Bugünlərdə “YAŞAT” Fondunun təşkilatçılığı, “Nar” mobil rabitə şirkətinin hamiliyi ilə Naxçıvanda yay düşərgəsi açılıb.
Layihə Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı ilə gerçəkləşdirilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak ediblər.
Çıxışlarda bildirilib ki, “YAŞAT” Fondu Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi belə layihələrin davamlı həyata keçirilməsini nəzərdə tutur. İndiki layihə Azərbaycan–Türkiyə sahə əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və iki ölkə arasında əməkdaşlığa dair qəbul edilmiş fəaliyyət planına əsasən icra olunur.
Düşərgədə 15-17 yaşlarında 50 türkiyəli və azərbaycanlı şəhid övladı 4 gün Naxçıvan Muxtar Respublikasında bir araya gəlib. Proqram müddətində iştirakçılar müxtəlif ekskursiya və gəzintilərdə iştirak edəcəklər.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan