Müsahibimiz Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovdur
– Həsən müəllim, sovet dönəmində uzun müddət Azərbaycan Respublikasının rəhbərliyində məsul vəzifələrdə çalışmısınız. Hətta Azərbaycan KP MK-nın ideologiya üzrə katibi, yəni müasir yozumda Heydər Əliyevin elm, təhsil, mədəniyyət, təbliğat və təşviqat üzrə müavini olmusunuz. Həmin illərdə ölkənin bir nömrəli anadilli mətbu orqanı olan “Kommunist” qəzetinin fəaliyyəti sizin rəhbərliyiniz altında davam edib. Bu qəzetin sovet dönəmindəki rolu və dəyəri haqqında fikirlərinizi bilmək istərdik.
– SSRİ-nin ilk onilliklərində hakim partiyanın ideologiyası ictimai-siyasi həyata hopmuşdu və bu səbəbdən də sovet mediası uzun illər dünyanın ən ideoloji mediası imicinə sahib idi. Təbliğat təkcə jurnalistikadan deyil, həm də ədəbiyyat və incəsənətdən, kino və televiziyadan istifadə edərək öz dünya modelini yaratmaqla məşğul idi. “Kommunist” qəzeti də istisna deyildi və bu axında idi.
Stalinin həyatdan köçməsi və adının siyasi səhnədən çıxarılması ilə Sovet İttifaqının ictimai-siyasi həyatında bir çox dəyişikliklər oldu. Bu özünü, ilk növbədə, kütləvi informasiya vasitələrində göstərməyə başladı. Bir müddət senzuranın zəifləməsi və müəyyən qədər söz azadlığı medianın sürətli inkişafına, cəmiyyətlə hakimiyyət arasında dialoqun formalaşmasına səbəb oldu. Lakin mövcud şərtlər yumşalsa da, sovet ideologiyası KİV-in fəaliyyətinə təsirini davam etdirirdi.
Sov.İKP-nin XX Qurultayından və Stalinə pərəstiş dövrü başa çatdıqdan sonra ictimai-siyasi həyatda bir istiləşmə dövrü formalaşdı. Mətbuatda sovet cəmiyyətinin müxtəlifliyini və mürəkkəbliyini əks etdirən çoxşaxəli məqalələr dərc olunmağa başladı.
Bu dəyişikliklər Azərbaycandan, respublika mediasından, eyni zamanda, Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetindən də yan keçmədi. Qəzet cəmiyyətin bütün istehsal və ictimai fəaliyyət sahələrinə nüfuz edərək ölkəmizdə bütün sosial, peşə, yaş, milli təbəqə və insan qruplarını, bütün dövlət və ictimai təşkilatları əhatə edirdi. Bunu əsla danmaq olmaz. Qəzetiniz çox böyük tirajla nəşr edilirdi və respublikanın bütün bölgələrinə çatdırılırdı.
“Kommunist” qəzetində çox ciddi yazılar, publisistik məqalələr dərc edilirdi. Amma faktlara gələndə, onlara son dərəcə məsuliyyətlə yanaşılırdı. Qəzet oxucuların məktublarını qəbul edir və vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə jurnalist göndərirdi. Bu cür jurnalist araşdırmalarının nəticələri qəzet səhifəsinə çıxarılanda, çap edilən material bir çox hallarda ən yüksək səviyyədə - rayon, şəhər və hətta Azərbaycan KP MK-nın bürosunda belə müzakirəyə çıxarılırdı və çox ədalətli qərarlar qəbul edilirdi.
Ona görə də indi bir çox hallarda səslənən fikirlərin əksinə olaraq qeyd etmək lazımdır ki, sovet təbliğatı, elə onun bir orqanı olan “Kommunist” qəzeti ağa qara deyib düşmən obrazı yaratmırdı, həm də cəmiyyətin, xalqın problemlərini işıqlandırırdı, dilimizin, mədəniyyətimizin inkişafı üçün yetərincə xidmətlər göstərirdi. Neçə-neçə əmək qəhrəmanı – neftçi, pambıqçı, kənd təsərrüfatı işçisi, istedadlı mədəniyyət və incəsənət xadimi, şair və yazıçı haqqında publisistik yazılar, portret-oçerklər dərc edilirdi və bu adamlar cəmiyyətə tanıdılırdı.
– Sizin sovet dönəmində də dövlət idarəçiliyində yüksək vəzifə tutmağınıza baxmayaraq, daim ədəbi-mədəni prosesləri izləyən, tariximizə, ədəbiyyatımıza nüfuz edən bir insan olduğunuzu bildiyimdən soruşmaq istərdik: milli-mədəni dəyərlərimizin, ədəbiyyatımızın, ana dilimizin qorunmasında və inkişafında “Kommunist” qəzetinin xidmətləri nədən ibarətdir?
– Sovet dövründə qəzetlərin sayı indikinə nisbətən məhdud idi. “Kommunist” qəzeti Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin əsas orqanı idi. Bu səbəbdən də Azərbaycanın həyatında baş verən bütün hadisələr, cəmiyyətdə gedən proseslər bu qəzetin diqqət dairəsində idi. Əlbəttə, dərc edilən əksər materiallar iqtisadiyyatla, sənaye yenilikləri, kənd təsərrüfatı ilə bağlı idi. Sənayedə, xüsusilə də kənd təsərrüfatındakı vəziyyət geniş işıqlandırılırdı. Qeyd etdiyim kimi, qəzetin əsas qəhrəmanı, harada işlədiyindən asılı olmayaraq əksər hallarda zəhmət adamı, halal insan idi.
O zaman bir qayda olaraq Mərkəzi Komitədə hər hansı bir yubileylə bağlı qərar qəbul olunanda “Kommunist” qəzeti o qərarın aparıcı təbliğatçısına çevrilirdi. Yeri gəlmişkən deyim ki, mən 1958-ci ildə Bakıya Tiflis şəhərindən gəlmişəm. Tiflisdə rus məktəbini bitirmişdim. Azərbaycan dilini bilirdim, lakin söz ehtiyatım çox məhdud idi. Həmin dövrdə Füzulinin, Aşıq Ələsgərin, Vaqifin və başqa klassiklərimizin yubiley tədbirləri çərçivəsində qəzetiniz geniş və davamlı olaraq onların əsərlərindən parçalar çap edirdi. Qəzetinizin bu kimi materialları, demək olar ki, mənim üçün Azərbaycan ədəbi dilini öyrənməkdə əsas mənbəyə çevrilmişdi. Qəzetdə tanınmış elm və mədəniyyət xadimləri, yazıçılar çalışırdılar və bunun özü ədəbi dilimizin inkişafına, mədəni mühitin formalaşmasına çox böyük təsir göstərirdi.
– Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra respublikanın həyatında əsaslı islahatlara start verildi. Bu dönüş “Kommunist”in fəaliyyətində necə əksini tapdı?
– 1969-cu ilin iyulunda Heydər Əliyev hakimiyyətə gələndən bir ay keçməmiş “Kommunist” qəzetinin 50 illik yubileyində iştirak etdi və burada Azərbaycan dilində nitq söylədi. Bundan sonra Bakı Dövlət Universitetinin 50 illik yubileyində iştirak etdi və yenə doğma Azərbaycan dilində nitq söylədi. Bu çıxışlar o dövr üçün qeyri-adi bir hadisə idi və artıq ziyalıların, Azərbaycanın yaradıcı insanlarının düşüncəsində bir çevriliş etdi. Doğrudur, ona qədər heç kimə öz ana dilində danışmağa rəsmi şəkildə qadağa qoyulmamışdı. Lakin Heydər Əliyevə qədər belə böyük tədbirlərdə yüksək vəzifəli şəxslər bir qayda olaraq öz çıxışlarını rus dilində edirdilər. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycan dilində çıxış edib göstərdi ki, hər kəs öz dilində çıxış edə bilər və əgər öz dilimizin inkişafını istəyiriksə, məhz bu yolla getməliyik. Bu, doğma dilimizə münasibəti kökündən dəyişdi. Bu addım bütün anadilli mətbuatın, ilk növbədə isə “Kommunist” qəzetinin kollektivində ana dilində yazıb-yaratmağa, bu dilin inkişaf etdirilməsinə çox güclü bir təkan verdi. Etiraf etmək lazımdır ki, o dövrün jurnalistləri, ədibləri, mədəniyyət və incəsənət adamları arasında da doğma dilə, milli-mənəvi dəyərlərə vətəndaş yanğısı ilə yanaşan insanlar çox idi. Onlar Heydər Əliyevin milli düşüncənin inkişafı naminə açdığı cığırla daha qətiyyətlə irəliləməyə başladılar.
1981-ci ildə Heydər Əliyevin “Literaturnaya qəzeta”da “Qoy ədalət zəfər çalsın” başlığı altında dərc edilmiş müsahibəsi artıq SSRİ miqyasında çox böyük sensasiyaya səbəb oldu. Heydər Əliyev bu müsahibədə SSRİ miqyasında heç kimin dilə gətirə bilmədiyi fikirləri səsləndirdi. Yüksək post tutan şəxslərin belə çıxış və müsahibələri SSRİ üçün xarakterik deyildi. Bu müsahibədə Azərbaycan Kommunist Partiyasının başçısı olan Heydər Əliyev həmin illərdə tarixi kəlama çevrilmiş “qoy ədalət zəfər çalsın” ifadəsi ilə o zaman SSRİ-nin bir çox yerlərində ört-basdır edilən korrupsiya və rüşvətxorluqla bağlı problemlərdən, cəmiyyətin mənəvi çatışmazlıqlarından açıq danışdı.
