The Times: İngiltərə 2014-cü ilə qədər 43 ədəd "Challenger-2" tankını məhv edib

post-img

Böyük Britaniya 2010-2014-cü illər arasında 43 ədəd "Challenger-2" tankını məhv edib. Bu barədə "The Times" açıqlamalara istinadən yazır. Bu, vergi ödəyicilərinə 4,3 milyon funt-sterlinqə başa gəlib. Qəzetin yazdığına görə, bu tanklar indi Ukraynaya göndərilə bilərdi.

Böyük Britaniya hökuməti 1990-cı illərdə 386 ədəd "Challenger-2 alıb. 2010-cu ilə qədər onlardan 40-ı zərərsizləşdirilib. İndi məlum olur ki, Müdafiə Nazirliyi tankların sayını 227-dən 148-ə endirməyi planlaşdırır. Tankların, həmçinin “Challenger-3”ə qədər təkmilləşdirilməsi də gözlənilir. 75 ədəd “Challenger-2” uzun müddətə anbarda yerləşdirilib.

İcmalar Palatasının müdafiə komitəsinin rəhbəri Tobias Ellvud Ukraynaya uzun müddətə anbarda olan 75 ədəd tankın göndərilməsini təklif edir. Eyni zamanda, o qeyd edir ki, Böyük Britaniyada istismara yararlı tankların sayı bir tank alayı səviyyəsində ola bilər - təxminən 44 ədəd.

Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü qəzetə xatırladıb ki, “Challenger-2” eskadronu Ukraynaya yüksək hazırlıqlı tanklar donanmasından gətirilib: "Uzun müddət saxlanılan tankların təhvil verilməsi Ukraynaya o qədər də effektiv kömək etməyəcək".

Böyük Britaniya Ukraynaya Qərb istehsalı olan ağır tankların tədarükünü təsdiqləyən ilk ölkə olub. Ümumilikdə Kiyevə 14 ədəd “Challenger- 2” tankı, həmçinin onlar üçün 4000 döyüş sursatı göndərilib.

S.ELAY,

"Xalq qəzeti"

Ordu