№ 146 Bakı şəhəri, 13 mart 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli 1960 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1034 (Cild I) ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 avqust tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na uyğun olaraq maliyyə hesabatlarının tərkib hissələri “Maliyyə vəziyyəti haqqında hesabat”dan, “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”dan və “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”dən ibarətdir.”.
2. Mətn üzrə ismin müvafiq hallarında “maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” sözləri ismin müvafiq hallarında “maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat” sözləri ilə, ismin müvafiq hallarında “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” sözləri ismin müvafiq hallarında “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat” sözləri ilə əvəz edilsin.
3. “8. Mühasibat uçotunun Hesablar Planı” üzrə:
3.1. “Hesabın nömrəsi” sütununda “241”, “242”, “243” rəqəmləri müvafiq olaraq “231”, “232”, “233” rəqəmləri ilə əvəz edilsin və həmin sütundan “609”, “610”, “708” rəqəmləri çıxarılsın;
3.2. “Bölmə, maddə və hesabların adı” sütununda “Üzvlük haqları” sözləri “Üzvlük haqqı” sözləri ilə, “Əmlakdan götürülən gəlir” sözləri “İanə” sözü ilə, “Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan başqa fəaliyyətdən götürülən gəlir” sözləri “Dövlət maliyyə yardımı” sözləri ilə, “İanələr şəklində götürülən gəlir” sözləri “Çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir” sözləri ilə, “Seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait” sözləri “İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir” sözləri ilə, “Aşağı təşkilatların ödənişləri” sözləri “Mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir” sözləri ilə, “Dövlət büdcəsindən ayrılan vəsait” sözləri “Hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak” sözləri ilə, “Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak” sözləri “Qanunla qadağan olunmayan digər gəlirlər” sözləri ilə, “Aşağı təşkilatlara ödənişlər” sözləri “Yerli (aşağı) təşkilatlara ödənişlər” sözləri ilə əvəz edilsin və həmin sütundan “Digər gəlirlər (o cümlədən borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)”, “Cəmi gəlirlər” və “Cəmi xərclər” sözləri çıxarılsın.
4. 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“13.1. Təşkilatın gəlirləri aşağıdakı kimi formalaşır:
13.1.1. “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 60-cı maddəsində ümumiləşdirilir:
13.1.1.1. üzvlük haqqı;
13.1.1.2. ianə;
13.1.1.3. dövlət maliyyə yardımı;
13.1.1.4. çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
13.1.1.5. ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
13.1.1.6. mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
13.1.1.7. hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
13.1.1.8. qanunla qadağan olmayan digər gəlirlər.
13.1.2. “Üzvlük haqqı” hesabında təşkilatın üzvlük haqqı kimi əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.1.3. “İanə” hesabında təşkilatın ianə kimi əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.1.4. “Dövlət maliyyə yardımı” hesabında təşkilatın dövlət maliyyə yardımı hesabına əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.1.5. “Çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir” hesabında təşkilatın çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.1.6. “İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir” hesabında təşkilatın ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.1.7. “Mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir” hesabında təşkilatın mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.1.8. “Hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak” hesabında təşkilatın hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə etdiyi əmlak üzrə gəlirlərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.1.9. “Qanunla qadağan olunmayan digər gəlirlər” hesabında təşkilatın qanunla qadağan olunmayan digər gəlirlərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.”.
5. 13.2-ci bənd, 13.2.1-ci (13.2.1.1-13.2.1.7-ci abzaslar istisna olmaqla) və 13.2.2-13.2.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“13.2. Təşkilatın xərcləri aşağıdakı kimi formalaşır:
13.2.1. “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da xərclər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 70-ci maddəsində ümumiləşdirilir.
13.2.2. “Cari işlərə sərf olunan vəsait” hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.2.3. “Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər” hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.2.4. “İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər” hesabında təşkilatın seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.2.5. “Yerli (aşağı) təşkilatlara ödənişlər” hesabında təşkilatın yerli (aşağı) təşkilatların (filialların, nümayəndəliklərin və digər struktur bölmələrinin) saxlanılması ilə bağlı əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.2.6. “Kreditlər üzrə faizlər” hesabında təşkilatın gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.2.7. “Fərdi xərclər” hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan ezamiyyə və nümayəndəlik xərcləri uçota alınır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
13.2.8. “Sair xərclər” hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məbləğlər uçota alınır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri “Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.”.
6. 13.2.1.4-cü abzasda “aşağı təşkilatlara ödənclər” sözləri “yerli (aşağı) təşkilatlara ödənişlər” sözləri ilə əvəz edilsin.
7. 13.3.1-ci yarımbənddə “əldə edilmiş cəmi gəlirlərindən cəmi xərcləri” sözləri “maliyyə hesabatının 60-cı maddəsi üzrə əldə edilmiş gəlirlərindən maliyyə hesabatının 70-ci maddəsi üzrə xərcləri” sözləri ilə əvəz edilsin.
8. 13.3.2-ci yarımbəndə “Ümumi mənfəət (zərər)” sözlərindən əvvəl “Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri