“APA MEDİA GROUP”a daxil olan APA televiziyası Ailə TV, CityNet, Ultel və digər kabel televiziyaları, həmçinin İPTV platformalarında yayıma başlayıb.
“Ailə TV”-nin rəqəmsal yayımında APA TV-ni izləmək üçün 19-cu Ailə TV-nin İPTV platformasında isə 79-cu kanalı seçməlisiniz. “CityNet”də APA TV-yə baxmaq üçün 11-ci kanalı, “Ultel” də isə 44-cü kanalı seçmək lazımdır. APA TV-nin yayım vaxtı səhər 08-00-dan gecə 02:00-a qədər artırılıb.
APA TV-nin kabel televiziyası ilə ölkə daxilində və xaricdə yayıma başlaması yeni verilişlərin yaranmasını, məsuliyyətin artırılmasını, yeni kadrların qəbul edilməsini və digər məsələləri aktuallaşdırır. Bunlarla bağlı kanalın baş direktoru Orxan Məmmədli ilə həmsöhbət olduq.
– APA TV-nin yayıma başlaması, yəqin ki, qarşınıza yeni vəzifələr qoyur. Hansı yenilikləriniz olacaq?
– APA internet televiziyası olaraq onlayn strukturda fəaliyyətə başlayıb. Əvvəllər APA-nı təkcə kompüter arxasında əyləşən, mobil telefonla səhifələrimizə daxil olan tamaşaçı kütləsi izləyə bilirdi. 30 noyabr 2022-ci ildə APA televiziyasına Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən platforma yayımçısı lisenziyası verilib. Bundan sonra kabel televiziyalarında fəaliyyətimizi davam etdirdik. Müəyyən qədər təhlillərdən, araşdırmalardan sonra əsaslı şəkildə martın əvvəlindən kabel televiziyalarında çıxış edirik. Artıq əlində televizor pultu olan hər kəs divanında əyləşərək bizi izləyə biləcək. Bu, həm də məsuliyyətimizi artırır. Çünki auditoriyamız böyüyür, müxtəlifləşir, rəngarəngləşir. Müxtəlif yaş kateqoriyasına, fərqli peşə sahələrinə aid verilişlərimiz olacaq. Bu istiqamətdə yeniliklərimiz var və zaman-zaman ictimaiyyət bunlardan xəbər tutacaq. Hədəfimiz yerüstü peyk yayımçısı olmaqdır və eləcə də, geniş tamaşaçı kütləsi qazanmaqdır.
– Yayımınızın əsasını hansı proqramlar təşkil edəcək?
– Yayımımızın əsasını xəbərlər təşkil edəcək. Bəzi platformalarda APA TV-ni CNN, BBC, “Al Jazeera”, “Bloomberg”, “France-24” və digər böyük xəbər kanalları ilə eyni sıraya daxil ediblər. Bu, təsadüfi deyil. Çünki APA böyük xəbər istehsalçısıdır, əsas konseptimiz xəbərlə bağlıdır. Növbəti mərhələlərdə xəbərlərlə yanaşı, sosial, əyləncəli, maarifləndirici verilişlərə də yer verəcəyik.
– Bunun üçün kadr potensialınız varmı? Yəqin ki, yeni əməkdaşlar, aparıcı simalar cəlb edəcəksiniz?
– Kadr seçiminə tələsmirik. Hər şeyə pillə-pillə çatmağı düşünürük. “Gec olsun, güc olsun” fikrinə əsaslansaq, kadr seçimi elə olmalıdır ki, seçdiyimiz şəxs bizimlə bu yolu gedə bilsin. Ola bilər, iş təcrübəsi olmaz, nələrisə bilməz, əsas odur ki, bizim komandanın ruhuna uyğun olsun, biz olmayanda belə işimizi həmin şəxsə etibar edə bilək. Məsələn, sadəcə olaraq, evə gedəndə kompüterləri söndürməyi, elektriki keçməyi, qapını bağlamağı etibar edə bilək. Bununla yanaşı, bütün təşəbbüslərə, ideyalara, layihələrə də açığıq, qiymətləndirə bilərik.
APA TV-nin yayımını həyata keçirən kabel televiziyaları həm də xaricdə yayımlandığı üçün müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, eləcə də həmin ölkə vətəndaşları da bizi izləyə biləcəklər. Bu, bizim üçün məsuliyyətdir. Artıq 19 ildir Azərbaycan mətbuatı bizə istinad edir. Əhali “APA deyirsə, düzdür” deyərək bizi izləyir. Bundan sonra dəqiqliyi qorumalıyıq, biz nə deyəcəyiksə, düz deməliyik. Düz deməklə yanaşı, sanballı, maarifləndirici, lazımlı verilişlərimizlə insanların qarşısına çıxmalıyıq.
– Sizə fəaliyyətinizdə uğurlar arzu edirik.
– Təşəkkür edirik. Hər zaman jurnalistlərdən, ictimaiyyətdən gələn təkliflərə açığıq.
Hazırladı:
Rizvan FİKRƏTOĞLU
XQ