Müsahibimiz Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, şair-dramaturq Hidayət Orucovla bügünkü söhbətimizin mövzusu ümummilli lider Heydər Əliyevin 1987-ci ildə Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov tərəfindən hakimiyyətdən uzaqlaşdırıldıqdan dərhal sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndinin (keçmiş Stepanakert) separatçılıq və terrorizm meydanına çevrilməsi və bu bölgədə baş verən hadisələr haqqındadır.
(əvvəli https://xalqqazeti.az/az/musahibe/216462-o-zaman-heyder-eliyev-hakimiyyetde-olsaydi)
– Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Siz 10 il onunla birlikdə işlədiniz. Bu mövzuda heç söhbətiniz olurdumu?
– Əlbəttə olurdu. Ulu öndər hakimiyyətə qayıdıb prezident seçiləndə əvvəlki rəhbərliklər artıq mövqelərimizi əldən vermişdilər. Bir dəfə şərait elə gətirdi ki, ulu öndər Heydər Əliyevlə ikilikdə qaldıq. Elə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox gərgin, qayğılı idi. Fikri uzaqlara getsə də, vəziyyətin nə qədər ağır olduğundan söz açdı: “Bilirsən, o vaxt mən Azərbaycandan Moskvaya vəzifəyə gedəndə Kamrana 3 məsələni xüsusilə diqqətdə saxlamağı tapşırdım. Onun birincisi və ən vacibi Qarabağ məsələsi idi”. Onun xalq ifadələrini çox şirin-şirin deməsi vardı və qayıtdı ki, ona dedim əlində aşın daşsa da, (yəni işin başdan aşsa da) hər həftədə 3-4 saat vaxt ayır Qarabağdakı vəziyyətlə ciddi şəkildə maraqlan. “Orda millətçiliyin şişməsinə imkan vermə. Qalan 2 məsələ bununla müqayisədə elə də vacib deyildi. Amma o, bu məsələlərin heç birini yerinə yetirə bilmədi. Qarabağ məsələsini isə heç yarıtmadı”, – deyə təəssüflə başını yırğaladı...
– Hidayət müəllim, DQMV Partiya Komitəsinin birinci katibi Gevorkov bu hadisələrdə nə kimi rol oynayırdı? O da uzun müddət orada rəhbər olmuşdu və heç şübhəsiz, bu məsələlərdən xəbəri olmaya bilməzdi. Onun fəaliyyəti ilə bağlı sizdə bir fikir varmı?
– Bir halda ki, siz bu sualı verdiniz, mən bəzi fikirlərimi faktlara söykənib açıqlaya bilərəm. Mənim Gevorkovla heç vaxt birbaşa ünsiyyətim olmamışdı. Amma məlumatım vardı ki, Gevorkov DQMV Partiya Komitəsinin birinci katibi olanda ilk vaxtlar yaxşı işləyib. Dağlıq Qarabağda yaşayan yazıçı və şairlərin dediklərindən, sonradan yazdıqlarından və çıxışlarından belə nəticəyə gəldim ki, Gevorkov müəyyən vaxtdan sonra xeyli dəyişib və erməni xülyalarının gerçəkləşməsi istiqamətinə yan alıb. Açıq da olmasa, gizli millətçiyə çevrilib.
...1988-ci il fevral hadisələrindən bir neçə ay əvvəl Mardakertə getmişdim. Professor, yazıçı Zahid Xəlillə bir yerdə səfərə çıxmışdıq. Mardakertdə “Gənclik” nəşriyyatının günlərini keçirirdik. 3 gün Mardakertdə qalıb çox maraqlı görüşlər keçirdik. Stepanakertə məlumat çatandakı biz Bakıdan gəlib Mardakertdə görüşlər keçiririk, tez özlərini bizə çatdırdılar. Hətta bizim bir tədbirimizdə də iştirak etdilər. Söhbət əsnasında onlara dedim, Stepanakertdə olmamışam, amma oranı çox görmək istərdim. Dedilər: “Lap yaxşı, siz gələndə bir tədbir də keçirərik. Biz gedək hazırlıq görək, sabah tezdən gəlib sizinlə birlikdə qayıdarıq şəhərə”. Həqiqətən də sabah tezdən gəldilər. Mardakert Partiya Komitəsinin birinci katibi bizə səhər yeməyinə xaş da hazırlatdırmışdı. Bizimlə birlikdə həmin adamlar xaş da yedilər. Sonra da qayıtdılar ki, “Hidayət müəllim bilirsiniz, Gevorkov burda yoxdur, biz ikinci katiblə danışdıq. O da dedi nə danışırsınız, Gevorkov gəlib bizim dərimizə saman təpər. Hidayət Orucov gəlir bura, Gevorkovun xəbəri yoxdur. Sonra bizi incidər”. Bu mənə bir az qəribə gəldi. Sonra hiss etdim ki, bunlar oradakı millətçi əhval-ruhiyyəni gizlətmək üçün bizi oraya aparmadılar.
– Siz Stepanakertdə olanda və oradakı vəziyyəti görəndə artıq başa düşdünüz ki, bunun əks-sədası Ermənistandan, azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan torpaqlarından gələcək. Yəni aydın gördünüz ki, hadisələrin qarşısını almaq üçün Azərbaycan, eləcə də SSRİ rəhbərliyi tərəfindən reaksiya yoxdur və proseslər belə davam etsə, erməni terrorizmi açıq-açığına baş qaldıracaq...
– Deməzdim ki, Azərbaycan rəhbərliyində reaksiya yox idi, var idi, amma qətiyyət yox idi. Əlbəttə, mənim düşüncələrimi qarışdıran fikir ondan ibarət idi ki, Qərbi Azərbaycanda erməni separatçı qüvvələri təxribat törədə və qan tökə bilərlər. Bilirdim ki, onlar dayanan deyillər. Heydər Əliyev Moskvada Siyasi Bürodan uzaqlaşdırılandan sonra onların əl-qolu əməlli-başlı açılmışdı.
Qayıdaq Stepanakertdəki hadisələrə. Vilayət Partiya Komitəsinin plenumu keçirildi. Mən də burada iştirak edirdim. Plenumda dedilər ki, keçmiş birinci katib Gevorkov öz ərizəsi ilə işdən gedir. Onun yerinə Poqosyanı təklif etdilər və alqışlarla seçdilər. Poqosyan söz aldı və dedi: “Kamran Mamedoviç neçə gündür burdadır. Onun hər dəqiqəsi respublika üçün çox önəmlidir. Ona görə icazə verin mən Kamran Mamedoviçi Bakıya yola salım, sonra gəlim söhbətimizi davam etdirək”. Bu o demək idi ki, Kamran getsin, biz də öz işimizə davam edək.
Bir faktı heç vaxt unuda bilmərəm və qeyd etməliyəm. Stepanakert səfərimizdən mənə xoş təsir bağışlayan bir o Zaqafqaziya Hərbi Dairəsinin komandanının meydandakı çıxışı oldu, bir də Lidiya Rəsulovanın plenumda çıxışı. Lidiya xanım o vaxt Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri, həm də Azərbaycan KP MK-nın Büro üzvlüyünə namizəd idi. O, Vilayət Partiya Komitəsinin birinci katibi Gevorkovu sərt tənqid etdi. Dedi: “Gevorkov bu məsələlərdə çox zəiflik göstərib, qəti tədbirlər görməyib. Bu millətçiliyin baş qaldırmasının qarşısı vaxtında alınmalı idi ki, indi bu səviyyəyə gəlib çatmasın. Axı bunlar yerli, Gevorkovun səlahiyyətində olan məsələlərdir”. Allah ona rəhmət eləsin!
Sonra da Sov.İKP MK-dan DQMV-dəkı vəziyyəti öyrənmək üçün komissiya göndərdilər. Onun da rəhbəri erməni idi. Onlar Dağlıq Qarabağda, Ermənistanda və Azərbaycanda bir müddət araşdırma apardılar və Moskvada bəyan etdilər ki, DQMV-nın sosial-iqtisadi, mədəni, yaşayış səviyyəsi Azərbaycan və Ermənistanın orta göstəricilərindən yüksəkdir.
Heydər Əliyev Siyasi Bürodan gedəndən dərhal sonra Qorbaçovun müşaviri Aqanbekyan Fransanın “Humanite“ qəzetində məqalə dərc etdirmişdi və göstərmişdi ki, “Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti çox ağırdır. Bu vəziyyəti aradan qaldırmaq üçün vilayət mütləq Ermənistana birləşdirilməlidir”.
Bütün bunlar mərhələ-mərhələ həyata keçirilirdi. Birinci mərhələ Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaq oldu və bu, onların əl-qolunu tam açdı. Burda bir faktı diqqətə çatdırım: 1982-ci ildə Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnevin ölümünü Ermənistanda bayram etdilər. Bu da ona görə idi ki, onun Heydər Əliyevə xüsusi simpatiyası vardı və onu daim dəstəkləyirdi.
− Stepanakertdən qayıdandan sonra prosesləri, yəqin ki, daha diqqətlə izləməyə başlamısız?
− Qayıdandan sonra dərhal Respublika Mətbuat Komitəsinin sədri ilə görüşdüm. Ona dedim ki, Stepanakertdəki mətbənin direktoru dərhal işdən çıxarılmalıdır. Əmr verin, elə bu gün onu işdən çıxarın. Sədr də başladı ki, belə eləmək doğru olmaz, onlar milli azlıqlardır. Gərək belə məsələlərdə bir az humanist olaq. Beynəlmiləlçilik dərsi keçirdi mənə.
Mən səbəbsiz demirdim ki, erməni mətbəə direktoru işdən qovulsun. Çünki əvvəldə qeyd etdiyim kimi, biz orda mətbəəyə gedəndə direktor üzə çıxmadı. Amma biz Bakıya qayıdan zaman birdən hotelin qarşısında peyda oldu. Hiyləgərcəsinə üzrxahlıq etməyə başladı, bəhanələr gətirdi ki, biz ora gedəndə mətbəəyə gələ bilməyib. Həm də başladı ki, yolda guya azərbaycanlılar bir erməni qadınını öldürüblər. Bizim də ətrafımızda ermənilər dayanıb. Dedim: “Əvvəla, sən bunu yalan deyirsən. Əgər qadın öldürülübsə də onu elə ermənilər öldürər, azərbaycanlılar yox. Azərbaycanlı qadına əl qaldırmaz. İkincisi də, mən gələn dəfə bura gələndə sən burada olmayacaqsan”. Bizim nümayəndə heyətinin tərkibində olan Mətbuat Komitəsi sədrinin müavini Nikolayev də gülür, hər şeyi zarafata salırdı. Özünü elə aparırdı elə bil bu, Azərbaycanı təmsil etmir...
– Səfərinizin nəticəsi nə oldu, qayıdandan sonra hansısa tədbirlər görüldümü?
– Əlbəttə heç bir nəticəsi olmadı. Bakıya qayıdandan sonra tez-tez bizi Azərbaycan KP MK-nın, indiki Prezident Adminsrtasiyasının binasına toplayıb bu məsələləri müzakirə edirdilər. Belə tədbirlərdən biri heç yadımdan çıxmır. Bizim böyük şairimiz, rəhmətlik Bəxtiyar Vahabzadə çox kəskin çıxışlar edirdi. Bir dəfə də üzünü Respublika Dövlət Təhlükəsizlik Komitəsinin o zamankı sədrinə tutub çox hiddətlə dedi: “Gözünüzün qabağında bu həngamələr baş verir, sizin necə xəbəriniz olmur? Evdə arvadla beş kəlmə danışanda xəbəriniz olur, amma ermənilərin törətdikləri o boyda həngamədən xəbəriniz olmur? Bunu necə başa düşək? ”
Doğrudur, ondan bir neçə ay sonra, əsasən də guya Sumqayıt hadisələrinə görə DTK-nın sədrini vəzifədən kənarlaşdırdılar, amma onun yerinə, ümumiyyətlə, Azərbaycana heç bir aidiyyatı olmayan birini - İvan Qorelovskini gətirib qoydular. Bu təyinat əsla anlaşılmayan idi və heç şübhəsiz, Moskvadan verilmiş göstəriş idi. Düzdür, o Azərbaycanda cəmi bir il işlədi, amma bu bir il bəs etdi ki, Moskvanın, xüsusilə Qorbaçovun tapşırıqlarını yerinə yetirsin. Onun azərbaycanlı həmkarları sonralar yazırdılar: “İvan Qorelovskinin Azərbaycandakı fəaliyyəti qısamüddətli ezamiyyətə gəlmiş adamın işinə bənzəyirdi. Qorelovski peşəkar çekist olsa da, Azərbaycana hədsiz yad adam idi, xüsusilə milli məsələlərin həssas dönəmində bu, əsla düzgün təyinat deyildi”. Təbii ki, belə bir adam erməni terrorizminə, separatizminə qarşı hansı kəskin addım atar, necə mövqe nümayiş etdirə bilərdi. Ona görə də ümummilli lider Heydər Əliyev 1997-ci ildə MTN əməkdaşları ilə görüşündə haqlı olaraq dedi: “1988-ci ildən Azərbaycanın milli təhlükəsizlik orqanlarında çox acınacaqlı, çox dəhşətli proseslər getdi. Burada bütün potensial, mənəviyyat, yaranmış milli ruh dağılmağa başladı”.
Bu qurumun milliləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev nə dediyini yaxşı bilirdi. O, həmin illərdə Azərbaycandan uzaqlarda, Moskvada təqib altında olsa da, burada hansı proseslərin getdiyini, Moskvanın, xüsusilə ermənilərin əlində oyuncağa çevrilmiş Mixail Qorbaçovun məramının nə olduğunu çox gözəl bilirdi.
− Yeri gəlmişkən, elə söz açdığınız Sumqayıt hadisələri də Xankəndi (o vaxtkı Stepanakert) iğtişaşlarından dərhal sonra baş verdi və məhz bundan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Bu hadisələr arasında bir əlaqə var idimi?
− Şübhəsiz, var idi. Sumqayt hadisələri də Stepanakert hadisələrinin hazırlandığı mərkəzdə hazırlanmışdı. Ümumiyyətlə, istər Ermənistanda, istər DQMV-də, istərsə də Azərbaycanın digər bölgələrində həmin dövrdə geniş vüsət alan milli münaqişələr erməni və ermənipərəst qüvvələr tərəfindən düşünülmüş surətdə yaradılırdı və bir mərkəzdən idarə edilirdi. Bəli, Sumqayıt hadisələri biz Stepanakertdən qayıdandan dərhal sonra – 1988-ci il fevralın 28-də baş verdi və nəticədə 32 nəfər həlak oldu, 439 nəfər yaralandı, 189 mənzil və 52 obyekt dağıdıldı, Azərbaycana xeyli ziyan vuruldu.
Baxın, sonradan nə baş verdi?
Sumqayıt hadisələrindən sonra Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları bu hadisələrin təhqiqatından, demək olar ki, tamamilə təcrid edildi, istintaqı Moskvadan gəlmiş prokurorluğun əməkdaşları və SSRİ DTK-nın səlahiyyətli nümayəndələri aparırdı. Hadisələrə birtərəfli yanaşan ermənipərəst sovet hüquq-mühafizə orqanları erməni vandallarının törətdiyi vəhşiliyi təhqiq etmək əvəzinə, azərbaycanlıları günahkar hesab etdi, nəticədə azərbaycanlılardan bir neçə nəfərə güllələnmə hökmü oxundu. İstintaq zamanı hadisələrin əsl təşkilatçıları olan ermənilər qaldı bir kənarda, azərbaycanlılar ittihamın əsas hədəfinə çevrildi.
O zaman mən bu prosesləri çox diqqətlə izləyirdim deyə, heç nə yaddaşımdan silinməyib. Moskvadan gəlmiş ermənipərəst müstəntiq və prokurorluq əməkdaşlarının saxta təhqiqatları ilə cinayət məsuliyyətinə cəlb edilmiş 91 nəfərdən 86 nəfəri azərbaycanlı, 2 nəfəri ləzgi, 2 nəfəri rus, yalnız 1 nəfəri erməni millətindən idi.
− Qərbi Azərbaycandan da böyük köç, yəni zorən deportasiya məhz bu hadisələrdən sonra başladı...
− Elədir. Sumqayıt hadisələrindən sonra vəziyyət son dərəcə ağırlaşmışdı. Gah onlar tərəfdə, gah da biz tərəfdə təxribatlar törədir, hadisələri daha da körükləyirdilər. Nəticədə az bir vaxtda Qərbi Azərbaycan torpaqlarından 142 min azərbaycanlını doğma ata-baba yurdlarından vəhşicəsinə deportasiya etdilər. Qısa bir vaxtdan sonra bu rəqəm 230 mini aşdı. Həmvətənlərimizə külli miqdarda maddi ziyan dəydi. Millətçi və terrorçu erməni qüvvələri azərbaycanlılara məxsus 31 min evə, 165 sovxoz və kolxozun əmlakına, minlərlə mal-qaraya sahib çıxdılar. Erməni qaniçənlərinin törətdikləri vəhşiliklər nəticəsində 225 azərbaycanlı qətlə yetirildi, 1154 nəfər yaralandı, minlərlə adam təhqirə və işgəncəyə məruz qaldı. Maraqlısı budur ki, Ermənistandan qovulan təkcə azərbaycanlılar deyildi. Canlı şahidi olduğumuz 1988-1991-ci illərdə 15 mindən çox kürd və bir neçə min rus da Ermənistandan qovuldu. Onların da çoxu Azərbaycana pənah gətirdi. Ermənistan monoetnik bir dövlətə çevrildi. Amma sovet rəhbərliyi bütün bunlara kor oldu, nəinki azərbaycanlıların, heç öz millətindən olanların belə hüquqlarını, təhülkəsizliyini qorumaq istiqamətində qəti bir tədbir görmədi.
Əlbəttə, bütün bunları xatırlamaq, Qərbi Azərbaycandan olan soydaşlarımızın başına açılan müsibətləri yada salmaq mənim üçün çox ağırdır...
− Hidayət müəllim, bildiyimizə görə siz həmin dövrdə hiddətinizi, laqeyd və bivec hakimiyyətə qarşı mübarizənizi Azərbaycan mətbuatında dərc etdirdiyiniz ən kəskin yazılarınızda göstərmisiniz. Yəqin buna görə təzyiqlərlə də az qarşılaşmamısınız?
− Əlbəttə, Azərbaycanın başına gələn bəlalarla, respublika rəhbərliklərinin səriştəsizliyi, qətiyyətsizliyi, milli mübarizlikdən uzaq fəaliyyəti ilə barışıb susa bilməzdim. Mənim mübarizəm, silahım da söz idi, süngüm qələmim idi.
Kamran Bağırov hakimiyyətdən gedəndən sonra onu Əbdürrəhman Vəzirov əvəz etdi. Əbdürrəhman Vəzirovun Azərbaycan rəhbərliyinə təyinatından az bir vaxt sonra mənim “Azərbaycan gəncləri” qəzetində “Əsl vətəndaş kimi” sərlövhəli bir səhifəlik çox kəskin məqaləm çap olundu. Məqalədə əsasən məni narahat edən məsələlərdən danışırdım.
Qəzet çap olunan günü “Gənclik” nəşriyyatındakı baş redaktor kabinetimdə telefon susmaq bilmirdi. Əsasən də yazını oxuyub təqdir edənlər zəng vurur, təşəkkürlərini bildirir və cəsarətli fikirlərimi bəyəndiklərini, onlarla razılaşdıqlarını söyləyirdilər. Birdən nəşriyyatın direktorunun katibəsi kabinetimə gəlib bildirdi ki, sizi Mərkəzi Komitədən telefona çağırırlar. Gəldim direktorun otağına, dəstəyi götürüb danışanda gördüm Vahid Əzizdir. Yeri gəlmişkən onu da deyim ki, haqqında əvvəl söhbət açdığım Stepanakert görüşlərimizdə Vahid Əziz əsl milli ruhlu Azərbaycan məmuru kimi özünü çox cəsarətli və ləyaqətli aparırdı.
Elə ilk sualı mən verdim. Dedim: “Niyə bura zəng vurmusan, mənim telefon nömrəmi bilmirsən?” Dedi: “Allah kömək olmuş, sənə düşmək olur ki...” Sonra da qayıtdı ki, axşam saat 6-da gəl Əfrand Daşdəmirovun yanına. Soruşdum ki, nə məsələdir. Dedi: “Sənin bu gün bir məqalən çap olunub?” Cavab verdim ki, bəli. Sual verdi ki, nə haqdadır? Gülə-gülə dedim: “Yenidənqurma haqqında”. Nə isə razılaşdıq.
Nəşriyyatın direktoru Fikrət Axundov da bütün danışdıqlarımızı eşidir. Dəstəyi qoyandan sonra öz aramızda söhbətləşdik ki, problem nə ola bilər. Fikrət qayıtdı ki, “sənin məqaləndə belə bir yer var, yazırsan “Mərkəzi aparata işə götürəndə anket suallarından biri belədir: rus dilini necə bilirsən? Bir adam soruşmur ki, ana dilin Azərbaycan dilini necə bilirsən!” Fikrət dedi olsa, bu yerlə bağlı iradları olacaq. Amma milli ruhda yazılan başqa məqamlar da vardı.
Axşam getdim Mərkəzi Komitəyə. Daşdəmirovun kabinetinə Vahid Əzizin kabinetinin qarşısından keçib gedirsən. Qapısı açıq idi, boylandım ki, həmin qəzet əlində məqaləmi oxuyur. Dedi: “Soruşsa, deyərsən Vahid Əziz oxuyub, bəyənib, deyir əladır.”
Əfrand Daşdəmirovla ilk görüşüm idi. Salamlaşdıq, yer göstərdi, oturdum. Öz tərəfindən təşəkkür etdi yazıya görə. Bəzi məqamları xatırladıb fikirlərini söylədi. Sonra dedi: “Vizirov (rus dilli olduğu üçün belə deyirdi) bu gün sizin məqaləni oxuyub. O sizi mütləq qəbul edəcək. Mən çağırıb sizə təşəkkür etmək istədim. Bir də istəyirəm erməniləri yumşaldan bir yazı yazasınız”. Mən də razılıq verdim. Stepanakertdəki hadisələrlə bağlı fikirlərimi ona da söylədim və xahiş etdim ki, Vəzirova çatdırsın.
Sonra bir yazı yazdım, sərlövhəsi də belə idi: “Həqiqət kar deyil”. Göndərdim Vahid Əzizə. O da Əfrand Daşdəmirova çatdırıb. Guya o da göndərib “Azərbaycan gəncləri” qəzetinə ki, çap eləsinlər. Çap olunmadı. “Molodyoj Azerbaydjana” qəzetinə guya göndəriblər, onlar da çap etməyiblər. Sonralar o qəzetdə işləyən Yusif İsmayıl adlı çox tanınmış bir jurnalist mənə dedi: “Mərkəzi Komitə belə pryomlar çox işlədir. Yazı yazdırır, sonra onu alırlar ki, çap elətdirəcəklər, amma heç yerdə də çap elətdirmirlər. Bu yolla kəskin yazıların qarşısını alırlar”. Bir müddət gözlədim, gördüm həqiqətən məqalədən bir xəbər çıxmadı. Sonra məqaləni “Ulduz” jurnalında çap etdirdim.
Vəzirov bilirdi ki, mən onu qəbul etmirəm. Çünki o Azərbaycana gələndən sonra Qarabağ məsələsi qaldı bir yana, başladı ağzına gələni danışmağa. Heydər Əliyevə qarşı materiallar yazdırır, xüsusi adamlar seçib onun əleyhinə çıxışlar etdirirdi. Mən də sözümü məqalələrimdə deyirdim. Bir dəfə də Azərbaycan KP MK-nın Bürosunda demişdi: “Mı kak mojem nemnoşka rasslabit İdayata?” Rafiq Zeynalov da demişdi: “Poslednıy vremya on molçit”. Vəzirov da 3 dəfə qayıdıb ki, “Yevo molçaniya toje opasna!”
20 Yanvar hadisələrindən sonra da Bakıdan gizlincə qaçıb gedən Vəzirov utanmadan başladı ağzına gələni danışmağa. Mən də ona mətbuat vasitəsilə çox sərt bir məktub yazdım.
Ondan sonra da Ayaz Mütəllibov Azərbaycanın birinci katibi oldu. O da bu hadisələrin qarşısını almaq üçün heç bir tədbir görə bilmədi. Hətta SSRİ-nin saxlanması ilə bağlı referendumun nəticələrini saxtalaşdırıb, Moskvaya xoş gəlsin deyə, Azərbaycan vətəndaşlarının guya İttifaqın saxlanmasına səs verdiyini məruzə etdi. Heç bir neçə ay keçməmiş SSRİ də dağılıb getdi.
− Hidayət müəllim, sualım bəlkə də ənənəvi görünə bilər, amma bu suala sizin cavab verməyiniz oxucularımız üçün çox maraqlı olar. Heydər Əliyev həmin illərdə hakimiyyətdə olsaydı 1988-1992-ci illərdə olan hadisələr baş verərdimi?
− Qətiyyən mümkün deyildi ki, Qarabağ münaqişəsi, ermənilərin törətdikləri vəhşiliklər, xalqımızın başına açdıqları fəlakətlər baş versin. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə belə cəhdlər çox olmuşdu, amma onun qətiyyəti, dərin zəkası, ağlı erməniləri dərhal yerlərinə otuzdurmuşdu. Mən bunu əvvəldə də dedim ki, Heydər Əliyevin hakimiyyətdən getməsini ermənilər ümumxalq bayramı kimi qeyd etdilər. Çünki uzun illər Heydər Əliyev onlara baş qaldırmağa əsla imkan verməyib. Onların ağlına da gəlməzdi ki, Ulu öndər yenidən Azərbaycana rəhbərlik edəcək və onların planlarını öz dərin zəkası, nüfuzu və qətiyyəti ilə tarixin zibilliyinə atacaq.
Ermənilərin Qarabağ xülyası kökslərində elə dərin iz qoyub ki, onlar hələm-hələm bu xəstəlikdən qurtaran deyillər. Bununla bağlı sizə bir əhvalatı danışım: Məşhur və çox istedadlı bir erməni aktrisası vardı. O tamaşada bir taxta parçasını öz balası əvəzi qucağına alıb elə yana-yana oxşayırdı, hamı elə bilirdi ki, bu, həqiqətən onun balasıdır. Sonra ərinin verdiyi əzablardan, cəmiyyətin verdiyi zülmlərdən danışır və qəfildən oxşadığı doğma balasını atırdı orekstrovkaya (səhnədən aşağada orkestrin yeri). Bütün zal hıçqırırdı ki, balasını atdı. Ermənilər özlərini elə inandırıblar, elə beyinlərinə yeridiblər ki, guya Qarabağ da, Naxçıvan da, Van da, Qars da, hətta başqa ərzilər də onlarındır.
Şükürlər olsun ki, Prezidentimiz İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin bütün arzularını elə mükəmməl, elə ağıllı və diplomatik qətiyyətlə həyata keçirdi ki, ermənilərə heç bir şans qoymadı. Bundan sonra Azırbaycan Prezidentinin “Dəmir yumruğu” gərək onları ayılda. Ayıltmasa, Prezidentimiz demişkən dəmir yumruq yerindədir. Bu dəfə Ali Baş Komandanımızın “Dəmir yumruğu” onları yüzilliklər əvvəl köç edib yiyələndikləri torpaqlardan da məhrum edəcək. Çünki möhtərəm Prezidentimizin azərbaycanlıların doğma yurdları olan Qərbi Azərbaycana, Zəngəzura qayıdacağı ilə bağlı verdiyi vədlər Ermənistanın az-çox sağlam qüvvələrinin canına qorxu salıb. Yəni onlar başa düşürlər ki, erməni xülyaları, arzuları puç oldu.
Amma Prezidentimiz İlham Əliyevin misilsiz siyasi gedişləri və diplomatiyası, dərin zəkası və Ali Baş Komandan kimi böyük sərkərdəlik istedadı sayəsində qazandığımız Zəfər bizi yuxuya verməməlidir. Düşməni zəif hesab edib ehtiyatımızı əldən buraxmamalı, daha da diqqətli olmalıyıq.
Bəli, bu Zəfər tariximizin son 250 ilində, ümumiyyətlə, Azərbaycan tarixində xalqımıza, millətimizə böyük qürur yaşadan möhtəşəm bir hadisədir. Bu Zəfərlə öyünməklə yanaşı, onu nəsildən-nəslə ötürməyin məsuliyyətini də dərk etməliyik.
– Maraqlı müsahibəyə görə redaksiyamız adından sizə təşəkkür edirik.
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV
XQ