AŞPA-nın Azərbaycan “problemi”: ədalətsizliyin anatomiyası

post-img

I HISSƏ

Demokratiya sözdə deyil, hüquq və əməldə olur.

Müəllif 

“Siyasi aşbazlıq”: qəribə Qərb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bütövlükdə Avropa İttifaqı və ATƏT kimi “siyasi aşbaz­lıq”la məşğuldur. Yəni onlar məsələləri hüquq və ədalət prinsipləri ilə həll etmək əvəzinə, əsas olmadan “ocağı körükləyir və problemi dərinləşdirirlər”. Bununla da “ya­lanlar bişirilir” və həqiqət formasında “siyasət süfrəsi”nə gətirilir. 

AŞPA-nın Avropadan olan bir sıra deputatları açıq­ca kənar sifarişləri yerinə yetirirlər və ikili standarta görə davranırlar. Elə situasiyalar olur ki, AŞPA çox sadə şəkildə yalan və qərəz nümayiş etdirir. Bunun Azərbay­cana münasibətlə bağlı kifayət qədər nümunələri var. 

Bundan başqa, diqqəti çəkən məqamlardan biri, Aİ-də liderlik uğrunda rəqib olan Fransa və Almaniyanın AŞPA-da ədalətsiz davranış müstəvisində birləşmələ­ridir. Əslində, pərdəarxası mənzərəyə nəzər salanda burada qeyri-adi və gözlənilməz heç nə yoxdur. Öncə, AŞPA-nın Azərbaycanla bağlı son müzakirəsinə medi­adakı ənənəvi yanaşmalardan bir qədər fərqli bucaq altında baxaq.

AŞPA: nə etməli?

Bu təşkilat 1949-cu ilin 10 avqus­tunda yaradılıb. Onun fuksiyası Avropa Şurasının parlament qolunu yerinə ye­tirməkdir. Həmin funksiya Avropa İttifaqı, Avropa Şurası və AŞPA-nın özünün rəs­mi sənədləri ilə müəyyən olunub. Sənəd­lərə görə, AŞPA insan hüquqlarını, de­mokratiyanı və qanunun aliliyini müdafiə etməlidir. 

AŞ-yə 46 dövlət üzvdür. Say dəyişə bilir. Üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 deputat Assambleyanı təşkil edirlər. Nazirlər Komitəsi ilə bir­likdə AŞ-nin iki qanuni orqanından biri AŞPA-dır. Bunlarla yanaşı, Assambleya ədalət, hüquq və qəbul edilmiş qayda­lar əsasında AŞPA hökumətlərini bir sıra məsələlərdə dialoq vasitəsi ilə monitorinq edə bilər. AŞPA AŞ ilə birlikdə Aİ-nin büd­cəsini təsbit edər. Eyni zamanda, Aİ adı­na xarici müqavilələr imzalayır. 

AŞPA bütün bu işləri beynəlxalq hüquq çərçivəsində, ədalətli və qərəzsiz görməlidir. Deməli, onun başlıca funk­siyası, yəni “nə etməli?” sualına cavabı vurğulanan prinsiplər əsasında fəaliyyət göstərmək olmalıdır. Bəs reallıq necə­dir? Xüsusilə, Azərbaycana münasibət məsələsində AŞPA hüquqa, ədalətə, tərəfsizliyə, qanuna və obyektivliyə əməl edirmi? Faktlara baxaq.

1416-cı qətnamə: söz və əməldə ayrılıq

2005-ci il yanvarın 25-də AŞPA Azər­baycanın işğal olunmuş ərazisindəki si­tuasiya ilə əlaqəli sənəd qəbul etmişdir. Sənəd belə adlanır: “Həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğu Dağ­lıq Qarabağ regionundakı (?- F.Q.) mü­naqişə haqqında”. Sənədi AŞPA-nın siyasi məsələlər üzrə komissiyası ha­zırlamışdır. Orada qeyd olunurdu ki, müstəqillik əldə etdikdən sonra Azər­baycan Respublikasının ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaqla tanınmış­dır. Qətnamədə göstərilir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağı işğal etmişlər və separatçılar oraya nəzarət edirlər. Böl­gədə etnik təmizlənmə aparılmış və mo­noetnik mühit yaranmışdır (yəni ancaq ermənilərdən ibarət icma qalmışdır-F.Q.). Zor tətbiq etməklə heç bir dövlətin ərazisi ondan alına bilməz. Etnik təmizləmə qə­bul edilməzdir. Nəhayət, sənəddə vurğu­lanırdı ki, vəziyyətdən çıxış yolu BMT-nin məlum 4 Qətnaməsinə əməl etməkdədir. Və işğal olunmuş bütün ərazilərdən silah­lı qüvvələr çıxarılmalıdır. 

Azərbaycan Respublikasının Par­lamenti bu sənədə reaksiya vermişdir. 2005-ci il iyunun 17-də Milli Məclis AŞ­PA-ya Müraciət qəbul etmişdir. Həmin Müraciətdə deyilir: “Azərbaycan Respub­likasının Milli Məclisi tələb edir ki, qon­darma “Dağlıq Qarabağ respublikasının parlamenti”nə “seçkilər” keçirilməsi qə­tiyyətlə pislənilsin, Avropa Şurasına daxil olan ölkələrin rəsmi nümayəndələrinin bu “seçkilər”də müşahidəçi qismində iş­tirakı Avropa Şurasının prinsiplərinə zidd olduğundan, yolverilməz hesab edilsin. Azərbaycan Respublikasının parlamenti Avropa Şurasının Parlament Assamble­yasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ni­zama salınması prosesinə kömək etmək üçün səylərini artırmağa çağırır”. 

Azərbaycan tərəfinin qəbul etdiyi sənəddə hüquqi və siyasi baxımdan prin­sipial əhəmiyyət kəsb edən məqamlar vardır. Birincisi, Milli Məclis AŞPA-nın “Dağlıq Qrabağ regionu” kimi süni ifadə­sinə bilərəkdən reaksiya vermir. Çünki öncə bütövlükdə münaqişəni Azərbayca­nın ərazi bütövlüyünün bərpası konteks­tində həll etmək lazım idi ki, sonra həmin o qondarma region məsələsinə avtomatik baxılacaqdı. Yəni, rəsmi Bakı AŞPA-nın özünün qəbul etdiyi beynəlxalq hüquq normalarını pozmasını sülh naminə arxa plana atmışdır. 

İkincisi, diqqət edək, Azərbaycan tərəfi AŞPA da daxil olmaqla, bütün bey­nəlxalq təşkilatları xəbərdar edir: qanun­suz və qondarma bir terrorçu, separatçı “rejimin” “seçki şousu”nu dolayısı ilə real seçki kimi təqdim etməyə çalışmayın! Bu, AŞPA da daxil olmaqla bütövlükdə AŞ-nin prinsiplərinə ziddir. Və həmin zid­diyyət bumeranq kimi Avropanın özünə qayıda bilər. Lakin faktdır ki, AŞ-yə üzv olan bir sıra dövlətlərin nümayəndələri erməni terrorçu, işğalçı və separatçıların “seçki şousunu” müşahidə etmişlər! Bu, uydurma deyil, faktdır! 

Sual olunur, AŞ və AŞPA qəbul et­dikləri sənədlərin məzmun və mahiy­yətinə bu qədər əks olan hərəkətlərə hansı hüquqi qiyməti vermişdir? Onlara deyilmişdimi ki, separatizmə dəstək ver­diyinizə görə, sizləri parlamentdən xaric edirik, təmsil etdiyiniz ölkələrə sanksi­yalar tətbiq edəcəyik, azərbaycanlıların pozulan hüquqlarının bərpası üçün AŞPA olaraq daha fəal və obyektiv mövqe tuta­cağıq? Biz, AŞPA, AŞ və Aİ-nin belə bir reaksiyasını eşitməmişik, görməmişik və bilmirik. 

Nəhayət, Müraciətdə Azərbaycan tərəfi münaqişənin sülh və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təsbit və təsdiq edir! Yəni, bu qədər haqsızlıq, hüquqsuzluq, ədalətsizlik olduğunu çox gözəl bildiyinə baxmayaraq, Azərbaycan Respublikası dövləti yenə də məsələ­ni danışıqlarla həll etməyə üstünlük verir. Azərbaycan Respublikasının bu humanistliyinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyinə AŞPA necə reaksiya vermişdir? Həmin hərəkəti necə qiymət­ləndirmişdir? Prosesin gedişinə baxsaq, görərik ki, tam laqeydlik, etinasızlıq və saymazlıq. 

Avropalı siyasətçilərə elə gəlirdi ki, Ermənistanın təcavüzkar olması təbii haqqıdır və Azərbaycanın öhdəliyi isə bu təcavüzə boyun əymək, azadlığından, ərazisindən, qürurundan, ləyaqətindən, cəmiyyət kimi bütövlüyündən və dövlət kimi müstəqilliyindən imtinadır! Azərbay­can belə olarsa, AŞPA, AŞ və Aİ onu de­mokratik ölkə kimi qəbul edəcək, bir az maliyyə verəcək və sözəbaxan “uşağı” kimi tərifləyəcək!

2020-ci ilin payızına qədər AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişə ilə bağlı davranışları bu qə­naətə gəlməyə tam əsas verir. Azərbay­can isə səbrlə öz saatını gözləyirdi. Bu siyasi nonsesi aradan qaldırmaq üçün imkanlarını səfərbər edirdi. 2020-ci il sentyabrın 27-də AŞPA ilə yanaşı, Qərb təşkiatlarının başına “qaynar su töküldü”. Azərbaycan Ordusu ölkənin ərazi bütöv­lüyünün bərpası əməliyyatına başladı.