Heydər Əliyev elə həmin müsahibədə deyir: “Rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Rüşvətxor dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul verib bunları alır... Keçmişin mənfur qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür, hətta təmiz, pak adamın da, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrət edən adamın da. Şəxsən təmiz olmaq və şəxsən çiyrinmək hələ vətəndaşlıq ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir, Şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir”.
Təbii, bu fikirlər Azərbaycan ziyalılarına, millətin qabaqcıl insanlarına nəyə, hansı amala xidmət etməli olduqlarını göstərirdi. Bu, eyni zamanda Azərbaycan jurnalistlərinə bir çağırış idi ki, cəmiyyətdə belə hallara qarşı ciddi mübarizə aparmaq lazımdır. Ona görə də Heydər Əliyevin hakimiyyəti illərində qəzetinizin səhifələrində yüzlərlə tənqidi məqalələr, felyetonlar, ciddi jurnalist araşdırmaları yer alırdı və oxucularınızın ciddi marağına səbəb olurdu.
– Heydər Əliyev Azərbaycandan SSRİ rəhbərliyinə irəli çəkiləndən sonra sizi də ideoloji sahədən kənarlaşdırıb sənaye-tikintiyə rəhbərliyə keçirdilər. Bu dəyişiklik nədən irəli gəldi? Həmin illərdə Azərbaycanda tikinti sahəsində Heydər Əliyev layihələrini davam etdirərkən “Kommunist” qəzeti ilə sıx işləmisiniz. Bu barədə bir qədər təfərrüatı ilə məlumat verə bilərsinizmi?
– Heydər Əliyev məni Gəncədən Bakıya, yanına rəhbər vəzifəyə gətirəndə birmənalı olaraq qarşıma vəzifə qoydu ki, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, həmçinin şahmatın inkişafına aid Gəncədə gördüyüm işlər respublika miqyasında genişlənməli, inkişaf etdirilməlidir. Bunlara əlavə olaraq xüsusi vurğuladı ki, Gəncədə dağılmış məscidlərin bərpasına bənzər respublikada da tarixi-mədəni abidələrin bərpası ilə bağlı işləri davam edirmək lazımdır. Təbii, Heydər Əliyevə arxalandığım üçün geniş fəaliyyətə keçmək imkanım yarandı. Bu fəaliyyətimdə “Kommunist” qəzeti, demək olar ki, vacib platforma oldu. Ümumiyyətlə, xalqımızın milli düşüncəsinin inkişafı və möhkəmlənməsi yolunda görülən işlərin mətbuatda işıqlandırılması həlledici rol oynayırdı. Lakin Heydər Əliyev Moskvaya gedəndən sonra artıq Moskva mənim bu fəaliyyətimlə bağlı narazılıqlarını bildirdi. Bu sahədə görülən işlərə irad tutaraq millətçi fəaliyyətə meyilli damğası ilə ixtisasım üzrə tikinti sahəsinə keçirildim. Amma burada da yenə Heydər Əliyevin, siz dediyiniz kimi, əkdiyi toxumların uğurla cücərməsi yolunda fəaliyyətimi davam etdirdim. Bakıda yaşayış massivlərinin və kəndlərimizdə yaşayış evlərinin tikintisi kimi vacib bir məsələyə xüsusi diqqət ayırdım. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Qaradağ rayonunda əzəmətli və indi də gündən-günə dəyərləri artan Bakı Dərin Özüllər və Gəncə Avtomobil zavodlarının tikintisi diqqət mərkəzimdə oldu. Bunlar Heydər Əliyevin başladığı çox mühüm və respublika iqtisadiyyatı üçün vacib olan layihələr idi. Ona görə də bunların həyata keçirilməsində “Kommunist” qəzetinin imkanlarından, təbliğat gücündən yararlanır, proseslərin gündəlik işıqlandırılmasını təşkil edir və xalqın diqqətinə çatdırırdıq.
– Müstəqillik illərində bəzi qələm sahibləri “Kommunist” qəzetini az qala qırmızı imperiyanın ideoloji qılıncı adlandırmağa başladılar və çox sərt ittihamlarla çıxış etdilər. Amma ümummilli lider Heydər Əliyev qəzetin 75 illiyi ilə bağlı 1994-cü ildə redaksiyaya ünvanladığı təbrik məktubunda yazırdı: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün Sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur...” Bu fikri ilə Ulu öndər böyük çoxluğun mövqeyini dəstəklədi.
