№ 16 Bakı şəhəri, 30 yanvar 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda və 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1186-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 avqust tarixli 180 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188, (Cild I); 2024, № 1, maddə 111) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bənd üzrə:
1.1.1. birinci cümlədən “(Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla)” sözləri çıxarılsın və həmin cümlədə “Nazirliyi” sözü “Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
1.1.2. ikinci cümlədə “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən” sözləri “Agentlikdən” sözü ilə əvəz edilsin;
1.2. 3.5-ci bənddə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;
1.3. 3.7-ci və 3.8-ci bəndlərdə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Bakı Nəqliyyat Agentliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin.
2. “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145, (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
2.2. 2.3-cü, 2.6-cı bəndlərdə, 2.7-ci bəndin ikinci cümləsində, 5.2-ci, 12.2-ci bəndlərdə və XIII bölmədə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
2.3. 2.5-ci bənddə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;
2.4. Əsasnaməyə 1 nömrəli əlavə - “Avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün ərizənin nümunəvi forması”nda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” sözləri ilə əvəz edilsin;
2.5. Əsasnaməyə 3 nömrəli əlavə - “Avtovağzalın (avtostansiyanın) pasportunun nümunəsi”ndə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri