Dostluq mənəvi sərvətdir

post-img

Müsahibimiz Milli Məclisin deputatı Anatoli Rafailovdur

– Gəlin, söhbətimizə dostluq kimi ülvi bir mövzudan başlayaq. Sizcə, insanlar, eləcə də xalqlar arasında əsl dostluq necə olur?

– Məncə, dostluq ya olur, ya da ol­mur. Yəni, dostluq olan yerdə əsl, həqiqi epitetlərinə lüzum qalmır. Məsələn, Azərbaycan və yəhudi xalqlarının ara­sında tarixin ağır sınaqlarından çıxmış dostluq formalaşıb. 

Bu iki xalqın övladları əsrlər boyu bir-birlərinə dərin hörmət və ehtiram bəsləyiblər. Fikrimcə, bu inam, etibar və sədaqət böyük sərvətdir və hər iki xalq üçün əziz və dəyərlidir. 

Dostluq, həqiqətən, böyük nemət­dir, onun qədrini bilmək lazımdır. Bunu həm azərbaycanlılar, həm də yəhudilər yaxşı başa düşürlər, bu gözəl ənənəni qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək əzmindədirlər. 

– Siz Qubada yəhudilərin kompakt yaşadığı Qırmızı Qəsəbədə doğulub boya-başa çatmışınız, deyilmi? 

– Mən əslən qubalıyam, ulu babala­rım oradandır, özüm isə Bakıda anadan olmuşam. Bizim evimiz “Beşmərtəbə” tərəfdə idi. Uşaqlığım, yeniyetməlik və gənclik illərim həmin o məhəllədə keçib. İndi hər dəfə oradan ötüb keçəndə ani olaraq artıq şirin xatirələrə çevrilən o dövrü xatırlayıram, dostlar, doğmalar yadıma düşür. 

Məhəllədə dostlarım arasında di­gər millətlərdən də vardı. Ümumiyyətlə, Azərbaycan xalqında millətçilik, kseno­fobiya, antisemitizm, digər mənfi xüsu­siyyətlər yoxdur və biz bunu heç vaxt görməmişik, hiss etməmişik. 

Məktəb illərindən yadımdadır, qon­şuluqda bir azərbaycanlı yaşlı qadın vardı. Dostumun nənəsi idi. Məni öz nəvəsindən ayırmazdı. Dostumun ci­binə bir şəkərbura qoyanda, mənə ikisi­ni verərdi. Deyərdi ki, sən boylu-buxun­lusan, sənə bir şəkərbura çatmaz. Azərbaycanlılar ən yaxşı tikəsini qona­ğa verirlər və son tikələrini belə dostlar­la bölüşürlər. 

Çox təəssüf ki, XX əsrin 90-cı illərin­də erməni millətçilərinin ideologiyasına uyan Ermənistan Azərbaycana qarşı torpaq iddiası qaldırdı və ölkəmizin 20 faiz ərazisini işğal etdi, Xocalıda və di­gər yerlərdə soyqırımları törətdi. Amma Azərbaycan xalqı böyük xalqdır, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında antiterror əməliyyatın­dan sonra ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa etdi. 

– Sosial şəbəkələrdə sizin deputat kimi fəaliyyətinizlə bağlı xoş sözlər yazılır...

– Mən son parlament seçkilərində 53 saylı Quba–Qusar seçki dairəsindən Mil­li Məclisə deputat seçildiyim üçün həmin bölgədə tez-tez oluram, oraları, demək olar ki, kəndbəkənd, evbəev tanıyıram.

Təbii ki, hər dəfə Şimal zonasına gedəndə Qırmızı qəsəbəyə də baş çə­kirəm. Yəhudilər burada yerli sakinlər­dən hər zaman özlərinə qarşı diqqət və qayğı görüblər. Keçmişdə də belə olub, bu gün də belədir. 

Sizə bir sirr açım. Bu qəsəbədə do­ğulub boya-başa çatan yəhudilərin bir çoxu indi Manhettendə (Nyu-York), Lon­donda, Arbatda (Moskva) yaşayır. On­ların hər biri ildə ən azı bir dəfə Qırmızı qəsəbədəki ata-baba ocağını ziyarət etməyi özlərinə borc bilirlər. 

– Eşitmişəm ki, bəzən yerlərdə se­çicilərlə görüşləriniz zamanı insanla­rın xahişlərini nəzərə alaraq, elə ora­daca onlara dava-dərman yazırsınız...

– O da olur. Axı, mən həkiməm, 47 il praktik həkim kimi fəaliyyət göstər­mişəm. Seçicilərimin çoxu mənə “dok­tor” deyə müraciət edirlər. Nə gizlədim, belə müraciət ürəyimcə olur. 

Bəzən elə problemlər olur ki, onların həlli üçün yüksək səviyyəli instansiya­lara çıxmalı oluram. Məsələn, bir fakt deyim. Bir müddət əvvəl Qubanın Digah kəndindən olan bir qazinin təcili böyrək köçürülməsinə ehtiyacı yaranmışdı. O günlərdə çox qapılar döydüm, sağ ol­sunlar, sözümü eşitdilər. Göydə Allahın lütfü, yerdə yaxşı insanların köməyi ilə qazinin həyatı xilas olundu. 

– Yeri gəlmişkən, həyat yoldaşınız Elmira xanım da həkimdir. İki həkim bir evdə dil tapa bilirmi? 

– Biz 40 ildən çoxdur bir yerdəyik. Bəzən dostlarım azərbaycanlı xanımla ailə qurmağın müsbət və mənfi cəhət­ləri barədə soruşurlar. Mən açıq və düz adamam. Deyirəm ki, xanımım çox mehriban və ailəcanlı insandır. 

Biz həmişə ailədə biri-birimizə hör­mət və diqqətlə yanaşmışıq. Evimizdə həmişə həm Azərbaycan milli bayram­ları, həm də yəhudi milli bayramları qeyd olunub. 

– Siz Milli Məclisdə Azərbaycan–İsrail parlamentlərarası komissiyası­nın rəhbərisiniz. Avropada, İsraildə, ABŞ-da tez-tez olursunuz. Azərbay­cana oralarda münasibət necədir? 

– Bu suala görə çox sağ olun. Əlimi sinəmin üstünə qoyub tam səmimiyyət­lə cavab verirəm: Müstəqil Azərbaycan bu gün dünyada sayılıb-seçilən dövlət­lərdəndir. 

İkinci Dünya müharibəsindən sonra dünyada heç bir xalqa işğal altında olan torpaqlarını geri almaq nəsib olmayıb. Azərbaycan ağır silahlar istətmədən Şuşanı düşməndən azad edən igidlərin Vətənidir. Bu, böyük hünərdir!

Həm də, axı, Qarabağ tarixən Azər­baycan torpağıdır. Hüquq da, mənəvi və ilahi ədalət də Azərbaycanın tərə­fində idi. Bunu sübut etmək üçün Azər­baycan dövləti və xalqı özündə güc tapdı. 

Tarixi Zəfərimizdə bütün xalqların töhfəsi olub. Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın yəhu­di əsilli vətəndaşları da doğma torpaq uğrunda canlarını belə əsirgəməyiblər. Fikrimcə, təkcə əfsanəvi tankçı, Mil­li Qəhrəman Albert Aqarunovun adını çəkmək kifayətdir. 

Yeri gəlmişkən, Albert 1992-ci il ma­yın 8-də, Şuşanın süqutu günü qəhrə­mancasına həlak olub. Bu gün digər şəhidlər kimi, onun da ruhu şaddır! 

2023-cü ildə Azərbaycan dövləti öz ərazi suverenliyini təmin edib. Bu, ta­rixə qızıl hərflərlə yazılan möhtəşəm hadisədir. Bütün bunlar Azərbaycanın dünya birliyində hörmətini çox artırıb. İndi Azərbaycanın adı gələndə hər yer­də bizimlə daha çox hesablaşırlar, bizə daha hörmətlə yanaşırlar. Bu, hər döv­lətə, hər xalqa nəsib olmur! 

Tarixi böyük şəxsiyyətlər yaradır. Çağdaş dünyada Ali Baş Komandan, Prezident İlham Əliyev olduqca qətiy­yətli, prinsipial və strateji düşüncəli döv­lət başçısı kimi tanınır. Bu gün Azərbay­can özünün yüksək inkişaf və intibah dövrünü yaşayır. 

– Nəhayət, son sual. Qarşıdan 2024-cü il gəlir. Yeni ildən gözləntilə­riniz nədir? 

– Bu gün təkcə Cənubi Qafqazın deyil, bütün dünyanın sülhə, dialoqa, əməkdaşlığa ehtiyacı var. Azərbaycan dövləti bu istiqamətdə lazım olan bütün addımları atır. Kaş Ermənistan dövləti və əhalisi bunun nə qədər vacib olduğu­nu başa düşə biləydi. 

Gələn il fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Zərrə qədər şübhə etmirəm ki, zəmanəmizin ən görkəmli siyasətçilərindən olan, çox hörmətli dövlət başçımız İlham Əliyev bu dəfə də tam azad və demokratik yol­la növbəti müddətə prezident seçiləcək. 

Bu, danılmaz bir həqiqətdir ki, hara­da cənab İlham Əliyev var, orada uğur, zəfər, ədalət və inkişaf var. Bu dahi si­yasətçinin başçılığı ilə Azərbaycanı yeni zəfərlər gözləyir. Xalqımıza yeni qələ­bələr arzu edirəm! 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Müsahibə