“Xocalı: Şahidlər danışır" kitabı 8 dildə təkrar dərc edilib

post-img

Yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Xocalı: Şahidlər danışır" kitabı Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi  ilə 8 dildə (Azərbaycan, türk, ingilis, rus, italyan, ispan, alman və fransız)  təkrar nəşr olunub.

Müəllif bildirib ki, kitabına Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu dəstək göstərib: "Xocalı soyqırımına aid olan bu kitabın oxucu əhatəsi xarici ölkələrdə daha çox olacaq. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevə minnətdarlığımı bildirirəm. Azərbaycan həqiqətlərinin tanınması yönümündə çox işlər görülür, hər birimiz yorulmadan bunu etməliyik".

Qeyd edək ki, kitaba ön sözü professor Elmira Süleymanova yazıb. Redaktoru İnsan Hüquqları üzrə Müvəkkil- Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, tərçüməçilər ADU-nun bir qrup müəllimidir.

Kitabda Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonu haqqında qısa ensiklopedik məlumatlar, eləcə də 26 fevral 1992-ci ildə Xocalı faciəsi şahidlərinin xatirələri yer alıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

XQ

Qan yaddaşı