5 min hərbi qulluqçuya mənzil verilməsi bu qayğının önəmli göstəricisidir
Müstəqil Azərbaycan Respublikasının qurulması və güclənməsi yolunda xüsusi şücaət göstərən hərbçilərimizin dövlət qayğısı ilə əhatə olunması ölkə rəhbərliyinin sosial siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsini, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, dövlət büdcəsinin imkanları hesabına əməkhaqlarının və təqaüdlərin artırılmasını və onların layiqli həyat səviyyəsinin təmin olunmasını şərtləndirir.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan Ordusunun hərbi potensialı ilə yanaşı, hərbçilərin sosial müdafiəsi daha da gücləndirilib. Prezident İlham
Əliyevin təşəbbüsü və göstərişləri əsasında hərbi qulluqçular üçün yeni mənzillər və yüksək xidmətin tələblərinə cavab verən yaşayış evləri inşa olunaraq onların istifadəsinə verilib. Bu proses yalnız paytaxtla məhdudlaşdırılmayıb, bölgələrdə, xüsusən də azad edilmiş ərazilərdə sözügedən istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilib.
Hərbi qulluqçuların mənzil təminatı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirlikləri, eləcə də digər aidiyyəti qurumlar tərəfindən bu sahədə sistemli layihələr reallaşdırılıb. Hər il yüzlərlə hərbçiyə dövlət vəsaiti hesabına mənzillər verilib. Mənzil növbəsində olanların sayı tədricən azalıb, çünki bu sahədə şəffaf və davamlı mexanizm qurulub.
Yeri gəlmişkən, bununla bağlı bir fakta diqqət yetirək. Hərbçilərin mənzil təminatı üzrə yaradılan Komissiyanın bu il martın 11-də keçirilən iclasında Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli 131 mənzil hərbi qulluqçulara verilib. Bununla da dövlət vəsaiti hesabına mənzil alan hərbçilərin sayı 4167 nəfərə çatıb.
Qeyd edək ki, hərbçilərin mənzillə təminatı dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı əsasında yaradılmış Komissiyanın qərarları ilə həyata keçirilir. Müəyyənləşdirilən meyarlara əsasən, Azərbaycan Ordusunda 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular növbəliliklə ardıcıl şəkildə mənzillərlə təmin olunur. Komissiya tərəfindən Müdafiə Nazirliyinin hazırladığı siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir. Hər il yüzlərlə hərbçi dövlətin bu, mühüm sosial proqramından bəhrələnir.
Ən müasir tələblərə cavab verən yeni hərbi şəhərciklərin salınması, burada ailəli hərbi qulluqçular üçün şəraitin yaradılması həm onların xidməti fəaliyyətinə, həm də ailə həyatına müsbət təsir göstərib. Bu proses, eyni zamanda, ölkədə hərbçi peşəsinin cəlbediciliyini artırıb, gəncləri ordu sıralarında xidmətə ruhlandırıb.
Hərbçilərə dövlətin sosial qayğı siyasəti davamlı xarakter daşıyır və bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesi həyata keçiriləcək. Onların mənzil-məişət şəraiti ilə yanaşı, sosial təminatı da davamlı olaraq yaxşılaşdırılır, dövlət büdcəsinin imkanları hesabına onların əməkhaqları və təqaüdləri artırılır. 2025-ci ildən start verilmiş yeni sosial islahat paketinə uyğun olaraq, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən qulluqçularının aylıq vəzifə maaşları yanvar ayının 1-dən artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib, Müdafiə Nazirliyinin mülki işçilərinin də aylıq vəzifə maaşları 20 faiz artırılıb.
Ümumiyyətlə, büdcənin sosial xərclərinin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur, onların əməkhaqları, pensiya və təqaüdlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılır, aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələr ödənilir.