Həmin dövrə qədər AŞPA azərbay­canlıların öz yurdlarına qayıtmaları üçün hansı konkret əməli addımı atmışdı? Heç bir addım atmamışdı! Neçə dəfə Ermə­nistanı xəbərdar edib, onu təşkilatdan qovacağını bəyan etmişdir? Heç bir dəfə! Harada və hansı məzmunda Ermənistan rəhbərliyindən qətiyyətlə və açıq surətdə işğalçı qüvvələrini Azərbaycan ərazisin­dən çıxarmaq tələbini qoymuşdur? Xa­tırlamırıq! 

AŞPA Xocalıda qətlə yetirilənlərin məsələsini ciddi və konkret nəticəli olaraq hansı iclasında müzakirə etmişdir? Və yaxud Qarabağdan qovulmuş yüz min­lərlə azərbaycanlının hüquqlarının po­zulmasının aradan qaldırılması ilə bağlı bir konkret proqramı mövcud olmuşdur­mu? Bunları da xatırlamırıq! Azərbaycan isə həmin məqamları görmək üçün düz 30 il gözlədi! Səbr etdi! Və nəhayət, özü məsələni həll etdi. 

Ah, demokratiya...

Demokratiya sözdə deyil, hüquqda və əməldə olur! İnsanın sözündə demok­ratiklik, əməlində isə aqressivlik, dözüm­süzlük, hüquqsuzluq ola bilir. AŞPA-nın 2024-cü ildə bir müzakirəsi üzərində düşünərkən, ağla bu fikirlər gəlir. Quru­mun qəbul etdiyi 1416-cı Qətnaməni tam “çeynəyərək”, xəbis, ədalətsiz, tərəfkeşli bir qərar qəbul etmişdir. Almaniya sosi­al-demokratı Frank Şvabenin təklifi və tələbi əsasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiq edilmə­mişdir. Və məsələ Monitorinq Komissiya­sına baxılmasına göndərilmişdir. F.Şvabe isə məhz həmin komissiyanın üzvüdür. 

Bəs, F.Şvabe hansı səbəbləri göstə­rir? Onlar aşağıdakılardır: “1. Azərbay­canda “siyasi məhbuslar var”; 2. Qa­rabağdan “erməni sakinlər zorakılıqla çıxarılıb”; 3. 2023-cü ildə AŞPA həmmə­ruzəçilərinin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb”; 4. Azərbaycan fev­ralın 7-də keçiriləcək prezident seçkisi­ni müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməyib”.

Onun bu təklifini AŞPA-nın 30 üzvü dəstəkləyib. F.Şvabe çıxışında deyib ki, bu təklifi verməkdə “tutarlı arqument­lərə” əsaslanır. Həmin “arqumentlər” bizi maraqlandırdı və doğrudan da onlardan F.Şvabe və onun kimi düşünənlərin əsl niyyətləri aydın olur. 

F.Şvabe deyir: “Təəssüf ki, mən açıq və aydın mesajdan başqa çıxış yolu gör­mürəm. Məsələ təkcə siyasi məhbusların sayının dramatik şəkildə artması deyil, təkcə 100 mindən çox insanın (erməniləri nəzərdə tutur – müəllif) Dağlıq Qarabağ­dan zorla çıxarılması da deyil. Bizim mə­ruzəçilərin 2023-cü ildə azı üç dəfə Laçın dəhlizinə səyahət edə bilməməsinə və ya siyasi məhbuslara baş çəkə bilməməsinə görə Azərbaycan nümayəndə heyəti bir­başa məsuliyyət daşıyır”. 

Və sonra davam edir ki, “7 fevral pre­zident seçkilərinin müşahidə edilməsinə AŞPA-nın çağrılmaması Avropa Şurasını “zəiflətmək cəhdi”dir”. Nəhayət, onun son “həqiqəti”: Azərbaycan tərəfi “ATƏT kimi digər beynəlxalq təşkilatlara da qarşıdır”!

Məntiqsizlik, böhtan və şər siyasi spekuliyasiyanın “arqumentləri” kimi

Biz burada yazını bitirə bilərdik, lakin Frank (yenə də bu “frənglər”?) Şvabe öz çıxışında bilmədən elə məqamlara işarə vermişdir ki, onları aydınlaşdırmadan AŞ­PA-nın Azərbaycanla bağlı son qərarının əsl məğzini hörmətli oxucu anlamaqda çətinlik çəkər. Məsələ isə bir qədər dərin­liklərə gedir və dövlətləri əhatə edir. Aydın olur ki, burada hüquqdan, ədalətdən və demokratik davranışdan əsər-əlamət yox­dur. F.Şvabenin sözləri çoxlu kontekstə və sifarişə bağlıdır. Hansılara?

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru





Siyasət