Cənnət görmək istəyən Azərbaycana gəlsin!

post-img

Müsahibimiz tarix elmləri doktoru, kulturoloq Minaxanım Əsədlidir 

– Son illər Bakıya dünyanın hər ye­rindən çoxlu turist gəlir. Bu səbəbdən tur bələdçilərə ehtiyac günbəgün artır. Sizcə, bu peşə sahiblərindən, ilk növbə­də, hansı keyfiyyətlər tələb olunur? 

– Düz buyurursunuz. Bəli, bu gün qədim və modern paytaxtımız qeyri-adi gözəlliyi, təmizliyi, təhlükəsizliyi ilə xa­rici turistlərin nəzər-diqqətini özünə cəlb edir. Şəhərin orijinal memarlığı, qədim tarixi abidələri, zəngin muzeyləri, üstəgəl, sakinlərin üzügülərliyi, qonaqpərvərliyi və sair səbəblərdən Bakıya təşrif buyuran qonaqların sayı getdikcə çoxalır. Təbii ki, bu mənada turizmin də daha yaxşı təşkili üçün peşəkar tur bələdçilərinə ehtiyac artır. 

Tur bələdçisi ixtisası həm maraqlı, məsuliyyətli, həm də yüksək mədəniyyət və intellekt tələb edən bir peşədir. Şəhərə gələn qonaq hansı münasibətlə, rəftarla qarşılaşırsa, həmin şəxsdə adekvat olaraq ölkəmiz, insanlarımız haqqında ilkin fikir formalaşır. Bu mənada tur rəhbərinin, sadə dildə desək, bələdçilərin öhdəsinə böyük məsuliyyət düşür. 

Dərhal qeyd edək ki, bu, heç də asan sənət deyil. Belə ki, tur rəhbərləri uzun müddət ayaq üstə qalmağa, gün boyu ye­riməyə məcburdurlar. Buna görə də bu şəxslərdən ilk tələb olunan şərt fiziki cəhətdən sağlam olmalarıdır. Onlar, həm­çinin aydın nitqə sahib olmalıdırlar. Zahiri görkəmləri, geyimləri təmiz və səliqəli ol­malıdır. Tur zamanı müəyyən olunmuş təh­lükəsizlik normalarına riayət edilməlidir. 

Bələdçilər, həmçinin müxtəlif yerlər­dən gələn turistlərlə düzgün, etikaya uy­ğun ünsiyyət qurmağı bacarmalı, komanda şəklində işləməyi bilməlidir. Tur bələdçilə­ri qrupu idarə etmək qabiliyyətinə də malik olmalıdırlar. 

Eyni zamanda onların ilkin tibbi yardım bilikləri də olmalıdır. Şübhəsiz, müxtəlif dil bilgilərinə sahib olmaları ilə yanaşı, həm də xalqımızın mental dəyər­lərinə, adətlərinə əməl etməlidirlər. Bunlar son dərəcə vacib amillərdir. 

– Oxucular üçün maraqlıdır ki, ölkə­mizdə peşəkar tur bələdçiləri harada və necə hazırlanır? 

– Azərbaycanda turizm bələdçiliyi ixtisası bir neçə dövlət və özəl ali təhsil ocağında, eləcə də professoru olduğum Azərbaycan Turizm və Menecment Uni­versitetində (ATMU) tədris olunur. 

Yeri gəlmişkən, ATMU-da təhsilin bütün pillələrində – yəni bakalavr, ma­gistratura və doktorantura səviyyələrin­də turizm bələdçiliyi ixtisası üzrə kadrlar hazırlanır. Fəxrlə qeyd etmək istəyirəm ki, ATMU-nun tələbələrinə bir sıra xarici ölkələrdə təcrübə keçmək imkanı yara­dılmışdır. Bizim tələbələr İsrail, Türkiyə, Kipr kimi dövlətlərdə turizmin təşkili ilə bağlı təcrübi proqramlarda iştirak edib­lər. Yeri gəlmişkən, istehsalat təcrübəsinə tələbələrimizi qəbul edən digər ölkələrin siyahısına Qazaxıstan, Almaniya, Mal­ta, Yunanıstan, Rusiya, İspaniya, Çexiya, ABŞ, Ukrayna, BƏƏ, Seyşel adaları, Çin və Bolqarıstan daxildir. 

ATMU Azərbaycan Respublikasında turizm təhsili verən ali təhsil müəssisələri arasında ilk dəfə beynəlxalq ikili diplom proqramını tətbiq etmişdir. Belə ki, bu ali təhsil ocağının rəhbərliyi 2007-ci ildə Avstriyanın “IMC Krems” Tətbiqi Elm­lər Universiteti ilə “Azərbaycan–Avstriya Turizm Proqramı”nın reallaşdırılması ilə bağlı müqavilə imzalamışdır. Bu proqram çərçivəsində son illər çox sayda yerli və beynəlxalq turizm təhsilinin incəliklə­rindən yaxşı xəbərdar olan mütəxəssislər yetişdirilib ki, onlar ölkəmizin turizm sek­torunun inkişafına öz töhfələrini əsirgəmir­lər. 

Tələbələr təhsil aldıqları müddətdə təhsillərini 1 semestr ərzində Avstriyada davam etdirməklə beynəlxalq təcrübə əldə etmiş olurlar. Avstriyadan olan mütəxəs­sislər tərəfindən tədrisin aparıldığı xüsusi proqramı uğurla bitirmiş tələbələr 2 dip­lom – Azərbaycan Turizm və Menecment Universiteti və Avstriya “IMC Krems” Tətbiqi Elmlər Universitetinin diplomları­nı əldə edirlər.

– Bölgələrimizdə necə, gənc və iste­dadlı tur bələdçiləri yetişdirilirmi? 

– Bu gün bölgələrdə, həqiqətən, peşə­kar tur bələdçilərinə ehtiyac var. Hazırda müəyyən çətinliklər mövcuddur. Amma ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə kadr problemi olmayacaq. Hazırda Gəncə Dövlət Universitetində, yeni təsis olunan Xankəndi Universitetində, Mingəçevir Tu­rizm Kollecində turizm sahəsi üzrə ixtisas­lı kadrlar hazırlanır. 

Bundan əlavə, Bakıda və regionlarda­kı iri şəhərlərimizdə üç aylıq turizm bələ­dçiliyi üzrə kurslar da fəaliyyət göstərir. Turzm şirkətləri bu kursların sertifikatı olmadan bələdçiləri işə götürmürlər. Təklif edərdim ki, bölgələrdə turizmlə bağlı belə kurslar vaxtaşırı açılsın. Turizm bələdçiliyi təcrübəsi olan şəxslərin xarici dil kursları­na göndərilməsi də məqsədəuyğundur. 

Bu gün Azərbaycanın regionlarına çox­lu əcnəbi turist gəlir. Mərhum professor Xudu Məmmədov deyirdi ki, biz gənclərə “vətənpərvər olun!” demək əvəzinə, Vətə­ni onlara yaxından tanıtmalıyıq. Turistlər də belədir. Onlar məmləkətimizi yaxından tanısalar, mütləq bu yurdun səmimi dost­larına çevriləcəklər. Bölgələrdə turizmin inkişafı həm də yeni iş yerləri deməkdir. 

– Professor, gəlin bir anlığa təsəvvür edək ki, siz İçərişəhərdə gənc bələdçi olaraq çalışırsınız. Burada turistlərə ən çox hansı məkanları göstərməyə tələsər­diniz?

– Maraqlı və gözlənilməz sualdır. İçə­rişəhərdə olan tarixi memarlıq abidələrinin siyahısına nəzər salsaq, onların sayı 30-a çatır. Burada 8 muzey fəaliyyət göstərir. İlk növbədə, turistlərə Bakının tarixi, Qız Qalası, Şirvanşahlar Sarayı, Qoşa Qala qapıları, İçərişəhərin hamam mədəniyyəti, küçələri və muzeyləri haqqında məlumat verərdim. 

Qonaqları Arxeologiya və Etnoqrafiya Muzeyi, dünyada nadir muzeylərdən olan “Miniatür Kitab Muzeyi”, görkəmli caz musiqisi bəstəkarı və pianoçu Vaqif Mus­tafazadənin, Xalq rəssamı və xalça ustası Kamil Əliyevin, dünya şöhrətli rəssam Ta­hir Salahovun ev muzeyləri ilə tanış edər­dim. 

Eyni zamanda çox məşhur rəssamla­rın yaradıcılığında İçərişəhər mövzusun­dan söhbət açardım. Axı bu doğma qədim şəhərin abidələrini və küçələrini Engelbert Kempfer, Aleksey Boqolyubov, Qriqo­ri Qaqarin, Vasili Vereşşagin, Aleksandr Kuprin, Əzim Əzimzadə, Tahir Salahov və başqa məşhur rəssamların ölməz tablola­rında görmək mümkündür.

Belə hesab edilir ki, Bakını ilk təsvir edən, 1630-cu ildə onun görünüşünü yarat­mış İsveç rəssamı, səyyah Engelbert Kem­pfer olmuşdur. Onun əsərində Bakı dənizin dərinliyinə doğru uzanan qalın qala divar­larının içində, hamar damlı evlərlə təsvir olunmuşdur. 

– Sovet kinematoqrafiyası da İçə­rişəhəri diqqətdən kənarda qoymamış­dır. Turistlərin nisbətən yaşlı nəsli bir çox populyar filmlərdəki Bakı ilə bağlı səhnələri yaddaşlarında qoruyub saxla­yır...

– Bəli, bir çox məşhur filmlərdə Bakı və İçərişəhərlə bağlı maraqlı səhnələr yer alıb. Mən sizin təklif etdiyiniz kimi İçə­rişəhərdə bələdçilik etsəydim, turistlərin diqqətini bu məkanda çəkilmiş dünyaca məşhur filmlərə mütləq cəlb edərdim. Bu məqamda “Brilyant əl”, “Amfibiya adam”, “Aybolit-66”, “Tehran-43”, “Qorxma, mən səninləyəm” və sair filmlərin adlarını çək­mək olar. 

“Brilyant əl” filmində unudulmaz səh­nəni məşhur rejissor Leonid Qaydayın qə­rarı ilə İçərişəhərdə çəkmişdilər. Filmdə İçərişəhərin qədim küçələri, Şirvanşahlar sarayı, məscid minarələri və qala divarları görünür. Filmin çəkilişlərinin aparıldığı və aktyor Yuri Nikulinin canlandırdığı qəh­rəmanın yıxılaraq məşhur "Чёрт побери" ifadəsini səsləndirdiyi yerdə sevilən aktyo­run abidəsi ucaldılmışdır. 

– Professor, siz Azərbaycanı tələ­bələrinizlə sevə-sevə, qarış-qarış gəzən insanlardansınız. Ola bilməz ki, tur bələdçiliyi sənəti ilə bağlı maraqlı bir hadisənin şahidi olmayıbsınız. 

– Turist bələdçisi üçün ən vacib xüsu­siyyətlərdən biri yumor hissinin olması­dır. Öz həyatımdan bir misal çəkəcəyəm. Bir dəfə tələbələrlə Zaqataladakı Heydər Əliyev Parkına daxil olarkən çox şən rəqs musiqilərinin çalındığını gördük. Qeyri-ix­tiyari olaraq şövqlə rəqs etməyə başladım. Turistlər sanki bunu gözləyirmiş kimi mənə qoşuldular. Təbii ki, tələbələrim də məni tək qoymadıılar. Birlikdə milli rəqs­lərimizdən bir neçəsini şövqlə ifa etdik. Həmin xoşbəxt anlar heç vaxt yadımdan çıxmır. 

Mən tələbələrimlə bölgələrə gedəndə, bir qayda olaraq yol boyu həmin ərazinin tarixi, mədəniyyəti haqqında geniş bilgilər verir, intellektual oyunlar təşkil edir, qalib gələnlərə hədiyyələr təqdim edirəm. Bu, mənim hobbimdir! 

Azərbaycan o qədər gözəl və əsrarən­giz bir məkandır ki, onu sevməmək müm­kün deyil. Tələbələrə deyirəm ki, bu gözəl diyarı qonaqlara sevdirmək istəyirsinizsə, ilk növbədə, özünüz onu yaxından tanıma­lı, heyranı olmalısınız. 

Bu gün Azərbaycan xalqı və dövləti öz tarixinin ən şanlı, şərəfli günlərini yaşayır. 2020-ci ilin payızında Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla Azərbaycanın igid əsgər və zabitləri doğma Qarabağımızı yağı düşmə­nin əsarətindən xilas ediblər. 

Bu gün isə biz Cənubi Qafqazda sül­hün carçıları rolunda çıxış edirik. O yerdə ki, sülh və əmin-amanlıq var, orada inkişaf və tərəqqi üçün böyük imkanlar açılır. Tu­ristlər də arzuolunan qonaqlardır. İnanıram və çox ümid edirəm ki, ən yaxın gələcəkdə Azərbaycan, bütövlükdə Qafqaz dünyanın ən gözəl turizm məkanlarından birinə çev­riləcək. 

Söhbəti qələmə aldılar:
Məsaim HACIXANLI,
Ceyhun ALIŞLI
XQ



Müsahibə