20 milyard kubmetr Azərbaycan qazı Avropada şaxələndirməyə töhfə verəcək

post-img

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib 

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibə verib. 

AZƏRTAC müsahibəni təqdim edir.  

AzTV-nin əməkdaşı: Bizim televiziyaya və AZƏRTAC-a bu mühüm müsahibəni verdiyiniz üçün təşəkkür edirəm. Sizin səfərinizlə bağlı təəssüratlarınızı bilmək istərdik. Biz bilirik ki, bu gün Siz bizim Prezidentimiz İlham Əliyevlə görüşmüsünüz və demək olar ki, artıq Sizin səfərinizlə bağlı ilk nəticələr əldə edilib. Siz, eyni zamanda, bizim ikitərəfli əməkdaşlığımızın gələcəyi ilə bağlı da danışdınız. Bu səfərinizin nəticələri nədən ibarətdir? 

Baş nazir Robert Fitso: Bu səfərlə bağlı təəssüratlarımı bölüşmək üçün mənə yaratdığınız fürsətə görə təşəkkür edirəm. Həqiqətən də bu, Azərbaycana Baş nazir olaraq etdiyim çox mühüm və ilk səfərdir. Qonaqpərvərliyiniz məni məmnun etdi. Sizin Prezidentlə görüşdüm və çox praqmatikdir, konstruktivdir, həm daxili, həm də xarici siyasətdə praqmatik şəxsiyyətdir. Düşünürəm ki, biz bu sahədə eyni keyfiyyətləri bölüşürük. Eyni zamanda, bu, mənim də yanaşmamdır. Deməliyəm ki, mən başqa ölkələrin daxili işlərinə qarışmayan siyasətçiyəm və hər bir ölkə öz yolunu seçmək haqqına malikdir. Yenə də deyirəm, əgər bir-birimizə bu şəkildə hörmətlə yanaşsaq, əminəm ki, əməkdaşlığımız fərqli keyfiyyətə malik olacaq. Prezidentinizi beşinci mandatı münasibətilə təbrik etmək istəyirəm. Proqramı imkan verdiyi zaman Slovakiyaya səfərə dəvət etdim və Onu eyni səviyyədə qonaqpərvərliklə, dostluqla qarşılayacağıq. 

Azərbaycanla problemimiz yoxdur. Həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə xarici siyasətdə fərqli fikirlərə sahib olmadığımızı gördük. Qarşılıqlı ticarət dövriyyəmizin həcmi çox aşağıdır. Bu, təxminən 70 milyon avrodan bir az çox təşkil edir. Aktiv balans Slovakiya tərəfindədir. Bu, maşınqayırma sənayesinə aiddir və bunun da təxminən 75-80 faizi Slovakiya avtomobil sənayesinin payına düşür. Səfərin hazırlanması zamanı təbii ki, bu, nəzərə alındı. Slovakiyada belə bir məsəl var: 10 işi eyni anda görə bilməzsiniz. Ona görə də cənab Prezidentlə bizim üçün vacib olan 3 əsas sahəyə diqqət ayırmağı razılaşdırdıq. 

Azərbaycan Prezidentini və xalqını ərazi bütövlüyünü bərpa etdiyi üçün təbrik etmək istərdim. Slovakiya olaraq Qarabağdakı yenidənqurma işləri ilə maraqlanırıq və “Ağıllı kənd” layihəsində slovak şirkətləri iştirak edir. Bildiyimə görə işlər ilkin mərhələdədir. Cənab Prezident bu layihənin davam etdirilməsində maraqlı olduğunu bildirdi. Slovakiya şirkətləri kiçik hava limanının inşasında da iştirak edə bilər. 

Hərbi sənaye sahəsində də iştirak etmək mümkündür. Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm. 

Azərbaycan təbii qazının Slovakiyaya idxalını da həyata keçirə bilərik. Detallara varmaq istəməzdim. Rusiya və Ukrayna bəlli səbəblərə görə Avropaya artıq qaz ixrac edə bilmir. Slovakiyaya böyük həcmdə qazın gətirilməsində təbii ki, maraqlıyıq. İldə təxminən 20 milyard kubmetr qazdan  söhbət gedir. Bu, Avropaya gələn qazın böyük ölçüdə şaxələndirilməsinə töhfə verəcək. Bu müqavilənin imzalanmasına çox yaxınıq. Cənab Prezidentin çox praqmatik və dost yanaşmasını gördüm. Eyni zamanda, O, təcrübəli siyasi xadimdir, bir çox məsələdə həmfikirik. Ölkənizlə bağlı məlumat almaq istədim və Prezidentiniz çox səmimi idi. Qarabağdakı əməkdaşlıqdan, enerji və müdafiə sahəsindəki əməkdaşlıqdan bəhs etdik. Bu üç sahədə Prezidentinizlə əməkdaşlıq etməyə hazırıq. Çox gözəl qonaqpərvərliyinizə görə bir daha təşəkkür etmək istəyirəm.

Azərbaycan tərəfi səfər zamanı Slovakiya nümayəndə heyəti üçün gözəl şərait yaratdı. Əvvəllər səfərlər az olmayıb, sadəcə, səfər xatirinə səfər etməyin tərəfdarı deyiləm.  

AZƏRTAC-ın əməkdaşı: Maraqlı cavabınız üçün sizə təşəkkür edirik, cənab Baş nazir. Aydın şəkildə görünür ki, Azərbaycan–Slovakiya əlaqələri əməkdaşlıq əlaqələridir və son illərdə inkişaf edir. Bratislavada Azərbaycan səfirliyi açılıb, eyni zamanda, artıq yüksək səviyyəli səfərlərin sayı artıb. Bizim ikitərəfli əməkdaşlığımız müsbət dinamika ilə artmaqdadır. 

Baş nazir Robert Fitso: Avropa İttifaqı ilə bağlı bir fikir söyləyəcəyəm, amma bunu bəyənməyəcəklər. Əvvəlcə onu demək istəyirəm ki, Bratislavada ticarət nümayəndəliyinizin açılması ilə bağlı Prezidentinizlə danışdım. Məncə, Mərkəzi Avropanı əhatə etmək üçün Bratislava uyğun yerdir. Bu şəhərin coğrafi mövqeyinə baxdığımız zaman görərik ki, Avstriyanın paytaxtı cəmi 70 kilometr məsafədədir. Macarıstanın paytaxtı Budapeştlə məsafə isə 100, ya da 120 kilometrdir. Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bir üçbucaq yaranır. 

Bizim iş adamları da hökumət üzvləri ilə birlikdə nümayəndə heyətimizin tərkibindədir. Burada da, Slovakiyada da hərbi sərgilərdə iştirak edə bilərlər. Bu barədə razılaşdıq. Altı aydan sonra yenidən Bakıya gələcəyəm. Çünki bildiyiniz kimi, COP29-a evsahibliyi edəcəksiniz. Cənab Prezident də il ərzində Slovakiyaya səfər etsə, çox gözəl olar. 

Avropa İttifaqı ilə bağlı bir fikir söyləyəcəyəm, məncə orada bunu bəyənməyəcəklər. Avropa İttifaqı özünə aşiqdir. Özünü dünyada ən yaxşı yer olduğuna və başqalarına dərs vermək haqqına sahib olduğuna inandırıb. Amma digər ölkələr bizdən daha yaxşı ola bilər. Bəzən mənə elə gəlir ki, Avropa İttifaqında imkanlar getdikcə azalır. Avropa İttifaqında nəyin normal, nəyin anormal olmasını öyrənmək üçün mübarizə aparırıq. Bu yaxınlarda Strasburqda Avropa Parlamentinə seçkilər olacaq. Ancaq seçki kampaniyasında kimin ən yaxşı sosial və iqtisadi şərait yaradacağı haqqında söhbət getmir. Məni bağışlayın, bu kampaniyada bəzi yerlərdə 2 və ya 3 ayaqyolu olması müzakirə edilir, transgenderlərdən bəhs olunur. Bu mövzular indi orada – Avropada dəbdədir. Amma cəmiyyətə heç bir irəliləyiş gətirmir. Avropa İttifaqı çox ambisiyalı olmağa başlayıb və bu da bizim üçün zərərlidir. Gəlin, yaşıl enerji məsələsinə baxaq. Bu, Avropa İttifaqı sənayesinə açıq şəkildə ziyan vuracaq. Biz 2035-ci ildə artıq yanacaqla işləyən avtomobillər istehsal etməyəcəyimizə söz verdik. Müharibə və Ukrayna üçün çox pul xərcləyirik. Biz bunu Avropa İttifaqı üçün xərcləyə bilərik. Əsəblər tarıma çəkilir, çünki suveren və müstəqil fikirlərə hörmət itməkdədir. Boyun əysəniz sizi rahat buraxacaqlar, heç bir problem olmayacaq. Amma suveren fikrinizi bildirsəniz, problemlər yaşayacaqsınız. 

