Süni intellektin iqtisadi hədəfləri

post-img

Süni intellekt artıq dünyada texnoloji yenilik anlayışını geridə qoyaraq dövlət idarəçiliyinin və iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu qlobal prosesdə sistemli yanaşma sərgiləyir. Bu yanaşmanın əsasını Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təşkil edir. 

Azərbaycanda süni intellekt sahəsində həyata keçirilən islahatlar, 2025–2028-ci illər üçün müəyyənləşdirilmiş strateji hədəflər və bu istiqamətdə görülən işlər barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədovla həmsöhbət olduq. Nazir müavini süni intellektin dövlət idarəçiliyində tətbiqi, iqtisadi təsirləri, insan kapitalının inkişafı və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı məsələlərə aydınlıq gətirdi.

Onun sözlərinə görə, Qlobal miqyasda süni intellektin inkişafı müxtəlif modellər üzrə formalaşır. Kanada və Avropa ölkələri daha çox tədqiqat və etik tənzimləmə mexanizmlərinə, ABŞ innovasiya ekosisteminə, Çin isə genişmiqyaslı praktiki tətbiqlərə üstünlük verir.

Azərbaycanın yanaşması isə bu modellərin balanslaşdırılmış sintezinə əsaslanır. Biz həm insan kapitalının inkişafını, həm dövlət idarəçiliyində tətbiqi, həm də biznes mühitinin dəstəklənməsini paralel prioritetlər kimi müəyyən etmişik. Strategiyanın məntiqi də məhz bu kompleks yanaşma üzərində qurulub.

Strategiyanın əsas məqsədi süni intellekti ayrı-ayrı texnoloji həllər kimi deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın və insan kapitalının transformasiyasını təmin edən sistemli alət kimi formalaşdırmaqdır. Burada institusional hazırlıq, idarəetmə bacarıqları və peşəkar kadr potensialının gücləndirilməsi mühüm yer tutur.

Beləliklə, süni intellekt sosial-iqtisadi inkişafı sürətləndirən, qərarvermə proseslərini daha səmərəli edən və rəqəmsal dövlət quruculuğunu gücləndirən əsas mexanizmlərdən biri kimi nəzərdə tutulur: “Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın hədəfi süni intellekt sahəsində regional mərkəzə çevrilməkdir. Bu Strategiya həmin məqsədə nail olmaq üçün vahid və sistemli çərçivə yaradır. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına dair müşavirədə də süni intellektin rəqəmsal transformasiyada aparıcı rolu xüsusi vurğulandı. Bu sahədə fəaliyyətin əlaqələndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.”

Saməddin Əsədov vurğuladı ki, Süni intellektin həm dövlət idarəçiliyində, həm də iqtisadiyyatın müxtəlif sahələrində geniş şəkildə tətbiq olunması planlaşıdırılır. Dövlət idarəçiliyində əsas hədəf qərarvermənin dəqiqliyini artırmaq, idarəetmə proseslərini daha səmərəli və şəffaf təşkil etmək, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir. 

Bu çərçivədə məlumatların idarə edilməsi mexanizmləri təkmilləşdirilir, Təbii Dil Emalı texnologiyalarının tətbiqi genişləndirilir. İlkin mərhələdə həmin texnologiyaların beş pilot dövlət xidmətində sınaqdan keçirilməsi planlaşdırılır.

Artıq bu istiqamətdə konkret nəticələr də əldə olunub. Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırlanmış “E-qanun.ai” platforması istifadəyə verilib. Süni intellekt əsaslı bu həll hüquqi sənədlər və qanunvericilik bazasında effektiv axtarış aparmağa, mətnlərin avtomatlaşdırılmış təhlilini həyata keçirməyə və istifadəçilərə operativ cavablar təqdim etməyə imkan yaradır. Platforma Strategiyada nəzərdə tutulan Təbii Dil Emalı texnologiyalarının tətbiqinin praktiki nümunələrindən biridir.

İqtisadiyyat sahəsində isə süni intellektin tətbiqi üçün prioritet sektorların müəyyənləşdirilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhsil və digər sahələr bu baxımdan əsas istiqamətlər kimi seçilib. Ümumi hədəf süni intellekti real iqtisadi və sosial dəyər yaradan, məhsuldarlığı artıran praktik alətə çevirməkdir.

Nazir müavini süni intellektin geniş tətbiqi üçün yalnız texnoloji imkanların deyil, həm də aydın qaydaların mövcudluğunun vacibliyindən də danışdı. Qeyd etdi ki, bu səbəbdən Strategiya çərçivəsində hüquqi və normativ bazanın formalaşdırılması xüsusi istiqamət kimi müəyyən edilib.

Hazırda süni intellekt tətbiqlərində şəffaflığın, məlumatların məxfiliyinin və etik prinsiplərin qorunmasını təmin edən mexanizmlərin yaradılması üzərində iş aparılır. Məqsəd dövlət və özəl sektorda süni intellektdən istifadə zamanı vahid yanaşmanın formalaşdırılmasıdır: “Bu istiqamətdə artıq konkret nəticələr də mövcuddur. Süni intellekt üzrə 8 milli dövlət standartı beynəlxalq standartlara uyğun hazırlanaraq təsdiq edilib, onlardan 4-ü 2025-ci ildə qəbul olunub. Həmin standartlar tətbiqlərin keyfiyyətinin yüksəldilməsinə, təhlükəsizliyin təmin edilməsinə və dövlət qurumlarında vahid metodologiyanın tətbiqinə xidmət edir.”

Saməddin Əsədov süni intellekt ekosisteminin inkişafı üçün dövlət-özəl sektor əməkdaşlığı əsas prioritetlərdən biri olduğunu vurğulayaraq məqsədin innovasiyalar üçün əlverişli biznes mühiti yaratmaq və yerli təşəbbüsləri stimullaşdırmaqdan ibarət olduğunu diqqətə çatdırdı: “Bu istiqamətdə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə maliyyə və institusional dəstəyin gücləndirilməsi, eləcə də süni intellekt sahəsində pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Tədbirlər Planına uyğun olaraq, süni intellekt sahəsində fəaliyyət göstərən azı 50 sahibkarlıq subyektinə güzəştli kreditlərin verilməsi planlaşdırılır. Eyni zamanda texnologiya parklarına və sənaye zonalarına bu sahədə çalışan yeni rezidentlərin cəlb edilməsi də əsas hədəflərdəndir.”

Bütün bu addımların məqsədi yerli həllərin yaranmasını sürətləndirmək, startapların inkişafını dəstəkləmək və süni intellekt sahəsində rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaqdır.

Məlumdur ki, Strategiyada insan kapitalının inkişafı xüsusi yer tutur. Bu istiqamətdə atılan addımlar barədə bildirdi ki,  süni intellekt texnologiyalarının səmərəli tətbiqi yalnız müasir infrastrukturla deyil, həm də bu texnologiyaları anlayan və idarə edə bilən peşəkar kadrlarla mümkündür.

Bu məqsədlə süni intellekt üzrə təhsil proqramları genişləndirilir, yeni ixtisaslar formalaşdırılır və mövcud kadr potensialının gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının inkişafı və praktik yönümlü təlimlərin təşkili də bu prosesin mühüm tərkib hissəsidir.

Bu sahədə əsas institusional mexanizmlərdən biri Milli Süni İntellekt Mərkəzidir. Mərkəz tədqiqatların təşviqi, kadr hazırlığı və süni intellekt həllərinin tətbiqi istiqamətində fəaliyyət göstərərək rəqəmsal transformasiya prosesinə dəstək verir.

Mərkəzin təşəbbüsü ilə ötən il yaradılmış Süni İntellekt Akademiyası isə insan kapitalının inkişafı üçün əsas platformalardan biridir. Hazırda Akademiyada rəqabətli seçim əsasında qəbul olunmuş tələbələr intensiv proqramlar üzrə təhsil alırlar. Növbəti mərhələdə süni intellekt mühəndisləri, data mühəndisləri və məhsul menecerlərinin hazırlanması planlaşdırılır.

