Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir

post-img

Onlar daha çox “Qarabağ mücrüsü” adlı əməliyyat planı ilə tanınır. Hansı ki, həmin plan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət idi və Şanlı Zəfəri əldə etməyimizdə böyük rol oynadı.

Media nümayəndələri 106 illik tarixə malik Silahlı Qüvvələrimizin xüsusi qoşun növləri olan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrindən birinə baş çəkib. “Gözəgörünməz qəhrəmanlar”ın - səma şahinlərinin “gözlə görünə bilən” fəaliyyəti ilə tanışlıqdan bəhs edən yazını təqdim edirik.

Zəfər salnaməmizə qəhrəmanlıq və şücaət nümunələri ilə adlarını yazdıran HHQ-nin hərbi qulluqçuları arasında ən hündürlüyə - şəhidlik mərtəbəsinə yüksələnlər də olub. Sıralarından 5 Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən göylərinin etibarlı müdafiəçilərini yerdən dinləyirik.

“HHQ-nin hərbi qulluqçusu olmaq çətin, məsuliyyətli, eyni zamanda, çox şərəfli peşədir” deyən zabitlərdən biri fikirlərinə belə davam edib: “Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunda Hərbi Hava Qüvvələri mühüm yer tutub və böyük nailiyyətlər əldə edib. Müasir dövrdə Hərbi Hava Qüvvələrində təlim-tədris mərkəzləri, həmçinin gizir hazırlığı, zabit təkmilləşdirmə, ehtiyat zabit kursları yaradılıb. Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Hərbi Hava Qüvvələri inkişaf etməkdədir. Vətən müharibəsində HHQ-nin həm pilot, həm də texniki heyəti həftənin yeddi günü, sutkanın 24 saatı təyyarənin saz, həmçinin döyüş hazırlığı vəziyyətində saxlanılmasında böyük əziyyətlər çəkib. “Su-25” hücum təyyarəsi Vətən müharibəsi zamanı uzaq məsafədən hədəflərin vurulmasını böyük dəqiqliklə yerinə yetirib. İkinci Qarabağ müharibəsinin iştirakçıları arasında olmaqdan qürur duyuram. Dövlətimizin başçısı fəaliyyətimizi yüksək qiymətləndirərək bizi medal və ordenlərlə təltif edib.

Qırx dörd günlük müharibədə qazanılan Zəfər bizi arxayınlaşdırmadı, əksinə, ordu quruculuğuna diqqət daha da artırıldı. Son illərdə “Su-25” hücumçu bombardman təyyarəsi müəyyən silah sistemləri, həmçinin təyyarə lazer tipli silahlarla təmin olunub. Həmin təyyarələrlə təlimlərə cəlb edilir, Qazaxıstan, Türkiyə və digər ölkələrlə təlim uçuşları yerinə yetiririk. Həm təcrübəmizi artırır, həm də dövlətimizi adına layiq şəkildə təmsil edirik”.

Azərbaycan Ordusunda 13 ildir ki, xidmət edən HHQ-nin digər hərbi qulluqçusu 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində bütün döyüş tapşırıqlarını, əmrləri dəqiq və vaxtında yerinə yetirdiklərini fəxrlə vurğulayıb: “Hər kəs yalnız Qələbəyə köklənərək öz xidməti borcunu böyük peşəkarlıqla yerinə yetirdi. Əslində bunun təməlində illərdir aparılan islahatlar, keçirilən təlim uçuşları dayanırdı. Təlimdə tökülən tər, döyüşdə Zəfərimizə gətirib çıxardı. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının artırılmasına, müasir silahlarla təchiz edilməsinə müharibədən sonra da diqqət yetirilməkdədir. Yeni tip təyyarələr, hava hücumundan müdafiə sistemləri, əlavə PUA-lar alındı. Təlimlər, pilotların uçuş saatları daha da artırıldı. Bu, bizim müharibədən sonra da ayıq-sayıqlığı itirməməyimizin göstəricisidir. Çox şadam ki, Silahlı Qüvvələrimizin yaradılmasının 106-cı ildönümünü bütöv və səmasından qara buludları dağıdılmış Azərbaycanda qeyd edirik”.

Hava Hücumundan Müdafiə Qoşunlarının zabiti isə bildirib ki, onların vəzifəsi bütün hava hədəflərinin izlənilməsi, cari vəziyyətdə yerlərinin təyin edilməsidir: “Onların yerdən müşahidə olunması və idarə olunmasını həyata keçiririk. Vətən müharibəsində də bu istiqamətdə uğurlu fəaliyyət sərgiləmiş, həm düşmən hədəflərinin aşkarlanmasını, eyni zamanda, öz uçuşlarımızın təhlükəsizliyinin təmin olunmasını həyata keçirmişik. Hazırda bizim qoşunlarda yeni radar sistemlərinin alınması və onların təkmilləşdirilməsi işləri aparılır. Hava sərhədlərimizin qorunması üçün məlumat mübadiləsi sahəsində də müəyyən tədbirlər görülür. Aparılan islahatlar və yeniliklər davam edəcək”.

Mediatur zamanı, jurnalistlər pilotların uçuş hazırlığı prosesi ilə tanış olub, şahinlərimizin Vətən səmasında sərgilədikləri uçuş şousunu izləyib, məharətlərinə yaxından şahidlik ediblər.

Bir daha əmin olduq ki, ölkəmizin başı üstünü bir daha qara buludlar ala bilməyəcək, çünki Vətən səması əmin əllərdədir...

Ordu