Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 37 Bakı şəhəri, 23 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 387 (Cild I) ilə təsdiq edilmiş “Xü­susi əhəmiyyətli əsas vəsaitlərin (fondla­rın) meyar göstəriciləri” yeni redaksiyada verilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 yanvar tarixli 37 nömrəli Qərarı ilə yeni redaksiyada verilmişdir.

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri

1. Ekologiya, müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, müdafiə sənayesi, yanğından mühafizə və mülki müdafiə təyinatlı, dövlət və səfərbərlik ehtiyatları saxlanılan əsas fondlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və dövlətə məxsus hüquqi şəxslərin balansında olan binalar, o cümlədən onların struktur komponentləri və digər daşınmaz əmlaklar (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

2. Qurğular və onların struktur komponentləri:

2.1. körpülər, tunellər, bütün növ limanlar, o cümlədən aerodromlar, uçuş-enmə zolaqları və dönmə dairələri (dəyərindən asılı olmayaraq);

2.2. xüsusi radio-televiziya qüllələri, rabitə qurğuları və peyklər (dəyərindən asılı olmayaraq); 

2.3. avtomobil yolları və dəmir yolları (ilkin dəyəri 500 min manatdan yuxarı olan);

2.4. digər qurğular (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

3. Elektrik, metropoliten və dəmiryol stansiyaları (dəyərindən asılı olmayaraq).

4. Ötürücü qurğular və onların struktur komponentləri - metal və dəmir-beton dayaqlar üzərində qurulmuş gərginliyi 220 kvt-dan yuxarı olan elektrikötürücü naqillər, qaz, su və kanalizasiya kəmərləri, neft və neft məhsulları üçün kəmərlər (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

5. Maşın və avadanlıqlar (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

6. Bütün növ nəqliyyat vasitələri (ilkin dəyəri 1,0 mln. manatdan yuxarı olan).

7. Tərkibində qiymətli metalların dəyəri 50 min manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar).

Nazirlər kabinetinin qərarları