Bu gün sizin Prezidentlə danışarkən mən qarşımda dünyanın gedişatını tam anlayan bir şəxsi gördüm. Gələcək əməkdaşlığımızın daha da inkişafı üçün bazanın olması məni həqiqətən sevindirir. Bu səfər hər iki tərəf üçün yaxşı başlanğıc nöqtəsini təşkil edir. Əksi çox üzücü olardı. Bu gün çox maraqlı mövzulardan bəhs etdik və bunu davam etdirmək yaxşı olardı. Daha tez-tez görüşlər keçirməyə çalışacağıq. Bir az əvvəl dediyim kimi, görüşlər gərək öz bəhrəsini versin. Bütün bu səfərlər, sadəcə, səfər xətrinə olmasın. Ona görə də bu səfərlərin sayı artırılmalıdır, amma bu səfərlər öz töhfəsini verməlidir. 

AzTV-nin əməkdaşı: Bəli, cənab Baş nazir, Siz Avropa İttifaqının daxilindəki bəzi problemlərdən danışdınız. Biz də ölkəmizə süni müdaxilələri, Avropa İttifaqından olan siyasətçilərin müdaxilələrini hiss etmişik. Məsələn, 30 il müddətində Avropa İttifaqından olan bəzi siyasətçilər ağızlarına su alıb susmuşdular, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını sanki görmürdülər. İndi isə onlar süni şəkildə problemlər yaradırlar və Azərbaycana həmlə edirlər. Deyirlər ki, Azərbaycan Ermənistana hücum edərsə, biz Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyik. Amma bizim xalqımız Avropa İttifaqının bu siyasətçilərindən açıq şəkildə soruşmaq istəyir – niyə sizin bu 30 ildə bizim ərazilərimizin Ermənistanın işğalı altında olduğu zaman səsiniz çıxmırdı. Ona görə də biz çox yaxşı başa düşürük, Sizin problemləri də yaxşı anlayırıq ki, Avropa İttifaqında daxili problemləriniz var. Məhz bunu qeyd etmək istərdim, cənab Baş nazir. 

Baş nazir Robert Fitso: Bu cür münasibət Avropa İttifaqının imicini aşağı salır. Bu, ikili standartlardır, çünki Avropa İttifaqında bunlar var. Ukraynadakı müharibəyə gəlincə, Avropa İttifaqının çərçivəsində tez bir zamanda bəzi sanksiyalar tətbiq etmək üçün razılığa gələ bilirik. Amma Qəzzaya gəlincə, razılığa gələ bilmirik. Çünki Avropa İttifaqının öz xarici siyasəti mövcud deyil və Atlantik okeanın o biri sahilinə üz tutur, oraya baxır və ABŞ-ın nə edəcəyini gözləyirik. Sizi Slovakiyanın daxili işləri ilə yormaq istəmirəm. Məni düzgün başa düşün, cənab jurnalist. Bütün Avropa bilir ki, 2000-ci illərdə Slovakiyada müxalifətə qarşı cinayət hüququndan sui-istifadə edilib. O zaman mən də müxalifətdə idim. Məni də cinayət törətməkdə ittiham ediblər və az qala həbs edəcəkdilər. Bu ittihamlar iqtisadi məsələlərə görə deyil, siyasi xarakter daşıyırdı. Avropa İttifaqı və Avropa Komissiyası Slovakiyada olan hadisələr barədə heç nə demədi. Çünki o vaxt Slovakiyada Avropa İttifaqının hər bir dediyini icra edən hökumət var idi. Ukraynadakı müharibə ilə bağlı isə Avropa İttifaqında fərqli düşünürlər. Vəziyyət dəyişir. Təkrar edirəm, bu müharibənin həlli hərb yolu ilə deyil. Sadəcə, Avropada yox, bütün dünyada məsələyə obyektiv baxan qüvvələr var. AŞPA-da nümayəndə heyətiniz olmadan siz hansı dialoqdan söhbət edə bilərsiniz? Cənab Prezidentlə görüşdə mən dedim ki, Avropa İttifaqının tamhüquqlu üzvü olaraq Şengen və avronun bir hissəsiyik. Kiçik ölkəyik, odur ki, hər zaman bizim fikirlərimizi nəzərə almırlar. Təəssüflər olsun ki, Avropa İttifaqında böyük və balaca ölkələrə bölünmüş bir vəziyyət hökm sürməkdədir. Bunu obyektiv şəkildə etiraf etmək lazımdır. Deməliyəm ki, sizin ölkənizlə bağlı Avropa İttifaqında məsələlər müzakirə olunarkən biz öz mövqeyimizi obyektiv şəkildə bildiririk. Mən bunu cənab Prezidentə də açıq şəkildə dedim ki, biz özümüz də Azərbaycan kimi böyük ədalətsizlik yaşamışıq. Çünki Azərbaycanın Avropa İttifaqına iddia etməməsini başa düşürəm. Bu cür hissləri mən dəfələrlə yaşamışam. Biz əməkdaşlığa davam etmək istəyirik. 

AzTV-nin əməkdaşı: Üzr istəyirəm, başqa bir sualımız olacaq. Cənab Baş nazir, Avropanın dəyərlərindən danışarkən Fransa Prezidenti bu məsələ ilə bağlı bilirsiniz nə dedi? O dedi ki, bütün hallarda biz Ermənistanı müdafiə edəcəyik. Ona görə də bilmək istəyirik, “bütün hallarda” ifadəsi nə deməkdir, əgər bir ölkə bizim ərazilərimizi 30 il müddətində işğal altında saxlayıbsa? Bu da bizim Fransa Prezidenti cənab Makrona cavabımızdır. Yəni, 2-3 gün bundan əvvəl Fransanın daxili işlər naziri cənab Jerar Darmanən Azərbaycanı ittiham etdi, günahlandırdı. Dedi ki, guya biz Fransada separatizmi dəstəkləyirik. Amma biz nə dedik? Dedik ki, biz insan hüquqlarını, Yeni Kaledoniyada və ya Korsikadakı insanların fundamental hüquqlarını dəstəkləyirik ki, Fransa da bu hüquqları tanımalıdır. Yəni, o insanlar bunu tələb edirlər. Onlar sadə xalqlardır. Məsələn, görə bilərsiniz ki, Korsikada etiraz hərəkatları var, mitinqlər keçirilir. Fransanın daxili işlər naziri Azərbaycanı ittiham etdi və dedi ki, guya biz ermənilərə qarşı soyqırımı törətmişik. Bu, ədalətsiz mövqedir, süni xarakter daşıyır və Avropa İttifaqı liderləri tərəfindən irəli sürülmüş bəhanələrdir, cənab Baş nazir. Əlbəttə, bu, bizim insanlara mənəvi cəhətdən çox toxunur. Siz cavablarınızda Avropa İttifaqında daxili məsələlərinizdən danışdınız, ona görə bu sualı Sizə vermək istədim. 

Baş nazir Robert Fitso: Cənab jurnalist, ikitərəfli əlaqələrdən bəhs etməyin mənim üçün çətin olduğunu yəqin ki, anlayarsınız. Amma narahat olmayın, sualdan qaçmayacağam. İndi isə təsvir etdiyiniz vəziyyətə tətbiq ediləcək ifadə var: böyük və güclü olan ölkələr çox vaxt ədalətli olmurlar. Amma ədalətli olmaq istəyəndə də böyük və güclü olmursunuz. Bu, beynəlxalq siyasətdə tez-tez görünür. Fransa ilə əlaqələrinizdəki bu gərginliyi görürəm. Sizin ölkənin - Azərbaycanın daxili işlərinə qarışmadığım kimi, Fransanın da daxili işlərinə qarışmıram. Yəni, bu, ölkələrin daxili işləridir. Amma Slovakiyanın da daxili işlərinə qarışılarsa, o zaman danışa bilərəm. Məsələn, cənab Makron ölkəmizdə populyar siyasətçi sayılmır və bu prinsipdir ki, mən niyə ondan danışım? Amma Fransa Prezidenti Avropa əsgərlərinin müharibədə iştirakı barədə fikirlərini açıq şəkildə söylədi və mən bunu dərhal, tamamilə rədd etdim. Çünki bu, üçüncü dünya müharibəsinin başlaması olardı. Qaldırdığınız məsələdə bəlkə də bir az səbir lazımdır. Avropa İttifaqında Azərbaycanla baş verənlərlə bağlı çox ölkənin obyektiv yanaşması lazımdır. Ukrayna ilə bağlı da dedim, ərazi bütövlüyü qorunmalıdır. Sizin də ərazi bütövlüyünüzün qorunması lazımdır. Bu, sizin torpaqlarınızdır. Əgər Avropa İttifaqında 3-4 ölkə eyni mövqedən çıxış etsəydi, gərginlik bəlkə də bu səviyyədə olmazdı. Onlar ərazicə balaca ölkənin özünə güvənərək hərəkət etməsini sevmirlər. Bu cür ölkə olmağınızla fəxr etməlisiniz.

AzTV-nin əməkdaşı: Bu cür çıxışlarınız və səmimi şəkildə dediyiniz sözləriniz üçün Sizə təşəkkür edirəm, cənab Baş nazir. 

AZƏRTAC-ın əməkdaşı: Mən də Sizə təşəkkür edirəm. Enerji təhlükəsizliyi də Slovakiya və Azərbaycanın prioritetlərindən biridir. Xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı roluna gəlincə, artıq layihələrdən bəhs edilir. Bu layihələrlə bağlı danışmaq istərdinizmi? Hər hansı təşəbbüslər varmı? 

Baş nazir Robert Fitso: Bu layihə ilə bağlı həmrəyliyə gəlincə, böyük həcmdə yatırım lazımdır. Bu, qısamüddətli yox, ortamüddətli həll yoludur. Yəni, mən ölkəm Slovakiya üçün “Həmrəylik Halqası”ndan bəhs edirəm. Bu layihələr Avropa İttifaqı fondları və Avropa Komissiyası tərəfindən də maliyyələşdirilməlidir. Macarıstan ilə Bolqarıstan arasında mürəkkəb əlaqələr mövcuddur, axının həcmi aşağıdır. Avropa Komissiyası tərəfindən biz hələ də cavab gözləməkdəyik. Düşünürəm ki, bu layihə orta müddət üçün nəzərdə tutulmalıdır. Buna görə də Avropa istiqamətində Ukrayna və Slovakiya infrastrukturundan istifadə etmək fikri ortaya çıxdı. Yəni, bu, oradan gəlməlidir. Biz burada milyardlarla kubmetr tutum həcmi olan borulardan danışırıq. Slovakiyanın istifadəsi üçün 4 və ya 5 milyard kubmetr qaza ehtiyac duyulur. Qalan həcm isə Slovakiyadan tranzit keçərək təbii ki, digər ölkələrə gedə bilər. 

