Qadınların ictimai fəallığı yüksəlir

post-img

Fevralın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan xalqı tarix boyu müstəqil dövlətə sahib olmağı arzulayıb və bu məqsədə çatmaq üçün daim mübarizə aparıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan tarix boyu mübarizəsi və fəaliyyətləri ilə müstəqilliyini təsdiqləyib. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyəti quraraq İslam dünyasında bir çox yeniliklərin öncülü olub. Müstəqil İslam ölkəsi kimi Azərbaycan həm milli-mənəvi dəyərlərə, həm də dünyəvilik və müasirlik prinsiplərinə sadiq qalaraq dayanıqlı inkişaf yolunda irəliləyir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan qadınını fərqləndirən amil onun bütövlükdə Şərq və müsəlman dünyasında xüsusi mövqeyə malik olmasıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş İstiqlal Bəyannaməsi ölkədə konstitusionalizmin ilk addımı kimi qiymətləndirilə bilər. Azərbaycanda dünyəvilik ideyasının əsası hələ XX əsrin əvvəllərində qoyulub və həmin dövrdən etibarən qadınların ictimai-siyasi həyatda iştirakına xüsusi önəm verilib.

Ə.Hüseynli, həmçinin qadın iştirakçılığı baxımından mühüm tarixi hadisələrdən bəhs edib. O vurğulayıb ki, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması bu sahədə dönüş nöqtəsi olub. Sonrakı dövrdə bu proses davam edib və bu gün hakimiyyət orqanlarının bütün səviyyələrində qadınların fəal iştirakı təmin edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov, Şərq dünyasında qadınlara səsvermə hüququnun ilk dəfə Azərbaycanda verilməsinin qürurverici olduğunu deyib. Qeyd edib ki, ABŞ, İngiltərə və bəzi Avropa ölkələrində bu hüquq Azərbaycandan sonra tanınıb. Hətta özünü demokratik ölkə kimi təqdim edən Fransada qadınlara səsvermə hüququ yalnız 1944-cü ildə verilib.

Konfrans panel iclaslarında müzakirələrlə davam edib.

XQ



Son xəbərlər