaxtlar mən o evdə anamla yaşayırdım, indi anamsız ora necə dönəcəyəm? - deyə Səriyyə xanım sual verir.
Süleyman QARADAĞLI