– Qəzetin ünvanına sərt ittihamlar səsləndirən və belə mövqedə olanlar, əslində Sovet sistemi haqqında tam təsəvvürləri olmayan şəxslərdir. Mən Sovetin 30-cu illəri haqqında demirəm, o başqa zaman idi. Lakin 70-80-ci illərdə “Kommunist”, yəni indiki “Xalq qəzeti” əksinə, hətta kimisə sadəcə tənqid edərkən, necə deyərlər, 100 ölçüb, bir biçərdi. Mətbuatda tənqid olunan şəxslər bir qayda olaraq, hansısa təşkilatda yoxlamalardan sonra qəzetlərdə onlar haqqında məlumat çap olunur və fəaliyyətlərinə tənqidi münasibət bildirilirdi.
Siz sualda artıq ulu öndər Heydər Əliyevin qəzetiniz haqqında fikrini səsləndirdiniz. Deyilənə əlavə olaraq qeyd edim ki, əslində qəzetiniz xalqımızın milli düşüncəsinin güclənməsində aparıcı rol oynayırdı. Tam məsuliyyətlə deyirəm ki, Qarabağ problemi yaranarkən xalqımızın vahid bir mövqedən çıxış edərək torpaqlarımızın müdafiəsinə qalxması, ilk növbədə, 70-80-ci illərdə Heydər Əliyevin başçılığı ilə Azərbaycanda milli-özünüdərk yolunda görülən genişmiqyaslı fəaliyyətin nəticəsi idi. 1988-ci ildə məhz “Kommunist” qəzetində Topxana meşəsinin qırılması ilə bağlı dərc edilmiş məqalələr respublikamızın ərazi bütövlüyü uğrunda açıq mübarizə müstəvisinə keçməsində bir qığılcım oldu. Bunu unutmaq olmaz. Yeri gəlmişkən bir qənaətimi söyləməyi də vacib sayıram. “Kommunist” qəzetinin varisi kimi fəaliyyət göstərən “Xalq qəzeti” Azərbaycanın 105 illik tarixinin salnaməsidir. Bu salnamə Azərbaycan tarixinin araşdırıcıları, alimləri üçün çox qiymətli bir mənbədir. Bunları əsla yaddan çıxarmaq olmaz.
– Həsən müəllim, o dövrün jurnalistikası ilə indiki medianın fərqli cəhətlərini nədə görürsünüz? Ümumiyyətlə, medianın bugünkü durumu haqqında nə deyə bilərsiniz?
– Bilirsiniz ki, hər mətbu orqanın yaradıcılığı, fəaliyyət məhsulu, ənənəsi ilk əvvəl öz dövrünün məhsuludur. Bu səbəbdən də əlbəttə fərq çoxdur. Yəni həyatda olan fərq məbuatda da öz əksini tapır. İndi Azərbaycanda jurnalistika ixtisası verən ali məktəblər çoxdur. Mən bu fakültələrin tədris proqramlarından xəbərsizəm və fikir söyləyə bilmərəm. Amma onu bilirəm ki, klassik jurnalistikamızın ənənələri, klassik jurnalistikamızın tanınmış simalarının əsərləri lazımınca tədris prosesinə cəlb olunmurlar. Məsələn, Sovet dövründə əsərlərinə qadağa qoyulmuş Əlimərdan bəy Topçubaşovun öz dövrünün tanınmış jurnalisti kimi rus dilində yazdığı 100-dən çox məqaləsini toplamışam və bu, hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən kitab şəklində nəşr olunub. Lakin bu toplunun əlavə dərs vəsaiti olaraq təsdiqlənməsinə və həmin məqalələrin Azərbaycan dilinə tərcümə edilib nəşrinə təşəbbüs göstərən yoxdur.
– “Kommunist” qəzetinin varisi olaraq artıq 105 yaşını qeyd etməyə hazırlaşan “Xalq qəzeti” haqqında nə demək istərdiniz?
– Qəzetiniz haqqında bir çox fikirlərimi suallarınıza cavab verərkən söylədim. Deyilənlərə əlavə olaraq kollektivinizə uğurlar arzu edirəm. Redaksiyanızda qonaq olanda gördüm ki, qəzetinizdə çox sayda təcrübəli jurnalist çalışır. Yeni nəsil ancaq o zaman uğurlu fəaliyyət göstərə bilər ki, sələflərinin təcrübəsinə, yaradıcılıq üslubuna yiyələnsin və onlardan səmərəli şəkildə istifadə etsin. Qəzetin 2-ci əsr tarixinin ilk yubileyini – 105 yaşını təbrik edirəm və redaksiyaya uğurlar arzulayıram!
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV
XQ