Eyni zamanda həm dövlət, həm də özəl sektorda qərarverici səviyyədə institusional bacarıqların gücləndirilməsi məqsədilə rəhbər heyət üçün nəzərdə tutulmuş “AI for Managers” və “AI Leadership” proqramları həyata keçirilir. Bu proqramlar vasitəsilə süni intellektin imkanları, riskləri və məsuliyyətli tətbiqi ilə bağlı zəruri bilik və bacarıqlar formalaşdırılır.

Beləliklə, insan kapitalının inkişafı texniki kadrlar, idarəetmə heyəti və akademik mühit üzrə paralel şəkildə həyata keçirilir. Bu isə Strategiyanın uğurlu icrası üçün möhkəm zəmin yaradır.

Saməddin Əsədov bildirdi ki, süni intellekt qlobal miqyasda sürətlə inkişaf edən sahədir və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl texnologiyalara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əməkdaşlıq xəttini ardıcıl və sistemli şəkildə genişləndirir.

Nazir müavini qeyd etdi ki, bu baxımdan mühüm addımlardan biri 2025-ci ilin avqustunda Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış Anlaşma Memorandumudur. Həmin sənəddə süni intellekt üzrə tərəfdaşlığın inkişafı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyən edilib. O vurğuladı ki, nazir Rəşad Nəbiyevin rəhbərliyi ilə ABŞ-yə həyata keçirilən səfər də bu razılaşmaların praktik müstəviyə keçidinə xidmət edib. Keçirilən görüşlər zamanı süni intellekt və rəqəmsal inkişaf sahələrində birgə layihələrin icrası, bilik mübadiləsi və təcrübə paylaşımı imkanları ətraflı müzakirə olunub.

Saməddin Əsədov diqqətə çatdırdı ki, beynəlxalq əməkdaşlığın coğrafiyası yalnız ABŞ ilə məhdudlaşmır. 2025-ci il ərzində Çin, Koreya, Yaponiya və digər ölkələrin rəsmi qurumları, eləcə də texnologiya şirkətləri ilə aparılan danışıqlarda süni intellekt sahəsində yeni tərəfdaşlıq imkanları geniş şəkildə nəzərdən keçirilib.

Onun sözlərinə görə, növbəti mühüm addım nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində atılıb. Fevralın 3-də İsrailin Baş nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə imzalanmış Anlaşma Memorandumu qabaqcıl süni intellekt modellərinin hazırlanması və tətbiqini, eksperimental laboratoriyanın və yüksək məhsuldarlıqlı hesablama infrastrukturunun yaradılmasını nəzərdə tutur. Eyni zamanda sənəd ixtisaslı kadr potensialının formalaşdırılması, akademik tədqiqatların dəstəklənməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi istiqamətləri də əhatə edir.

Nazir müavini vurğuladı ki, kadr hazırlığı, texnoloji bilik mübadiləsi, birgə layihələrin icrası və innovativ həllərin tətbiqi beynəlxalq əməkdaşlıq siyasətinin əsas prioritetləridir. Bu əlaqələr qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına və Strategiyanın daha səmərəli icrasına mühüm töhfə verir.

Strategiyanın icrası ilə bağlı nəticələrə toxunan Saməddin Əsədov bildirdi ki, artıq ilkin göstəricilər müsbət dinamikanı nümayiş etdirir. O, “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin “Hökumətlərin Süni İntellektə Hazırlıq İndeksi”ni xüsusi qeyd etdi. 2025-ci ilin hesabatına əsasən, Azərbaycan əvvəlki illə müqayisədə 41 pillə irəliləyərək 111-ci yerdən 70-ci yerə yüksəlib.

Nazir müavini bu nəticəni həyata keçirilən institusional islahatların, hüquqi bazanın formalaşdırılmasının və insan kapitalının inkişafına yönəlmiş tədbirlərin real təsiri kimi qiymətləndirdi. Onun sözlərinə görə, qarşıdakı mərhələdə əsas hədəf əldə olunan dinamikanı qorumaq və süni intellekti dayanıqlı inkişafın, rəqabətqabiliyyətli iqtisadiyyatın və səmərəli dövlət idarəçiliyinin aparıcı mexanizmlərindən birinə çevirməkdir.

Müsahibəni qələmə aldı

Nurlan ABDALOV

XQ

Müsahibə