Rus qazına gəlincə, “Qazprom” və Ukrayna şirkəti arasında müqavilə 2024-cü ildə bitir. Yəni, bildiyiniz kimi, müqavilə siyasi və hərbi səbəblərə görə uzadıla bilməz. Ona görə də qazın Azərbaycandan alınmasına qərar verdik. Ukrayna–Rusiya sərhədindən Azərbaycan qazını nəql etmək olar. Beləliklə, tranzit həcm 20 milyard kubmetr təşkil edər. Ukrayna–Azərbaycan–Rusiya əməkdaşlığı sayəsində bu qaz həmin boru ilə Mərkəzi Avropa istiqamətində gedə bilər. Cənab Prezident bu layihəyə maraqla yanaşdı, çünki sizin qazın tranziti üçün o böyük fürsətdir. Prezidentiniz əsl menecerdir, bu layihədən fayda götürməkdə təbii ki, maraqlıdır. Amma təbii ki, bu sahədə də danışıqlara və maliyyəyə ehtiyac var. 

Əminəm ki, bu unikal layihə Azərbaycan qazının Rusiya, Ukrayna və Slovakiya infrastrukturundan istifadə etməklə Avropaya daşınması üçün çox yaxşı marşrutdur. Bu layihə gözəl nəticələr verə bilər. Neft də Slovakiya üçün önəmlidir. Çünki biz tamamilə Rusiya neftindən asılıyıq. Bildiyiniz kimi, Bratislavada böyük neftayırma zavodu var. Sizin neftin keyfiyyəti də hazırda ölkəmizdə araşdırılır. Mən neft üzrə ekspert deyiləm. Amma sizin neft də seçimlərdən biridir və ola bilər. Buna görə də bu layihə üzrə irəliləmək lazımdır. 

Hərbi sahədə olduğu kimi, enerji sahəsində də əməkdaşlıq etmək mümkündür. Slovakiya inkişaf edən bir ölkədir. Bəlkə də külək və günəş enerjisi sahəsində də nələrsə edə bilərik. Yəni, bizim ölkə inkişaf edir. Bu sahədə əməkdaşlığa tamamilə hazırıq. Bildiyiniz kimi, bu sahədə bizim böyük təcrübəmiz var. Yəni, əlaqələrin inkişafı üçün biz hər zaman hazırıq, təcrübəmizi də sizinlə bölüşə bilərik. Dediyim kimi, istər külək enerjisi olsun, istər günəş enerjisi, istərsə də fotovoltaiklər. Yəni, biz bunlara açığıq.                                                                                                

AzTV-nin əməkdaşı: Cənab Baş nazir, biz sizinlə enerji sektorundakı əməkdaşlıqdan, müdafiə sənayesindən və başqa maraqlı sahələrdən danışdıq. Amma Sizə humanitar sektorla, mədəniyyət sektoru ilə, əməkdaşlıqla bağlı sual vermək istərdim. Çünki bilirsiniz ki, bizim ölkələr və xalqlar arasında tarixi bağlarımız vardır və çox gözəl əlaqələrimiz mövcuddur. Bu sahələrlə bağlı Sizin fikrinizi bilmək istərdik. 

Baş nazir Robert Fitso: Bilirsiniz ki, silahların səsi gəldiyi zaman, incəsənətin susduğunu görmək olar, çünki bu zaman incəsənətin inkişafı üçün heç bir imkan olmur. Yenə də Avropa İttifaqını tənqid edəcəyəm. Avropa İttifaqında Rusiyaya qarşı süni nifrət ab-havası yaradılıb. Mən bunu dəfələrlə demişəm, dəfələrlə. Bu yaxınlarda buz üzərində xokkey çempionatı olacaq və Slovakiya komandasının orada iştirak etməyəcəyi barədə söz-söhbətlər gəzir. Yəni, bizim oyunçularımız orada ölkəmizi təmsil edə bilməyəcək. Bilirsiniz, Bratislava 1944-cü ildə Qızıl Ordu tərəfindən azad edilib. Mən Belarus və Rusiya səfirlərini bu tədbirə dəvət etdim. Çünki bu iki ölkənin əsgərləri o vaxt Qızıl Ordunu təşkil edib. Sizin ölkənizin nümayəndələri də bu Qızıl Ordunun tərkibində olub. Nə oldu? Avropa İttifaqının səfirləri gəlməkdən imtina etdilər. Rus dilindən və mədəniyyətindən heç danışmaq belə istəmirlər. Söhbət mədəni əlaqələrdən gedir. Sizin hökumətlə Azərbaycanda rus dilinin istifadəsindən danışdıq. Nümayəndə heyətindən mənə belə dedilər ki, Ukrayna ilə müharibə gedir, amma rus dili hərbin dili deyil. Yəni, bu dil Ukrayna müharibəsi zamanı yaradılmayıb. Bu gözəl dili Puşkin, Tolstoy kimi insanlar cilalayıb yaradıblar. Siz SSRİ-nin tərkibində olduğunuz üçün ölkənizdə rus dilini yaxşı bilir və bu dildə yaxşı danışırlar. Bu da yaxın mədəni əməkdaşlığa imkan verir. İnsanlar bu dildə ünsiyyət qura bilirlər. Dillər bizi ayırmamalıdır, əksinə, birləşdirməlidir, insanları bir araya gətirməlidir. Əminəm ki, Prezidentiniz Slovakiyaya səfər edərsə, ya da bizim ölkədən kimsə sizin ölkəyə gələrsə, ya Slovakiyada, ya da Bakıdakı səfirliklərimizdə görüşlər olarsa, bu nümayəndə heyətlərinin tərkibində hər zaman təhsil və mədəniyyət sahələrini təmsil edən şəxslər olmalıdır. Beləliklə, mədəni əlaqələri də inkişaf etdirmiş olarıq. Amma indiki səfərin prioriteti iqtisadi məsələlərdir. Çünki ticarət dövriyyəmizin həcmi 75 milyon avro civarındadır və əlbəttə, bu, azdır.

AzTV-nin əməkdaşı: Cənab Baş nazir, müsahibəmizin sonunda belə bir məşhur ənənəmiz var. Biz sözü qonağımıza veririk ki, o, birbaşa bizim Azərbaycan xalqına müraciət etsin. Buyurun, cənab Baş nazir.

Baş nazir Robert Fitso: Asan iş deyil, çünki jurnalistlər müsahibənin axırında son sözü deməyi hər zaman siyasətçilərin öhdəsinə buraxırlar. Azərbaycana ilk səfərimdir. Əvvəllər gəlməyə heç vaxt fürsətim olmayıb. Səfərim bir gün çəkdi. Bu səfərin böyük hissəsi danışıqlara həsr olundu. Bakını təyyarə enərkən səmadan gördüm. Amma hava buludlu idi. Şəhidlər xiyabanında olduq, Vətən uğrunda mübarizə apararkən qətlə yetiriliblər.  Təbii ki, biz Şəhidlər xiyabanında onların xatirəsini yad etdik. 

Cənab Prezident və nümayəndə heyəti ilə danışıqlar barədə deyə bilərəm ki, çox gözəl insanlar gördüm, müdrik insanlardır. Əminəm ki, ölkənizin insanları da belədir. Buna görə də ölkənizi təbrik etmək istəyirəm. Ölkənizə gəlməmişdən əvvəl onun haqqında çox oxudum. Nail olduğunuz uğurlar valehedicidir və suverenliyinizi bərpa etmisiniz, öz yolunuzu seçmisiniz. Sizin üçün nəyin ən yaxşı olduğunu özünüz yaxşı bilirsiniz. Suveren və məğrur xalqınız var. Qonaqpərvərliyə görə Slovakiya nümayəndə heyəti adından sizə bir daha təşəkkür etmək istərdim. Çox dostcasına qarşılandım. Təyyarədən endiyim andan etibarən bunu hiss etdim. Bütün bunlar üçün sizə dərin təşəkkürümü bildirirəm. Mənə verdiyiniz fürsət üçün də sizə təşəkkür edirəm. 

AzTV-nin əməkdaşı: Çox maraqlı və faydalı müsahibə üçün təşəkkür edirəm, cənab Baş nazir. Bu, bizim televiziya və eyni zamanda, AZƏRTAC üçün çox önəmli müsahibə idi. Sizdən müsahibə almaq bizim üçün həm zövq, həm də böyük şərəfdir, cənab Baş nazir, təşəkkür edirəm.

Baş nazir Robert Fitso: Mən sizə təşəkkür edirəm, sağ olun.

Müsahibə