Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının qurulması ilə bağlı ölkəmizdə iş planı hazırlanır. Prosesin sürətləndirilməsi məqsədilə mütəxəssislər araşdırmalara cəlb olunub. Bu barədə XQ-yə məlumat verən Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimli bildirdi:
– Qeyd edilən platformasının yaradılması ilə bağlı Mədəniyyət Nazirliyində danışıqlar aparılıb. Müzakirələrdə “BBC-Maestro” layihəsinin strateji və biznes üzrə məsləhətçisi Nina Larıçeva və “ATA-Association of Turkic Animation” təşkilatının sədri Oktay Yusibov iştirak ediblər. Burada aylıq və ya illik abunə modelinə əsaslanan platformanın öz daxilində yerli və beynəlxalq məzmunları (dublyaj) əhatə etməsi məsələsinə toxunulub. Platformada tamaşaçılara yüksək keyfiyyətli, mədəni rezonans doğuran proqramların təqdim olunması da danışıqların mövzusu olub.
Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Nazirlik rəsmisi əlavə etdi ki, belə bir ehtiyac Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"yə və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndində də əksini tapıb. Həmin müddəanın icrası üzrə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi prioritet məsələdir.
Ceyhun ALIŞLI
XQ