Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

post-img

Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.

Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül dəstəsi qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb. Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlərdən və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

 











Ordu