Keşlədəki “Şah Abbas” məscidi yeni simada

post-img

Keşlə sakinlərinin qəsəbədə yerləşən “Şah Abbas” məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdikləri müraciətlə əlaqədar möhtərəm Prezidentimizin tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılmış və müvafiq işlərə başlanılmışdır.

Layihəyə uyğun olaraq “Şah Abbas” məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi keçirilmiş, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilmişdir. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanmışdır. Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldrılması məqsədilə ineksiya işləri aparılmışdır. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilmiş, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunmuş və yenilənmişdir. Daxildə sonradan görülmüş suvaq işləri sökülmüş, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılmışdır. Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuş, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilmişdir. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 m2 sahədə yenidən inşa edilmişdir. Burada din xadimləri üçün otaq, ərasim zalı (80  yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulmuşdur. Məscidin həyətinə daxil olmaq üçün iki ədəd giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilmişdir.

Qeyd edilib ki, məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilmişdir, sahəsi 139 m2 (11.8x11.8), ümumi ərazisi 1300 m2 (0.13 ha), yerli əhəmiyyətli memarlıq abidəsidir (inv № 2860) və dövlət tərəfindər qorunur.

Əlavə olaraq “Şah Abbas” məscidinin ətraf ərazilərində, Kamran Əfkari və  Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq və təmir işləri aparılmış, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənmiş, yaxın məhəllələrə asfalt örtüyü vurulmuş, kommunikasiya xətləri təmir təmir edilmiş, küçə işıqları sistemi yenidən qurulmuş,  yaşıllıqlar salınmış, çoxlu sayda  yeni  ağaclar, bəzək kolu və güllər əkilmişdir. 

Həmçinin Keşlə Şəhidlər Xiyabanında  təmir işləri görülmüş, yeni Bulaq Kompleksi inşa edilmiş, istirahət guşəsi yaradılmışdır.

Qeyd olunan işlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir.

Sosial həyat