Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 269 Bakı şəhəri, 21 may 2024-cü il 

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qiy­mətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli .107 nömrəli Qərarının ləğv edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qiymətlən­dirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr ta­rixli 1052-VIQ nömrəli Qanununun icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 182 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasında notariat hərəkətlərinin aparılma­sı qaydaları haqqında Təlimat”ın 86-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasın ikinci cümləsində “səriştəli şəxslərin rəyinə əsasən” sözlə­ri “qiymətləndirici tərəfindən” sözləri ilə əvəz edilsin;

1.2. beşinci abzasın ikinci cümləsin­də “Qiymətləndiricinin əməyinin haqqını” sözləri “Qiymətləndirməyə görə xidmət haqqını” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 211 (Cild I) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahib­siz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barə­də Əsasnamə”nin 2.2-ci bəndinin ikinci cümləsinə “hesabatda” sözündən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilən məlumat­larla yanaşı” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 392 (Cild I); 2024, № 1, maddə 105) ilə təsdiq edilmiş “Karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profila-ktikası, diaqnostikası, müalicəsi və ləğvi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilmə­si Qaydaları”nın 3.1-ci və 4.1-ci bəndlə­rində “qiymətləndirmə fəaliyyəti ilə bağlı xərclər də” sözləri “qiymətləndirməyə görə xidmət haqqı da” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1450 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmla­kın açıq hərracda satılması Qaydası”nın 3.16-cı bəndində “qiymətləndirilməsi və ekspertizadan keçirilməsi ilə bağlı xərc­lər” sözləri “ekspertizadan keçirilməsi ilə bağlı xərclər və qiymətləndirməyə görə xidmət haqqı” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1617 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmla­kın dövlət nəfinə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.4-cü bəndin ikinci cümləsinə “əmlakın” sözündən sonra “məcburi” sözü əlavə edilsin;

5.2. 2.5-ci bənd aşağıdakı redaksiya­da verilsin:

“2.5. Qiymətləndirməyə görə xidmət haqqı “Qiymətləndirmə fəaliyyəti haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun 17.2-ci maddəsinə uyğun olaraq ödənilir.”;

5.3. 2.7-ci bəndə “hesabatda” sö­zündən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qa­nununun 10.2-ci maddəsində göstərilən məlumatlarla yanaşı” sözləri əlavə edil­sin.

6. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 484 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2023, № 12 (II kitab), maddə 1819 (Cild I) ilə təsdiq edilmiş “Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensa-siyanın verilməsi şərtləri və mexanizmi”nin 3.4.4-cü yarım­bəndində “edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac” sözləri “edilməsi zərurəti” sözləri ilə əvəz edilsin. 

7. “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymət-ləndiricilərin hazırlanması Qaydaları haqqında” Azər­baycan Respub-likası Nazirlər Kabineti­nin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2000, № 6, maddə 472 (Cild I) ləğv edilsin.

8. Bu Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları