Nigeriyada prezident və parlament seçkiləri keçirilir

post-img

Bu gün Nigeriyada prezident və parlament seçkiləri keçirilir. Seçkilərlə əlaqədar yüksək təhlükəsizlik tədbirləri görülür.

AZƏRTAC Nigeriyanın Channels TV telekanalına istinadla xəbər verir ki, fevralın 25-də ölkə ərazisindəki 8 min 809 dairədə yerləşən 176 min 846 seçki məntəqəsində 93 milyon seçici səs verməlidir. Bu seçkilər bütün Afrika ölkələrinin diqqət mərkəzindədir. Belə ki, Nigeriya həm əhalinin sayına (213 milyon nəfər), həm də ümumdaxili məhsulun həcminə görə qitənin aparıcı ölkəsidir.

Prezident postu uğrunda aralarında bir qadının olduğu 18 namizəd mübarizə aparır. Ölkə konstitusiyasına əsasən, hazırkı Prezident Məhəmməd Buxari bu vəzifəyə iki dəfə seçildiyi üçün seçkilərdə iştirak edə bilməz. Seçki yarışında üç siyasətçi - hakim “Bütün tərəqqipərvər güclərin konqresi” partiyasının nümayəndəsi, Laqos ştatının sabiq qubernatoru Bola Tinubu, müxalif Xalq-demokratik partiyasının namizədi, sabiq vitse-prezident Atiku Əbubəkr və Leyborist partiyanın (Əmək partiyası) namizədi, Anambra ştatının sabiq qubernatoru Piter Obi favorit sayılır.

Fevralın 25-də ölkədə prezident seçkiləri ilə birgə parlament seçkiləri də keçirilir. Senatda 109 yer uğrunda 1101 namizəd, Nümayəndələr palatasında (parlamentin aşağı palatası) 360 mandat uğrunda isə 3 min 122 namizəd mübarizə aparır.

Seçki günü təhlükəsizliyin təmin olunmasına Nigeriya polisinin və güc strukturlarının 400 mindən çox əməkdaşı cəlb edilib. Hakimiyyət orqanları quru sərhədlərini bağlayıb, vətəndaşların hərəkətinə məhdudiyyətlər qoyub. Belə ki, 18 yaşından aşağı, yəni səsvermə hüququ olmayan nigeriyalıları evlərindən çıxmamalıdır.

Dünya