Bu ilin noyabr ayında ölkəmizdə dünyanın ən irimiqyaslı tədbirlərindən biri – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Bununla da respublikamız həm COP29-a evsahibliyi etməsi, həm də enerji siyasətindəki uğurları və proseslərə diplomatik yanaşması ilə bir daha böhrandan həllə gedən yolda mühüm rol oynayan dövlət adını alması faktını təsdiqləyəcək.
Belə bir tarixi hadisə respublikamızın özünü qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə aparan dövlət kimi tanıtmasından və qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq məqsədilə üzərinə düşən öhdəliyi uğurla yerinə yetirməsindən, milli, regional, qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində önəmli layihələr həyata keçirməsindən xəbər verir.
Bu tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər daha geniş auditoriyanın diqqətinə çatdırılacaq, ölkəmizin yeni, bərpaolunan enerji mənbələrinə keçidi barədə geniş məlumat veriləcək. Bu barədə Azərbaycan Texniki Universitetinin professoru Güləhməd Talıbovla söhbət etdik.
– Azərbaycanın bərpaolunan enerji potensialını necə qiymətləndirirsiniz?
– Ölkəmiz zəngin bərpaolunan enerji potensialına malikdir. Azərbaycan günəşli günlərin çox olduğu ölkələrdən biridir. Belə ki, respublikamızda günəş şüalanmasının davamiyyəti ildə 2400-3200 saata catır. Bundan əlavə, güclü küləklərin əsdiyi bölgələrimiz də coxdur. Abşeron və Bakı ilə bərabər, Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində güclü küləklərin əsdiyi geniş ərazilər mövcuddur. Abşeron yarımadasında külək enerjisindən istifadə etmək daha məqsədəuyğundur. Xəzər sahili ərazilər də küləksiz olmur və burda da böyük enerji potensialı var.
– Bərpaolunan enerji mənbələri ilə bağlı vəziyyət barədə nə deyə bilərsiniz?
– Təbii qaz, neft və daş kömür insanların həyatında mühüm rol oynayır və əsasən, yanacaq kimi istifadə olunur. Neftdən avtomobil və təyyarələr üçün benzin alınır. Elektrik stansiyalarında istifadə olunan mazut da neft məhsuludur. Təbii qaz və daş kömür isə elektrik stansiyaları, qazanxana və zavodlar üçün əhəmiyyətli xammaldır. Onlardan istifadə isə ətraf mühitin çirklənməsinə səbəb olur və nəticədə istixana effekti yaradır. Bu səbəbdən COP29-a evsahibliyi edən Azərbaycan üçün mədən yanacaqlarından (neft, qaz, kömür) “yaşıl enerji”yə keçid və bu sahəyə investisiyaların yatırılması mühum önəm daşıyır. Çünki bərpaolunan enerji iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynayır, karbon emissiyalarını azaldır və ekoloji davamlılığı gerçəkləşdirir, həmçinin enerji təhlükəsizliyini artırır və fosil yanacaqların tükənməsinin qarşısını alır. Bütün bunları nəzərə alaraq, Azərbaycanda alternativ və bərpaolunan enerjidən istifadəyə üstünlük verilir. “Yaşıl enerji” mənbələrinə isə günəş və külək enerjiləri, hidroenerji, biokütlə və geotermal enerjilər daxildir.
Qeyd edim ki, bərpaolunan enerji sektorunun, “yaşıl iqtisadiyyat”ın inkişafı respublika rəhbərliyi tərəfindən müəyyənləşdirilən əsas prioritetlərdən biridir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl zona” elan edilməsi ölkəmizin potensialını artırır. Hazırda Azərbaycanın ümumi enerji balansında (o cümlədən hidroenergetikada) bərpaolunan enerji mənbələrinin payı 15 faiz təşkil edir. 2030-cu ilə qədər respublika üzrə ümumi elektrik enerjisi istehsalında “yaşıl enerji” payının 30 faizə çatdırılması nəzərdə tutulur. Son illərdə reallaşdırılan layihələr isə əsas məqsədə çatacağımızdan xəbər verir. Çünki hər il bərpaolunan enerji mənbələrindən istifadə etməklə istehsalı artırır. Bu ilin ilk yarısında elektrik enerjisi istehsalının su elektrik stansiyalarında 1 milyard 581,1 milyon kilovat-saat, digər mənbələr üzrə isə 451,3 milyon kilovat-saat təşkil etməsi də deyilən fikrin təsdiqidir.
– Güləhməd müəllim, hazırda günəş elektrik stansiyalarında ən müasir texnologiyalar tətbiq edilir. Bu sahədə diqqətçəkən yeniliklərlə bağlı fikirlərinizi də bilmək istərdik.
– Hər il yeni texnologiyaların tədbiqi genişlənir. Məsələn, keramika panellərin böyük potensialı var. Onun 1 kvadratmetr səthi adi günəş panelinin 1000 kvadratmetr səthi qədər elektrik enerjisi istehsal edir. Son dövrlərdə isə üzən günəş panellərinin tətbiqi genişlənir. Bu panellərin ən böyük üstünlüklərindən biri su hövzələrində qurulması və torpaq sahələri tələb etməməsidir. Quraşdırılması da ucuz başa gəlir, sərfəlidir, daha sabit və etibarlı enerji təchizatını reallaşdırır. Nəticədə kövrək ekosistemi qoruyur.
Üzən günəş elektrik stansiyası suyun səthində kölgə yaradır, bu gölməçələrdən, su anbarlarından və göllərdən buxarlanmanı azaldır. Bu, xüsusilə quraqlığa meyilli ərazilərdə faydalıdır. Onun yaratdığı kölgə şirin su obyektlərində yosunların çoxalmasının da qarşısını alır. Məlumdur ki, yosunların çoxalması insan sağlamlığı üçün təhlükəlidir, suda oksigen azlığı yaradır, orada yaşayan bitki və heyvanların ölümünə səbəb olur. Nəhayət, üzən günəş panelləri təmiz, bərpaolunan elektrik enerjisi mənbəyini təmin edir. Ondan istifadə atmosferdə “istixana qazları”nın və digər çirkləndiricilərin emissiyalarını azaltmağa kömək edir ki, bu da ətraf mühitə, eləcə də insan sağlamlığına müsbət təsir göstərir. Onu da deyim ki, üzən günəş enerjisi xaricdə geniş tətbiq edilsə də, Azərbaycan üçün yenilikdir.
Son vaxtlar bu sahədə yeniliklərdən biri də selüloz nanolifləri istehsal etmək üçün bambukdan istifadədir. Bu maddə emal edildikdə və təmizləndikdə son dərəcə şəffaf və davamlı materiala çevrilir. Onun liflərindən hazırlanmış şüşə, yanğın zamanı istilik və alovun yayılmasının intensivliyini azaldır. Bambuk şüşəsi həm də enerji potensialına malikdir. Ondan günəş panellərinin tikintisində istifadə edilə bilər. Belə şüşə enerjinin çevrilmə səmərəliliyini 15,29 faiz artırmağa kömək edir. Ümumiyyətlə, yeni texnologiyalar günəş panellərinin və onların köməyi ilə istehsal olunan elektrik enerjisinin dəyərini azaltmağa imkan verir. Onların ölkəmizdə tətbiq edilməsi üçün vaxt lazımdır.
Deməliyəm ki, Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır.
Müsahibəni hazırladı:
Pünhan ƏFƏNDİYEV
XQ