“Təlimlərin Naxçıvan, Bakı və düşmən işğalından azad edilən ərazilərdə keçirilməsi xüsusilə diqqətçəkən məqamlardandır. Ordular çox zaman sülhün təmin edilməsi və qorunması üçün öz güclərini nümayiş etdirirlər. Azərbaycan və Türkiyənin birgə hərbi təlimi də Cənubi Qafqazda sülhün davamlılığına xidmət edir”.
Bu fikirləri “Mustafa Kamal Atatürk–2023” birgə taktiki təliminin əhəmiyyəti haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz XQ-yə dedi.
Karauz birgə təlimi bölgəni qarışdırmaq istəyən ölkələrə güclü mesaj olduğunu bildirdi: “Keçirilən təlim bölgəni qarışdırmaq istəyənlərin mövcud olduğu çətin geosiyasi şəraitdə Azərbaycanın yaratdığı yeni reallıqla barışmaq istəməyən Ermənistan, Fransa kimi ölkələrə verilən bir mesajdır. Digər tərəfdən, təlimə Özbəkistan, Qazaxıstan, Tacikistan kimi ölkələrin yüksək vəzifəli nümayəndələrinin qatılması ona xüsusi bir məna qatırdı”.
General vurğuladı ki, Türkiyə Ordusu NATO-nun ikinci, Azərbaycan Ordusu isə Cənubi Qafqazın birinci ən güclü ordusudur.
Rizvan FİKRƏTOĞLU
XQ