Xocalı - əsrin faciəsi!

post-img

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Elə Xocalı soyqırımı kimi! Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi insanlıq tarixinə düşmüş bir neçə qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi və tarixi torpaqlarımızı geri qaytararaq ərazi bütövlüyümüzü təmin etdi. Xocalıda qətlə yetirilmiş yüzlərlə günahsız insanların qisası alındı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş “Xocalı - əsrin faciəsi!” adlı tədbirdə səslənib.

Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Muzeyin elmi işçisi H.Rəhimə Xocalı faciəsinə həsr olunmuş mühazirə ilə çıxış edib, Mstislav Rostropoviçin ifasında muzeyin zəngin fondunda yer alan P.Çaykovskinin repertuarından klassik musiqi nümunəsi səsləndirilib.

Anım mərasimində Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Bədii qiraət” dərnəyinin üzvləri bədii kompozisiya, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Xalq Çalğı Alətləri” şöbəsinin şagirdləri isə musiqi nömrələri ilə çıxış ediblər.



Qan yaddaşı