№ 238 Bakı şəhəri, 2 avqust 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın 8.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1392 (Cild I) ilə təsdiq edilmiş “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.3-1-ci və 7.7-ci bəndlər əlavə edilsin:
“1.3-1. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan müsabiqənin keçirilməsi üçün təklif sayı (təkrar müsabiqə istisna olmaqla) ikidən az olmamalıdır.”;
“7.7. Müsabiqəyə təqdim olunmuş təklif zərfləri 5 (beş) il ərzində sosial xidmət üzrə sifariş verən orqanda saxlanılır.”.
2. 2.1.1-ci yarımbəndə “şərtlərini” sözündən sonra “, o cümlədən sifarişlər çərçivəsində göstərilən xidmətlərin minimum səviyyəsinə dair tələbləri” sözləri əlavə edilsin.
3. 7.2-ci bəndə “Müsabiqə” sözündən sonra “bu Qaydanın 1.3-1-ci bəndi nəzərə alınmaqla” sözləri əlavə edilsin.
4. 8-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:
“8.1. Dövlət sifarişləri ilə bağlı müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti sifarişi verən orqan həyata keçirir. Bu məqsədlə sifarişi verən orqan müqavilənin qüvvədə olduğu müddət ərzində bir dəfədən az olmayaraq müqavilə üzrə öhdəliklərin monitorinqini aparır. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyi və yaxud tam və keyfiyyətlə yerinə yetirilmədiyi halda sosial xidmət üzrə sifarişi verən orqan icraçıya qarşı sosial xidmət müqaviləsində nəzərdə tutulmuş sanksiyanın tətbiq olunmasına dair qərar qəbul edir.
8.2. Sifarişi verən orqan icraçıya layihə risklərinin idarə edilməsi, layihəyə təsir edə biləcək potensial risklərin müəyyən edilməsi, təhlili və preventiv tədbirlər görülməsi barədə göstəriş verə bilər.”.
5. Həmin Qaydaya əlavə - “Sosial xidmət sifarişi üzrə müqavilənin Nümunəsi” üzrə:
5.1. 5.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.1.1. Müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə və maliyyə hesabatlarını sosial xidmətin müddətindən asılı olaraq (6 (altı) ayadək müddətli müqavilələr üzrə aylıq, 1 (bir) ilədək müddətli müqavilələr üzrə rüblük) Sifarişçiyə aylıq və ya rüblük qaydada təqdim etməlidir;”;
5.2. aşağıdakı məzmunda 5.1.1-1-ci yarımbənd əlavə edilsin:
“5.1.1-1. sifariş çərçivəsində göstərilən xidmətlərin minimum səviyyəsinə dair tələblərə riayət etməklə müqavilədə nəzərdə tutulmuş öhdəlikləri, habelə sifarişçi tərəfindən layihə risklərinin idarə edilməsi, layihəyə təsir edə biləcək potensial risklərin müəyyən edilməsi, təhlili və preventiv tədbirlər görülməsi barədə verilmiş göstərişləri yerinə yetirməlidir;”;
5.3. 5.1.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.3-5.1.7-ci yarımbəndlər əlavə edilsin:
“5.1.3. maliyyə vəsaitindən müqavilə ilə müəyyən edilmiş dövr ərzində müqavilənin şərtlərinə uyğun istifadə edir;
5.1.4. Sifarişçinin nümayəndəsinin müqavilənin icrası ilə bağlı monitorinqi həyata keçirməsinə şərait yaradır;
5.1.5. müqavilənin icrası ilə əlaqədar Sifarişçinin tələb etdiyi maliyyə hesabatlarını vaxtında təqdim edir;
5.1.6. müqavilədə nəzərdə tutulmuş tədbirlərin keçirilmə yeri və vaxtı barədə həmin tədbirə azı 5 (beş) iş günü qalmış Sifarişçiyə məlumat verir;
5.1.7. sifariş çərçivəsində icra olunan layihələrdə qida təhlükəsizliyi, texniki-təhlükəsizlik, sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına əməl olunmasına təminat verir.”;
5.4. 5.2.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.2.4-cü yarımbənd əlavə edilsin:
“5.2.4. zərurət yarandıqda layihənin icrasına dəstək məqsədilə müvafiq dövlət orqanlarına (qurumlarına) sorğu və ya məlumat göndərir.”;
5.5. 9-cu hissənin mətni 9.1-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 9.2-ci bənd əlavə edilsin:
“9.2. Sifarişin icrası başa çatdığı gündən ən geci 1 (bir) ay müddətində son icra hesabatı təqdim edilməlidir.”;
5.6. aşağıdakı məzmunda 12.3-cü bənd əlavə edilsin:
“12.3. Sifarişçi icraçının müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə dair monitorinq keçirmək, layihə (sifariş) üzrə fəaliyyətini qiymətləndirmək və qiymətləndirmə nəticəsindən asılı olaraq bu müqavilənin 12.1-ci bəndinə uyğun olaraq müqaviləni ləğv etmək (müqavilənin icrası zamanı çatışmazlıqların aradan qaldırılması mümkün olan hallar istisna olmaqla) hüququna malikdir.”.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri