Əsl qardaşlıq nümunəsi

post-img

Əslində, Bakının Düşənbə ilə qar­daşlaşdığı barədə faktı da bir az unut­muşdum, gələn il bu qardaş şəhərin 100 yaşının tamam olacağını da bil­mirdim. Ancaq son günlər rastlaşdı­ğım bir videomaterialdan sonra digər elektron resurslara da baxdım və nəti­cədə bu yazı ərsəyə gəldi. 

Söhbət ondan gedir ki, Tacikistanda fəaliyyət göstərən “Avesta” İnformasiya Agentliyinin hazırladığı “Azərbaycan – Ermənistan sərhədlərinin delimitasiyasının müəyyən edilməsində güc yoluna ehtiyac olacaqmı?” mövzulu teledebata qulaq asandan sonra, sadəcə olaraq, dostlarımız və qardaşlarımızla fəxr elədim. Tacik jur­nalist Azizcon Maksudovla azərbaycanlı ekspert Fikrət Şabanovun teledebatı (hə­min dialoq agentliyin “Facebook” hesabın­da yayılmışdı) Düşənbə ilə Bakının dost­luq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirməklə yanaşı, həm də xalqlarımız arasındakı ictimai-si­yasi və mədəni – mənəvi bağlılığın da göstəricisi idi. 

Sonra yadıma düşdü ki, biz – “Xalq qəzeti”ndən bu sətirlərin müəllifi, “525-ci qəzet”dən Rəşad Məcid və AzTv-dən Ağa­nisə Sultanova (öz operatoru ilə) 2013-cü ilin dekabrında Ər-Riyada – “Səudiyyə Ərəbistanının Mərkəzi Asiya ölkələri və Azərbaycanla iqtisadi əməkdaşlığı” möv­zusunda keçirilən konfransa getmişdik. Orada Tacikistanı təmsil edən həmkarla­rımızdan biri məhz “Avesta” İnformasiya Agentliyinin baş direktoru Cəmşid Ulma­sov idi. Cəmşid Raxmonoviç o zamankı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri, işğalla nəticələnən hərbi müdaxilə zamanı törədilən vəhşilik­lər və beynəlxalq ictimaiyyətin bu haqsız­lıqlara münasibətdə sərgilədəyi laqeydlik barədə olduqca müfəssəl məlumata malik idi. O danışdıqca mən elə bilirdim ki, bu gənc tacik həmkarımız ya bizim “Xalq qə­zeti”nin, ya da digər mətbu orqanımızın təmsilçisidir.

Xatırladım ki, məni Cəmşid Ulmasov­la məhz Ağanisə Sultanova tanış eləmiş və köhnə dostunu “tacikistanlı azərbaycanlı” kimi təqdim edərək bizə yaxın olduğunu demək istəmişdi. Ancaq sonra öyrəndim ki, onun Azərbaycanla bağlılığı yoxdur. Sadə­cə, haqqı demək, ədaləti yazmaq, obyektiv olmaq, islam həmrəyliyinə töhfə vermək istəyir. Onu da əlavə edim ki, həmkarımız Qulu Kəngərlinin 2020-ci il sentyabrın ilk günlərində Düşənbədən AZƏRTAC-a göndərdiyi informasiyada deyilirdi ki, Ta­cikistanın Avesta.tj portalında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişə­sinin yaranması ilə bağlı tanınmış özbək tarixçisi Şuxrat Barlasın rus dilində “Qara­bağ sindromu – mənbələr və nəticələr” adlı məqaləsi verilib. Biz o vaxt qeyd etmişdik ki, qardaş hər yerdə qardaşdır: “Özbək alim öz ölkəsində də Azərbaycanın əsas problemindən söz açır, Tacikistan mətbu­atında da”. 

“Avesta” İnformasiya Agentliyinin 2020-ci il sentyabrın 29-da – İkinci Qara­bağ müharibəsinin ikinci günü öz oxucula­rına təqdim etdiyi informasiyanın sərlövhə­sinə baxın: “Rəsmi Kabul Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini bəyan etdi”. İndi isə bu agentliyin Ermə­nistanın məğlubiyyət sənədini imzalama­sından üç gün əvvəlki yazısını yada sa­laq: “ Şərəfli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədaləti bərpa edir”. Bu agentlik noyabrın 16-da (üçtərəfli bəyanatdan bir həftə son­ra) isə yazırdı: “Ermənilər Qarabağı tərk edərkən öz evlərini yandırır, əmlakları məhv edirlər”. Fikrimizcə, bütün bunların qardaşlıqdan başqa adı yoxdur. Elə “Aves­ta”nın 2020-ci il mayın 7-də yaydığı ma­terialın sətirlərindən kədər süzülməsi də qardaşlıq nümunəsi idi: “Azərbaycan xalqı mayın 8-də ölkənin qədim tarixi və mədəni mərkəzi olan Şuşanın Ermənistan tərəfin­dən işğal edilməsi faktını 28-ci dəfə hüznlə yada salacağıq”. 

Söhbət qardaşlıqdan düşmüşkən, xa­tırladaq ki, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəh­bərliyi ilə Tacikistan parlamentinin üzvləri və Düşənbə şəhərinin rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyətinin Azər­baycana rəsmi səfəri zamanı (2022-ci il martın 3-də) Bakı Şəhər İcra Hakimiyyə­tinin başçısı Eldar Əzizovla görüşdə qeyd edilmişdi ki, Bakı və Düşənbə şəhərləri qardaşlaşacaq. Elə həmin səfər çərçivəsin­də adı çəkilən memorandum imzalanmışdı.

O ki qaldı, qardaş şəhərin 100 yaşının tamam olmasına, qeyd etməliyik ki, tacik xalqı, dövlətçiliyi və mədəniyyəti nə qədər qədim olsa da, bu respublikanın paytax­tı kifayət qədər cavandır. Belə ki, bu gün Tacikistanın ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzi olan Düşənbə adlı yaşayış məntəqəsinin adı ilk dəfə XVII əsrin sonuna aid məxəzlərdə xa­tırlansa da, şəhər kimi ötən əsrin üçüncü onilliyində formalaşmışdır. Qeyd edilir ki, bu yaşayış məntəqəsi 1826-cı ildə “ Düşən­bə — Kurqan” adlanırdı. 1924-cü ildə isə Düşənbə kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qış­lağı yaradılmışdı. 1925-ci ildə Düşənbə qışlağının əsasında Düşənbə şəhəri təşkil edilmiş, 1929-cu ildə şəhərin adı dəyişdi­rilərək, Stalinabad qoyulmuşdu. Stalinin ölümündən sonra isə – 1961-ci ildə şəhərin tarixi adı – Düşənbə adı bərpa edilmişdir.

Azərbaycan – Tacikistan əməkdaşlı­ğına gəlincə isə qeyd edilməli məqamlar yüzlərcədir. Ekspertlər yazırlar ki, Azər­baycanın Mərkəzi Asiya dövlətləri ara­sında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başla­yıb. Əlavə edilir ki, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezi­denti İlham Əliyevin və Tacikistan Prezi­denti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. 

Xüsusilə vurğulanır ki, səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldar­lığında da özünü göstərir. Belə ki, Prezi­dent İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il ap­relin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iş­tirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiy­yatları üçün Xüsusi Proqramının – SPE­CA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iş­tirak etmək üçün ölkəmizdə səfərdə olub.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə mü­nasibətlər də birləşdirir: “Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələ­rin əsasını təşkil edir. İki ölkə arasında, ümumilikdə, 70-dən çox sənəd, o cümlə­dən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləş­dirilməsinə dair 14 sənəd imzalanıb”. 

Bu sətirləri isə Tacikistan Prezidenti Emoməli Rəhmonun bu il mayın 23-də Ba­kıda azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə mətbuat üçün verdiyi bəyanatdan seçdiyimiz iqtibasla tamamlamaq istəyi­rik: “Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Fürsətdən istifadə edərək vurğulamaq istə­yirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsiz­lik sahəsində səmərəli əməkdaşlığın səviy­yəsindən və məzmunundan məmnunluğu­muzu bildiririk. Bu baxımdan, terrorizmə və ekstremizmə, radikalizmin təzahürlə­rinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narko­tik qaçaqmalçılığına qarşı mübarizəyə mü­hüm yer ayırırıq. Bu xətt üzrə xüsusi xid­mət orqanlarının və ixtisaslaşdırılmış digər idarələrin fəaliyyətinin əlaqələndirilməsi­nin gücləndirilməsini zəruri hesab edirik”. 

İttifaq MİRZƏBƏYLİ



Sosial həyat