Ölkədə sosial təminat və maliyyə dəstəyinə də xüsusi önəm verilib. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər yalnız mənzil təminatı ilə kifayətlənilməyib. Onların əməkhaqları və təqaüdləri dövrün tələblərinə uyğun şəkildə davamlı olaraq artırılıb. Son illərdə dövlət büdcəsində bu məqsədlə ayrılan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə çoxalıb. Bu, təkcə sosial müdafiənin gücləndirilməsi kimi deyil, həm də dövlətin orduya və hərbçi ailələrinə olan hörmət və etimadının ifadəsi olaraq yüksək dəyərləndirilib.
Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramında daha öncül qaydada yararlanmasıdır. Belə ki, dövlət onlara bir sıra güzəştlər verməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini özü qarşılayır ki, bu da sosial qayğının daha bir nümunəsidir.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevim imzaladığı müvafiq fərmana əsasən, “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” təsdiqlənib. Yeni qaydalarla xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka kreditləri ilə dövlət dəstəyi göstərilib. Belə ki, fərmanın müddəalarına əsasən, ipoteka krediti ilə ev alan xüsusi təyinatlıların aylıq kredit ödənişinin yarısını dövlət ödəyəcəyi qərara alınıb. Bundan başqa, xüsusi təyinatlılar ipoteka krediti götürərkən ilkin ödənişi də dövlətin edəcəyi, gələcəkdə isə xüsusi təyinatlılara krediti bağlamaq üçün daha bir dəfə maddi dəstək veriləcəyi də nəzərdə tutulub.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, “Orduya göstərilən qayğı, əslində, dövlətçiliyin qorunmasına göstərilən qayğıdır”. Bu baxımdan hərbi qulluqçulara ayrılan maliyyə resursları ölkənin təhlükəsizlik strategiyasının mühüm hissəsi kimi qiymətləndirilə bilər.
Hərbi qulluqçuların sosial təminatının digər bir vacib istiqaməti də onların sağlamlıq məsələsidir. Bu sahədə də dövlət tərəfindən ciddi addımlar atılıb, müharibədən qayıdan qazilərin reabilitasiyası, tibbi və psixoloji dəstəklə əhatə olunmaları məqsədilə ixtisaslaşmış tibb müəssisələrinin fəaliyyətinə xüsusi önəm verilib. Onların bir çoxu dövlət vəsaiti hesabına müasir avadanlıqla təchiz edilib, peşəkar həkim komandaları formalaşdırılıb.
Qazilərə və şəhid ailələrinə xüsusi qayğı da diqqət mərkəzində saxlanılıb. Onlara mənzillər, avtomobillər təqdim edilib, övladları təhsil haqqından azad olunub, müxtəlif sosial güzəştlər tətbiq edilib. Bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün də bir sıra proqramlar həyata keçirilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı tarixi qələbədən sonra azad olunan torpaqlarda xidmət edən hərbi qulluqçular üçün müasir infrastrukturun yaradılmasına da xüsusi əhəmiyyət verilib. Bu ərazilərdə hərbi hissələr qurulmaqla yanaşı, zabit və gizir heyəti üçün yeni evlər tikilib, sosial obyektlər inşa olunub. Bu, ictimaiyyət tərəfindən yalnız strateji və hərbi cəhətdən deyil, sosial rifah baxımından da mühüm təşəbbüs kimi yüksək dəyərləndirilib.
Bu gün Azərbaycan Respublikasında hərbçilərə göstərilən qayğı və diqqət davamlı dövlət siyasətinin əsas sütunlarından birini təşkil edir. Bu siyasətin mərkəzində insan amili, vətənə xidmətin yüksək qiymətləndirilməsi, hərbi xidmətin nüfuzunun artırılması və ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsi dayanır.
Dövlətin sosial siyasətində hərbçilər üçün yaradılan bu şərait bir daha təsdiqləyir ki, Azərbaycanın güclü ordusu yalnız silahlanma ilə deyil, həm də sosial rifah, insan kapitalına yönələn diqqət və qayğı ilə möhkəmləndirilir. Bu isə uzunmüddətli və davamlı inkişafın, təhlükəsizliyin və suverenliyin əsl təminatıdır.
V.BAYRAMOV
XQ