Jurnalist tərəfsiz olmalıdır

post-img

Azərbaycan Mətbuat Şurası nələri tövsiyə edir?

Azərbaycan Mətbuat Şurası bəzi jurnalistlərin bir neçə gün əvvəl metronun Nəriman Nərimanov stansiyası yaxınlığında keçirilmiş icazəsiz aksiyanı işıqlandırmalarındakı yolverilməz məqamlarla bağlı açıqlama yayıb. 

Açıqlamada bildirilib ki, jurnalistlərin mitinqlər, piketlər, nümayişlər, ümumən, kütləvi aksiyalar zamanı informasiya toplamaq və yaymaq hüququ var. Amma bu hüquq media təmsilçilərini tərəfə çe­virməməli, elə təəssürat yaranmamalıdır ki, onlar hansısa qütbün maraq və mə­nafelərindən irəli gələn fəaliyyət göstə­rirlər. 

“Jurnalistlər küçə aksiyalarında ob­yektiv davranmalı, soyuq yanaşmaları ilə seçilməli, durumun həssaslığını ciddi şəkildə düşünərək yalnız cəmiyyətin in­formasiya almaq hüququnun təminatçısı rolunda çıxış etməlidirlər. Onların özləri deyil, hadisə yerindən hazırladıqları ma­terialların ictimai yükü ön planda dayan­malıdır”, - deyə açıqlama vurğulanıb. 

Mətbuat Şurası, eyni zamanda, bil­dirib ki, Azərbaycan mediası ötən müd­dətdə kütləvi aksiyaların işıqlandırılması istiqamətində təcrübə toplayıb, peşəkar vərdişlərə yiyələnib. Amma təəssüf ki, bəzən bu müsbət dinamikaya zidd me­yillər qalmaqdadır: “Paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında keçiril­miş icazəsiz aksiyada bəzi jurnalistlərin, xüsusilə jurnalist Gülnaz Qəmbərlinin davranışları bunu söyləməyə əsas ve­rir. Həmin aksiya zamanı belə qənaət formalaşdı ki, media təmsilçiləri prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmış, öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətir­məyə və ümumilikdə vəziyyətin gərgin­ləşməsinə çalışmışlar”. 

MŞ-nin açıqlamasında jurnalistlərin kütləvi aksiyalar zamanı münasib yer­lərdə peşə vəzifələrini yerinə yetirmələri məsələsinin dünya təcrübəsində də ək­sini tapdığı vurğulanıb. Qeyd olunub ki, bu təcrübəyə əsasən media nümayən­dələrinin hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları ara­sında hadisələrin gərginləşdiyi məqam­larda tərəflərin heç biri ilə mübahisəyə girməməli, qıcıq doğuracaq fikir və ifa­dələr işlətməməlidir. 

“Jurnalistlər prinsip etibarilə onu da mütləq nəzərə almalıdırlar ki, hansısa kütləvi aksiya vacibdirsə, onu cəmiyyətə təqdim etmək qərarına gəlirlərsə, bu zərurətin ödənməsinin qarşısını alacaq hərəkətlərdən uzaq durulmalıdır. Xidmə­ti vəzifələrini yerinə yetirən hüquq-mü­hafizə orqanlarının əməkdaşları ilə mü­bahisə, onları gözdən salmaq cəhdi, yersiz ifadələrin işlədilməsi, aqressiv ton, istər-istəməz, ictimai maraq amilini riskə atır, ümumən, peşəkar jurnalistika dəyərləri ilə bir araya sığmayan durum formalaşdırır” kimi fikirlərin əksini tapdığı açıqlamada, həmçinin kütləvi aksiyaları işıqlandıran jurnalistlərə, özünü cəmiy­yətə informasiya verməyə məsul sayan ayrı-ayrı şəxslərə Şuranın tövsiyələrinə əməl etmək məsləhət bilinib.

R.AMİN

Son xəbərlər